Parlament tarixində bir ilk yaşanır

Yeni seçilmiş gənc deputatlar sosial şəbəkə üzərindən hesabat verirlər

Məhərrəm Zülfüqarlı: "Deputatların hesabatlılığı inkişaf etdirməsi ictimai nəzarətin güclənməsinə səbəb olacaq. Ümid edirik, parlamentdə illərlə “ağzına su alıb” oturan millət vəkilləri özlərində məsuliyyət hiss edərək, hərəkətə gələcəklər"


Milli Məclisin yeni deputatlarının bir neçəsi fəaliyyət göstərdikləri 6 ayın hesabatını veriblər. Parlamentin yeni üzvləri sosial şəbəkə üzərindən canlı yayımla bugünədək nə iş gördüklərini, hansı təklifləri irəli sürdüklərini diqqətə çatdıraraq seçicilərin və digər vətəndaşların suallarını cavablayıblar. Son bir həftə ərzində Vüqar Bayramov, Anar Məmmədov, Kamal Cəfərov, Şahin Seyidzadə, Bəhruz Məhərrəmov və başqa gənc parlamentarilərin açıq hesabatı feysbuk istifadəçiləri tərəfindən müsbət dəyərləndirilib. 10-15 il deputat mandatı daşıdığı halda bir dəfə də olsun hesabat təqdim etməyən millət vəkillərinin də cəmiyyətə açıq olması tələb olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Milli Məclisin üzvü Erkin Qədirli də sosial şəbəkədə özünün 5 aylıq gəlir və xərcləri barədə hesabatını bölüşmüşdü. Lakin deputatın bu addımı birmənalı qarşılanmamışdı. Bəziləri bildirmişdi ki, gəlir və xərclərin hesabatını verincə, parlamentdəki fəaliyyətinin hesabatını versəydi, daha yaxşı olardı. Bir qisim insanlar isə onun atdığı addımı təqdirəlayiq hesab edirlər və bəyan edirlər ki, millətin seçdiyi deputat həm gəliri, həm də fəaliyyəti barədə davamlı hesabat verməyə borcludur.

Ancaq millət vəkili Vüqar Bayramov düşünür ki, ictimaiyyət hər bir millət vəkilinin nə qədər əməkhaqqı alması barədə məlumatlara malikdir. Bu səbəbdən deputat mütəmadi olaraq sosial şəbəkə və ya media vasitəsilə daha çox fəaliyyət istiqamətləri ilə bağlı məlumatları ictimaiyyətlə bölüşür və bunun daha məqsədəuyğun olduğunu düşünür:

“Seçicilərim üçün hansı fəaliyyətləri həyata keçirməyim, qanunvericilik orqanında nə məsələ qaldırmağım, təklif və tövsiyələrlə çıxış etməyim daha vacibdir. Deputatın maaşı ilə bağlı hər hansı qaranlıq məqam yoxdur. Hər bir kəs internet vasitəsilə axtarış edib, həmin məlumatları əldə edə bilər”. 

Yeni deputatların hesabatlılıq prinsipinə önəm verməsini “Şərq”ə təhlil edən AVCİYA-nın eksperti Məhərrəm Zülfüqarlı deyib ki, bütün deputatlar seçkiqabağı verdikləri vədlərə əməl etməlidir.

Ekspertin sözlərinə görə, seçkidən bir neçə ay keçdikdən sonra hansı deputatın vədinə əməl edib-etmədiyi bəlli olur: “Milli Məclisin əvvəlki çağırış üzvlərindən fərqli olaraq yeni deputatların sosial şəbəkədə açıq hesabat verməsi müsbət addımdır. Bunun ənənə halını alması və parlamentin hər sessiyasından sonra təkrarlanması təqdirəlayiq hal olar.

Artıq qatar yola çıxıb. Əgər deputat 6 aydan sonra hesabat təqdim etməsə, onun ötən müddət ərzində heç bir iş görmədiyi məlum olacaq. Vaxtaşırı hesabat təqdim etmək gənc deputatların həm özü üçün stimuldur, həm də indiyə qədər hesabat verməyən əvvəlki yaşlı parlament üzvləri üçün təkanverici addımdır. Lakin əsas sondakı nəticədir.

Gənc deputatların təkliflərinə necə reaksiya verilib, cəmiyyət hansı faydanı götürüb, seçici üçün maraqlı olan budur. Hesabat vermək naminə mənasız və xeyirsiz təkliflər irəli sürmək lazım deyil.

Ümumi anlamda deputatın cəmiyyət və seçiciləri qarşısında davamlı hesabat verməsi parlament tarixində müsbət tendensiyadır. Hiss olunur ki, gənclər özünü yaxşı göstərir və məsuliyyətlərini dərk edirlər”. 

M.Zülfüqarlının fikrincə, bəzi deputatların fəaliyyəti ilə yanaşı maliyyə durumunu açıqlaması da şəffaflığın göstəricisidir:

“Bugünə qədər heç bir deputat maddi gəliri ilə bağlı suala cavab verməyib. Əgər indi yeni deputatlardan kimsə açıq formada gəlirlərini ictimaiyyətə söyləyirsə, bunu müsbət dəyərləndirmək lazımdır. Deputatların hesabatlılığı inkişaf etdirməsi ictimai nəzarətin güclənməsinə səbəb olacaq.

Ümid edirik, parlamentdə illərlə “ağzına su alıb” oturan millət vəkilləri özlərində məsuliyyət hiss edərək, hərəkətə gələcəklər. Artıq onların da sükutu pozulacaq.

Düzdür, başqa şəxslərin aldığı məvaciblə maraqlanmaq normal hal sayılmır. Amma millətin seçdiyi vəkillər bu barədə məlumat verməyə borcludur”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu