Yeni terror yuvası salınır

Livan ermənilərinin Qarabağda məskunlaşmasının qarşısı alınmalıdır

"Rəsmi Bakı danışıqlardan geri çəkilməli, bu ərazilərdəki hərbi obyektləri və infrastrukturları vurmalıdır"


Beyrutdakı partlayışdan sonra açınacaqlı şəraitdə yaşayan Livan ermənilərinin vəziyyəti bir qədər də ağırlaşıb. Ermənilərin sıx məskunlaşdığı Hacin, Mar Mixail və Bed Xəlil rayonları partlayışın baş verdiyi əraziyə kifayət qədər yaxın məsafədə yerləşir. İranda dərc edilən “Araks” nəşrinin redaktoru, analitik Movses Keşinyanın sözlərinə görə, son vaxtlar Livan ermənilərinin iqtisadi vəziyyəti o dərəcə pisləşib ki, onların bir qismi yaşamağa və qidalanmağa çətinlik çəkirlər. Keşinyan hesab edir ki, İrəvan hökuməti ilk növbədə məhz bu cür livanlıları Ermənistana qaytarmalıdır: “ABŞ, Kanada və digər ölkələr Livandan mühacirlərinə qapılarını açana qədər Ermənistan hərəkətə keçməlidir.

Fürsətdən istifadə etməliyik. Çünki bizim üçün bu, həm demoqrafik, həm də döyüş gücümüzü artırmaq üçün yaxşı bir imkandır. Yəni onların vasitəsilə erməni əsgərlərinin sayını artıra bilərik”.

Məlumat üçün deyək ki, bir müddət öncə Türkiyə-Azərbaycan Dostluq Cəmiyyəti rəhbərinin müavini Sərdar Ünsal da Livan ermənilərinin işğal altındakı Qarabağa göndərildiyini söyləmişdi.

Ünsal vurğulamışdı ki, Beyrutdakı partlayışdan sonra ermənilərin böyük zərər gördüyünü iddia edən Livan-Ermənistan İnqilabi Federasiyası erməniləri Qarabağa yerləşdirməyə hazırlaşır:

“Partlayışdan bəhanə kimi istifadə edərək Qarabağda kütləvi şəkildə yerləşməyi planlaşdırırlar. Onların məqsədi Qarabağda yaşayan ermənilərin sayını 300-500 minə çatdırmaqdır. Suriya, Livan və digər ölkələrdən olan ermənilər Dağlıq Qarabağ və ətraf ərazilərdə yerləşdirilirlər”. Qeyd edək ki, hazırda rəsmi rəqəmlərdə 140 minə yaxın göstərilsə də, faktiki olaraq bütün Qarabağ ərazisində 60 min civarında erməni yaşayır.

İrəvan hökumətinin çirkin niyyətini “Şərq”ə təhlil edən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Livan ermənilərinin Qarabağda məskunlaşmasının qarşısı alınmalıdır. Analitikin sözlərinə görə, Livan, ermənilərin sıx məskunlaşdığı və böyük icmaya malik olan ölkədir:

“Livan erməniləri Azərbaycana qarşı işğal müharibəsində yer alıblar və Qarabağda terrorda xüsusi “aktivlik” nümayiş etdiriblər. Livanda baş verənlər Azərbaycana da təsirsiz ötüşmür. Çünki Qarabağdakı qondarma rejim Livan ermənilərinə yardım paketləri göndərib. Separatçı rejimin başçısı Arayik Arutunyan Klikiya erməni katalikosu I Armanla əlaqə saxlayaraq 150-yə yaxın erməni ailəsinin Qarabağa köçürülməsini təklif edib. Bu təklif katolikos tərəfindən müsbət qarşılanıb. Kilsənin təlimatları ermənilər üçün daima əsas olub və məhz Qarabağda yerləşdirilən ermənilər kilsə tərəfindən koordinasiya edilib”. 

Siyasi şərhçi vurğulayıb ki, Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi zaman-zaman baş verib. Yenidən Livan ermənilərinin Qarabağa köçürülməsi burada yeni terror qruplaşmasının yaradılmasına gətirib çıxara bilər:

“Bu da ASALA terror təşkilatının yenidən dirçəlməsinə, Qarabağda təlim düşərgələri açmasına geniş imkanlar yaradar. Livan ermənilərinin Azərbaycanın işğa olunmuş ərazilərinə köçürülməsi baş verərsə, rəsmi Bakı danışıqlardan geri çəkilməli, bu ərazilərdəki hərbi obyektləri və infrastrukturları vurmalıdır. Ermənilər o qədər arxayındırlar ki, Qubadlı və Zəngilanda qəsəbələr salıb, xaricdən erməni ailələrini bu ərazilərə köçürürlər.

Bu, Qarabağ danışıqlarında Azərbaycana qarşı mesajdır ki, biz bu ərazilərdən çıxmaq fikrində deyilik və sülh danışıqlarında maraqlı deyilik. Beynəlxalq təşkilatlara və Minsk Qrupunun həmsədrlərinə müraciət etsək də, Ermənistan heç bir çağırışa məhəl qoymur. Ona görə də Ermənistanla beynəlxalq hüquq dilində yox, hərbi güc dilində danışmalıyıq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu