Dəfn mərasimlərində kütləvilik şərt deyil

Vacib əməlləri yerinə yetirmək üçün 2 nəfər də yetərlidir

İlahiyyatçı-alim: “Çünki insanın özünü qoruması ilahi bir vəzifədir, Allah qarşısında məsuliyyətdir”


“Koronavirus pandemiyası bir çox sahələrdə olduğu kimi yas mərasimlərinə də təsirsiz ötüşmədi. İndi insanlar yas mərasimlərini əvvəlki qaydada, bir yerə toplaşaraq israfçılıqla kütləvi şəkildə keçirə bilmirlər. Ona görə də karantin rejimi yas mərasimləri barədə yenidən düşünmək və israfçılıqdan uzaq olmaq üçün fürsət ola bilər”.



Bu sözləri ilahiyyatçı-alim Hacı Atif İsmayılov “Şərq”ə açıqlamasında bildirib. İlahiyyatçının sözlərinə görə, bu gün pandemiya dövrü səbəbindən yas mərasimlərində xeyli dəyişiklik olub. İlahiyyatçı dini nöqteyi-nəzərdən pandemiya səbəbindən baş tutan yas mərasimlərində heç bir uyğunsuzluq olmadığını diqqətə çatdırıb:

“Əvvəllər hüzürü düşən insan bilmirdi ki, dəfnlə məşğul olsun, yoxsa yas mərasiminin təşkili və ya ərzaq tədarükü ilə maraqlansın. Bəzən insanlar məcburiyyət qarşısında qalaraq borc-xərc edib yas mərasimlərini təmtəraqla keçirməyə çalışırdılar. İndi isə pandemiya səbəbindən yas mərasimlərinin kütləvi təşkili dayandırıldı. 

Qeyd edim ki, dini nöqteyi-nəzərdən yas mərasimlərində iştirak etmək vacib məsələ deyil”.

Dini mərasimdə əsas öhdəliyin dünyasını dəyişən insanın yuyulması, qüsullanması, kəfənlənməsi və torpağa tapşırılması olduğunu vurğulayan ilahiyyatçı bildirib ki, bu, islam dininin bizə tövsiyə etdiyi vacib əməllərdəndir:

“Bu əməllər insanların boynunda ilahi bir qulluqdur. Bunu 3-5 nəfər belə yerinə yetirərsə, digərlərinin boynundan da məsuliyyət götürülmüş olur.

Amma bütövlükdə səhlənkarlıqla yanaşılarsa, hamı bütövlükdə günahkardır. Dəfn mərasimlərində və vacib əməllərin icrasının kütləvi şəkildə təşkili dinin vacib prisiplərindən deyil. İnsan dünyasını dəyişəndə onun cənazəsində çox insanın iştirak etməsi, dua xarakteri daşıyır.

Amma vacibatı yerinə yetirmək üçün azı 2 nəfər də yetərlidir. Qaldı vacibatdan sonra yerdə qalan bəzi məsələlər var ki, dəfn mərasimi baş tutduqdan sonra insanların yenidən bir yerə yığışması, yas mərasimi verməsi dində şərt hesab olunmur. Bunun ölən insana heç bir faydası yoxdur. Əsas savab duaların oxunmasıdır. İslamda daha çox üstünlük “Quran” məclisinin qurulmasına verilir. Gələcəkdə bu formada sadə yas mərasimləri təşkil olunarsa, daha yaxşı olar.

Hazırkı dövrdə bizim yaşadığımız pandemiya dövründə xəstəliklərin ciddi fəsadı varsa, dinimiz də bu məsələyə həssas formada yanaşır. Çünki insanın özünü qoruması ilahi bir vəzifədir, Allah qarşısında məsuliyyətdir”.

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu