İki nazir eyni anda Türkiyədədir

Diplomatiyanın, hərbi əməkdaşlığın yeni planları cızılır

"Ortada konkret mesaj var. Bakı xarici siyasət kursunda yenə də Ankaraya arxayın olacaq"

Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə  rəsmi səfər edib. Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan C.Bayramovu qəbul edib. Görüşdə hazırda Türkiyədə səfərdə olan Müdafiə naziri Zakir Həsənov da  iştirak edib. 
Daha sonra  Xarici işlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanın Xarici işlər naziri Türkiyənin Xarici işlər naziri ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın bütün məsələlərdə Türkiyənin yanında olduğunu bəyan edib.  Onun sözlərinə görə, Türkiyə ilə münasibətlərin daha da genişlənməsi, dərinləşməsi Azərbaycan siyasətinin əsas istiqamətlərindəndir:

"Qardaş Türkiyə hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir. 12 iyul tarixində Ermənistanın törətdiyi təxribat zamanı da biz qardaş Türkiyənin bu dəstəyinin şahidi olduq. Buna görə, mən həm öz adımdan, həm Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.
Azərbaycan hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəkləyir və Türkiyənin yanındadır. Burada göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm".

Sonda Ceyhun Bayramov Mövlud Çavuşoğlunu Azərbaycana dəvət edib. Dəvəti qəbul edən Türkiyə XİN rəhbəri Azərbaycanda özünü evindəki kimi hiss etdiyini bildirib və tezliklə Azərbaycana səfər edəcəyini qeyd edib.

Türkiyədən Naxçıvana təbii qazın çatdırılması strateji layihədir

“Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ilk sıradadır”. Bunu isə  Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Türkiyə Azərbaycandan ixrac edəcəyi təbii qazın həcmini gələcəkdə daha artıracaq: “Biz daha iki layihənin həyata keçirilməsinə üstünlük veririk. Bunlardan biri, Qars-Naxçıvan dəmir yolu xəttidir. İkinci isə Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılmasıdır ki, bu da strateji layihədir. Digər tərəfdən, mədəniyyət, təhsil sahələrində, universitetlər arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilib”.

Azərbaycan  hansı həll yolunu seçərsə yanında olacağıq

Dövlət sərhədində  baş verən təxribata toxunan Türkiyə XİN rəhbəri  12 iyulda Ermənistanın Azərbaycana hücum etdiyini xatırladıb: "Türkiyə Cümhuriyyəti olaraq o gün nə söylədiksə, bu gün də eyni şeyləri söyləyirik. Bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bu problemin səbəbi nədir? Ermənistan illərdir Azərbaycan torpaqlarının 20 faizini işğal edir. Bu günə qədər bütün qərarlara, BMT, Avropa Şurası kimi qurumların qərarlarına baxmayaraq, Ermənistan bu problemin həllinə yaxın durmayıb.
Bu hücumlarla etibarlı ortaq olmadığını bütün dünyaya göstəribdir. Ortada çox dəqiq qərarlar var. Bəs bu qərarlara baxmayaraq problem niyə həll edilmədi? Bunun səbəbi başda Minsk Qrupu olmaqla beynəlxalq ictimaiyyətin səmimi səy göstərməməsidir. Bu problemin sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyət və xüsusən də Minsk Qrupu səmimi şəkildə səy göstərməlidir. Bu işlər diplomatiya yolu ilə həll edilməlidir. Ancaq qardaş Azərbaycan da hansı həll yolunu seçərsə yanında olacağıq”. 

Qeyd edək ki, Zakir Həsənovun Türkiyədə olması ictimaiyyətdə maraq doğurub. Bu barədə heç bir rəsmi açıqlama olmadığından Müdafiə nazirinin hansı səbəbdən qardaş ölkədə olması müəmmalı olaraq qalıb. 

Hərbi ekspert Azad İsazadənin sözlərinə görə, Xarici işlər nazirinin ilk rəsmi səfərini qardaş ölkəyə etməsi təbii bir prosesdir. Prezident seçkilərindən sonra da ölkə başçısı ilk səfərini məhz Türkiyəyə edir. Bu artıq  hər iki ölkə üçün bir ənənəyə çevrilib: "Azərbaycan bununla özünə ən yaxın və sadiq müttəfiq kimi Türkiyəni seçdiyini bütün dünyaya nümayiş etdirir. Zakir Həsənovun hansı səbəbdən Türkiyəyə getməsinə gəldikdə isə bu barədə  rəsmi açıqlama olmadığından konkret bir fikir bildirməkdə çətinlik çəkirəm. Çox güman ki, müdafiə naziri  Azərbaycan-Türkiyə birgə təlimlərinin nəticələrini türkiyəli həmkarları ilə  müzakirə etmək  üçün qardaş ölkəyə səfər edib. Amma niyə bu barədə ictimaiyyətə məlumat verilməyib, bu barədə heç nə deyə bilmərəm.  

Bakı xarici siyasət kursunda yenə də Ankaraya arxayın olacaq


Hər iki nazirin Türkiyə səfərini "Şərq"ə dəyərləndirən  politoloq Azər Rəşidoğlunun sözlərinə görə, Ceyhun Bayramovun ilk xarici səfərini Türkiyəyə etməsi artıq konkret mesajdır. Deməli, Bakı xarici siyasət kursunda yenə də Ankaraya arxayın olacaq:

"Nazir Ceyhun Bayramovun Türkiyəyə səfərini iki ölkə arasında daha sıx inteqrasiyanın yeni mərhələsi də adlandırmaq olar.
Onunla birlikdə səfərdə Müdafiə naziri Zakir Həsənov da olub. Bu isə aparılan danışıqların eyni zamanda iki ölkə arasında daha sıx siyasi və hərbi əməkdaşlığı ətrafında olduğundan  xəbər verir.

Məlum olduğu kimi, Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır.

11 avqust 1992-ci ildə imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq edir. Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində çoxsaylı azərbaycanlı hərbçi təhsil alıb.

Hazırda azərbaycanlı hərbçilərin bir qrupu Türkiyənin təhsil müəssisələrində təhsillərini davam etdirir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən təşkilinə kömək etmək məqsədilə hər il müəyyən kvotalar daxilində Türkiyədə azərbaycanlı hərbi qulluqçular təhsil alırlar. Bütün bunlar, həmçinin Türkiyənin milli regional maraqları və milli təhlükəsizlik sənədləri ilə bağlıdır. 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb.

Bu sənədlər dünyada və bölgədə mövcud olan reallıqlara uyğunlaşdırılır. Sözügedən sənədlərdə Cənubi Qafqaz bölgəsi də Ankara üçün strateji prioritetlərdən hesab edilir. Bu baxımdan, Cənubi Qafqaz ölkələri ilə, xüsusilə də Azərbaycanla hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir".

Türkiyə həm Ermənistana, həm də havadarlarına Azərbaycanın tək olmadığını nümayiş etdirir

 Türkiyə Prezidenti Ərdoğanın hazırkı təhlükəli durumda Azərbaycana dəstək verməsini ölkəmiz üçün  müsbət əhəmiyyətli  hal kimi dəyərləndirən politoloqun fikrincə,  Azərbaycanla Türkiyə arasında hərbi məsələlərdə razılıq var: "Bu da olduqca müsbət haldır. Beynəlxalq vəziyyət olduqca təhlükəlidir və Azərbaycana qarşı Rusiya mətbuatı, məmurları, parlamenti tərəfindən müxtəlif hədələr gəlir. Yəni bu səpkidə Azərbaycan gərək dəqiq surətdə bilsin ki, əgər ona qarşı əsgəri addım atılsa, Türkiyə onunla bərabər bunu dəf etməyə hazırdır. Onu da unutmaq olmaz ki, Türkiyə Azərbaycanla həm milli, həm mənəvi, həm dini bağlarla bağlıdır. Tovuzda Ermənistanın Azərbaycan ərazisinə hücum etməsi nəticəsində yaranmış vəziyyət də Azərbaycanın bundan sonra Türkiyə ilə daha sıx hərbi təlimlər keçirməsi məsələsini gündəmə gətirdi. Türkiyə də həm Ermənistana, həm də Ermənistanın havadarlarına Azərbaycanın tək olmadığını nümayiş etdirir.

Ona görə də bu hərbi təlimlərin Azərbaycan ərazisində keçirilməsi, bizim hərbçilərin hərbi bacarıqlarının yüksəldilməsi, NATO sistemi üzrə ordu quruculuğu və inkişaf etmiş hərbi-texniki metodlardan istifadə məsələləri, həmçinin müasir dünyada döyüş aparmaq keyfiyyətlərinin yüksəldilməsi baxımından xeyli faydalıdır və bir millət - iki dövlət prinsipinin daha da möhkəmlənməsinə xidmət edən amildir. Digər tərəfdən, bu gün daha aktual olan Türkiyə-Azərbaycan-Gürcüstan hərbi blokunun yaradılması ideyasına da ciddi yanaşmaq lazımdır. Türkiyə bölgədə olduqca mühüm oyunçuya çevrilmək şansına malikdir.

Bu baxımdan, Azərbaycanla imzalana biləcək daha sıx hərbi əməkdaşlıq barədə saziş maraqlarımıza çox cavab verir. Belə gedişat NATO-nun da maraqlarına cavab verir. Bölgəni Rusiyanın təsirindən azad eləmək üçün Türkiyəyə böyük rolların ayrılması ağlabatandır. Bakı-Ankara-Tbilisi hərbi koalisiyasının müzakirəsi belə, Rusiyanın qıcığıına səbəb olur.

Bu baxımdan, rusların Qarabağ separatçılarını yeni savaşa sövq etməsi variantı da meydana çıxır. Lakin Türkiyənin Rusiya əleyhinə sanksiyalarda iştirak edə biləcəyi ehtimalı Moskvanı tərəddüddə saxlayır.

Türkiyə-Azərbaycan-Gürcüstan hərbi blokunun yaradılması Rusiyanı daha da aqressivləşdirə bilər. Lakin yaranmış vəziyyətdən bəhrələnmək üçün belə bir sənədin imzalanması son dərəcə mühüm görünür. Sazişə əsasən, Azərbaycana qarşı hərbi əməliyyatlar keçirilərsə, Türkiyə hərbçiləri buna seyrçi qala bilməzlər.

Prinsip etibarilə, Türkiyə ilə imzalanması gözlənilən saziş Qarabağın qaytarılma perspektivində də işıq yandırır. Bu baxımdan, şanlı Türkiyə Ordusu ölkəmizdə alqışlarla qarşılandı". 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu