Mədəniyyət Nazirliyində İşçi Qrup yaradılıb

Fazil Mustafa: "Bu cür İşçi Qruplarının yaradılmasını çox görmüşük. Son nəticədə isə  müsbətə doğru heç bir  dəyişiklik müşahidə olunmayıb"


Mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə yerli və xarici ekspertlərdən ibarət İşçi Qrup yaradılıb.

İşçi Qrupun yaradılmasında məqsəd mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, mədəniyyətdə şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması, mədəniyyət sahəsində iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirilmə modelinin qurulması, müasir menecment üsullarının uğurlu tətbiqi ilə mədəniyyət sahəsində effektiv idarəetmənin formalaşdırılması və milli yaradıcı potensialın reallaşdırılması üçün optimal platformaların yaradılması ilə bağlı təkliflər paketi hazırlamaqdır.

Millət  vəkili Fazil Mustafa isə "Sherg.az"a açıqlamasında  yaradılan İşçi Qrupu ilə bağlı gözləntilərinin bir o qədər də yüksək olmadığını deyib: "Düzü, həmin İşçi Qrupda kimlərin təmsil olunması ilə bağlı məlumatlı deyiləm. Əgər formal şəxslərdirsə, onda bu qrupun fəaliyyətindən heç bir yenilik gözləməyə dəyməz.

Biz müxtəlif qurumların nəzdində bu cür İşçi Qruplarının yaradılmasını çox görmüşük. Son nəticədə isə  müsbətə doğru heç bir  dəyişiklik müşahidə olunmayıb. Ümid edirəm ki,  Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə yaradılan bu qrupda mədəniyyət sahəsinə aidiyyəti olan peşəkar kadrlar  toplanıb  və bu istiqamətdə real addımlar atılacaq".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu