İran satdığı neftin pullarını ala bilmir

Tehranın maliyyə çətinliyinə məruz qoyulması terrorçuluğu maliyyələşdirməklə bağlıdır

İran müxtəlif dövlətlərin banklarında dondurulan pul vəsaitlərinin geri qaytarılması istiqamətində müxtəlif addımlar atır. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, neft satışından əldə edilən pullar sanksiyaların nəticəsi kimi İrana qaytarılmır. Lakin rəsmi Tehran İran xalqına məxsus olan bu pulları ölkəyə qaytarmaq əzmindədir.

Nazir bildirib ki, bəzi xarici ölkələrin banklarındakı pulların əvəzinə İrana lazım olan mallar alınacaq. Qeyd edək ki, İranın Cənubi Koreya bankında 80 milyarda yaxın pul vəsaiti var. Lakin İran bu pulları geri ala bilmir.

Rəsmi Seul bəyan edib ki, pullar yalnız ABŞ-ın razılığı ilə qaytarıla bilər. İran isə Koreyanı məhkəmə ilə hədələyir. Nazir bildirib ki, Cənubi Koreya pulları qaytarmasa İran kimi bazarı itirə bilər və əməkdaşlıq əlaqələrinə son qoyular. Rəsmi Seul ölkə banklarında İrana məxsus pulların olduğunu etiraf edir. Lakin sanksiyalara görə hələlik pulları qaytarmağa tələsmir. 

Rəsmi Tehranın çırpınışlarını “Şərq”ə təhlil edən politoloq Azər Qasımov deyib ki, İran İslam Respublikası qurulduğu 1979-cu ildən hər zaman iqtisadi sanksiyalar altında olub:

“Neft-qaz sənayesi İran iqtisadiyyatının başlıca sahəsidir və ölkə gəlirinin 90 faizini təşkil edir. Ölkədə maşınqayırma, qida və tekstil sahələri də inkişafdadır. Maşınqayırma sənayesinin tərəqqisində Almaniya və Böyük Britaniya şirkətlərinin rolu böyükdür. Ölkəyə xaricdən ağır metallurgiya, kimya sənayesi, polad, dəmir, kağız və s. məhsulları idxal olunur.

İranın əsas ticarət əməkdaşları Türkiyə, BƏƏ, Yaponiya, Almaniya, Böyük Britaniya və İtaliyadır. Lakin 2019-cu ildən tətbiq edilən neft gəlirlərinin yarısından məhrumetmə haqqında sanksiyalar İranda inflyasiyanı kəskin artırıb. ABŞ-ın sanksiyaları nəticəsində İran 10 milyard dollar gəlirdən məhrum olub.

Tehran nüvə məsələsinə aydınlıq gərirməyənədək Amerikanın təzyiqlərindən qurtulmayacaq. Əgər Vaşinqton Cənubi Koreyanın İrana məxsus pulları qaytarması müqabilində şərt irəli sürərsə, ilk şərt nüvə silahı istehsal etmək cəhdlərinə son verilməsi olacaq. Aradakı gərginliyin səbəbi də nüvə silahı ilə bağlıdır. Lakin Ağ Evin başqa tələbləri də var”. 

Analitik hesab edir ki, Tehran rejimi həmin pulların əhəmiyyətli hissəsini “Hizbullah”, “Sepah” və “İran Şiə Milisləri” kimi terror təşkilatları siyahısında adları çəkilən qruplaşmaların maliyələşməsinə sərf edə bilər:

“Bu qruplar, ABŞ-ın Suriya, İraq, Fələstin, Yəmən, Livan kimi ölkələrdəki strateji maraqlarına mane olur. O baxımdan Tehranın maliyə çətinliyinə məruz qoyulması həmin qrupların maliyyələşməsini kəsmək məqsədi güdür.

İran terrorçu qruplar vasitəsi ilə ABŞ və  İsraillə mübarizə aparır. Tehranın sanksiyalardan qurtulmasının və pullarını geri almasının bir yolu da terrorçuları maliyyələşdirməkdən vaz keçməsidir. Əgər Tehran bu şərti qəbul edərsə, Yaxın Şərq, Şimali Afrika qitəsində olan maraqlarını itirmiş olar.

İranın razılaşmaya gedəcəyi ehtimalı azdır. Tehranın molla rejimi müasir dünya ilə ayaqlaşan hakimiyyətlə əvəz edilərsə, İran xalqı bütün təzyiqlərdən birdəfəlik xilas olar”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu