Dövlət şirkətlərinin bəzi sahələri özəlləşdirilməlidir


Vahid Əhmədov: "Ölkə başçısının birbaşa rəhbərliyi altında atılan addımlar müəyyən qədər nəzarət mexanizmini gücləndirəcək"

Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan “Azərbaycan İnvestisiya Holdinqi” ətrafında müzakirələr davam edir. Dövlət şirkətlərinin fəaliyyətinə nəzarəti həyata keçirəcək bu qurumun təsis edilməsi struktur islahatlarının tərkib hissəsi və idarəetmə sahəsində növbəti yenilik kimi dəyərləndirilir. Belə bir qurumun formalaşması nəticəsində dövlət müəssisələrinin fəaliyyəti təkmilləşdiriləcək. Onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığı və iqtisadi səmərəsi yüksəldiləcək. 

Yeni qurumla bağlı “Şərq”ə fikirlərini bölüşən millət vəkili Vahid Əhmədov dövlət şirkətlərinə nəzarət edən xüsusi bir qurumun yaradılmasını təqdirəlayiq hal hesab edib. Lakin deputat düşünür ki, qurumun idarə heyətində və müşahidə şurasında kimlərin yer alacağı məsələsi çox önəmlidir:

“Bu iş üçün kifayət qədər təcrübəli insanlar lazımdır. Bəhs edilən dövlət qurumları çox ciddi təşkilatlardır. SOCAR, AZAL, Dəmir Yolları dövlətin taleyini həll edən qurumlardır. Onlara nəzarət mexanizmini həyata keçirmək üçün yeni yaradılan İnvestisiya Holdinqinə ciddi kadrlar cəlb edilməlidir. Dövlət qurumlarına nəzarət funksiyasını icra etmək Nazirlər Kabinetinin birbaşa vəzifəsidir.

Lakin indiki halda nəzarəti icra etmək NK-yə həvalə edilməyib. Görünür, dövlət başçısı daha ciddi problemlər mövcud olduğu üçün xüsusi qurumun yaradılmasına qərar verib”. 

Parlament üzvü vurğulayıb ki, dövlət şirkətlərində ciddi struktur dəyişikliklərinə ehtiyac var:

“Dövlət şirkətlərinin bir çox sahələri əllərində saxlamasına zərurət yoxdur. Struktur islahatları aparılmalı və özəlləşdirmə prosesi getməlidir. Hesab edirəm ki, ölkə başçısının birbaşa rəhbərliyi altında atılan addımlar müəyyən qədər nəzarət mexanizmini gücləndirəcək. Bundan sonra dövlət qurumları aldıqları vəsaitləri hara sərf etdiklərinin açıq hesabatını verəcəklər.

Digər tərəfdən dövlət büdcəsində maliyyələşmə məsələsində müəyyən irəliləyişlər olacaq. Həmin qurumların müəyyən hissələri özəlləşdirilməlidir ki, büdcədən asılı olmasınlar. Onu da qeyd edim ki, dövlət şirkətləri Maliyyə Nazirliyinin zəmanəti ilə böyük məbləğdə kreditlər götürüblər.

Bundan sonra kredit veriləndə ciddi araşdırmaq lazımdır ki, kreditin götürülməsi dövlət büdcəsinə xeyir verəcəkmi, alınan pul geri ödənəcəkmi? Əgər İnvestisiya Holdinqi fəaliyyətini bu istiqamətdə qurarsa, müsbət nəticələr əldə etmək mümkün olar”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu