Aygün Bal aləmi qatdı

“Qaz ilə Göyərçinin əhvalatı” kitabçası ciddi tənqid olundu

Kamran Əsədov: "Orada öyrədici və düşündürücü heç nə yoxdur"

Sevinc Elsevər: "O mətni nəinki uşaqlara, böyük oxuculara oxudanda belə ordan heç bir tərbiyə almırlar"


"Söylədi eşqini Qaz Göyərçinə,
Dedi: “Vurulmuşam nə vaxtdır sənə...”
Evli olduğunu bilsə də Qazın,
Artırdı bir az Göyərçin nazın". 

Sosial şəbəkələrdə ciddi tənqid olunan bu misralar  Aygün Bal adlı şəxsin azyaşlı oxucular üçün nəzərdə tutulan “Qaz ilə Göyərçinin əhvalatı” kitabçasında yer alıb. Kəskin şəkildə tənqid edilən bu vəsaitin mövzu və ideyası, yer alan sözlərə görə, şagirdin yaş xüsusiyyətinə və psixologiyasına uyğun olmadığı qeyd olunub. 

Kitabça müstəqil müəllif tərəfindən tərtib olunsa da istifadəçilər azyaşlılar üçün öyrədici olmayan bu cür vəsaitlərin nəşrinə görə Təhsil Nazirliyini də kəskin ittihamlarla tənqid ediblər. Müəllif isə  əksinə, bu vəsaitin uşaqların estetik təcrübəsində müəyyən rol oynayacağına ümid edir: "Ailə-məişət fonunda qələmə aldığım  "Qaz ilə Göyərçinin əhvalatı" adlı şeirimdən ibarət bu ilk kitabım balalarımızın ürəyincə olacaq, onların əxlaqi və estetik tərbiyəsində müəyyən rol oynayacaqlar".  

Təhsil eksperti Kamran Əsədovun sözlərinə  görə, bu cür nəşrlərə nəzarət və onun satışının tənzimlənməsinin çox sadə bir yolu var:

“Azyaşlı uşaqlar üçün istənilən vəsait çap olunmamışdan əvvəl senzuradan keçib qrif almalıdır. Məsuliyyət daşıyan yoxdur deyə, hərə bir kitab çıxarır. Mövcud qanunvericiliyə görə bu cür nəşrlərə nəzarəti Təhsil Nazirliyi həyata keçirmir”.

Ekspert bildirib ki, bu cür halların bir daha təkrarlanmaması üçün müvafiq qurum formalaşdırılmalıdır:

“Müstəqil Dərslik Mərkəzinin yaradılmasını təklif etmişəm. Hətta dərsliklər belə müstəqil qurum tərəfindən yoxlanılsın. Ona görə hər kəs məsuliyyət daşısın. Mövcud prosedur və yoxlamalardan sonra çap edilsin. Ondan sonra bir də belə bir şey olmayacaq”.

K.Əsədov sosial şəbəkələrdə tənqid edilən kitabçanın müsbət tərəflərindən də danışıb: “Mən 6 ay dərsliklər üzrə beynəlxalq təlim almışam. Bu vəsaitdə istifadə olunan şəkil və illüsturasiyalar çox yaxşıdır. Vəsaitin şrift ölçüləri, parlaqlığı da normaldır. Oxucu şəkillər üzrə xəyal qura bilər. Amma şeirin və mətnin məzmunu şagirdin yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil. Vəsaitin prinsipləri pozulub. Ümumiyyətlə, orada öyrədici və düşündürücü heç nə yoxdur”.

“Mücrü” uşaq jurnalının baş redaktoru, yazarı Sevinc Elsevər isə hesab edir ki, sözügedən misraları yazan müəllifin özü  belə nə yazdığının fərqində deyil:

"Həmin kitabda müəllif mətni uşaqlar üçün yazdığını dili ilə deyir. Kitabçanın içərisində  müəllifin şəkli və yazdığı həmin alleqorik şeir haqqında fikirləri var. Özü də deyir ki, uşaqların tərbiyəsi üçün çalışır. Absurd bax burdadı. Müəllifin öz rəyi olmasa, yenə deyə bilərdi ki, böyüklər üçün yazmışam, götürüb uşaqlar üçün çap ediblər. Hazırda müəllifin heç cür bəraəti yoxdur. Kitabı çap edən nəşriyyatdan isə bilmirsən nə danışasan!?  Elə bilirlər ki, alleqorik obrazlar ağızlarına gələni danışsa da, uşaqlar oxuya bilər.

Yox, elə deyil axı. Nə olsun qazla, göyərçin danışır? Bax gör nə danışır da? Üstəlik, hələ dərd təkcə bu da deyil. O mətni nəinki uşaqlara, böyük oxuculara oxudanda belə  ordan heç bir tərbiyə almırlar. Hətta o mətn  böyük adamın tərbiyəsini pozur desək daha doğru olar. Qaz evli ola-ola göyərçinə vurulub. Göyərçin də qazın puluna.

Ortada pis olan da dişi qazdır. O da yəqin ki, pullu ərini müdafiə edir. Göyərçin də sülh quşu olduğuna görə,  üstünə hücum çəkən dişi qazın qarşısında susur. Sülh quşu olmasa, neyləyəcəkdi? Bunları deməkdə məqsədim odur ki, o mətn heç böyüklər üçün də yaramır. Yəni, satirik mətn kimi də alınmayıb. Bu şeir müəllifin  dünyagörüşünün həddindən artıq  bəsit olduğunu ifşa etməkdən başqa bir işə yaramır". 

S.Elsevərin sözlərinə görə, bizim  ən böyük bədbəxtliyimiz odur ki,  valideynlər  uşaqlar üçün aldıqları kitabı heç doğru-dürüst oxumurlar. Açıb baxırlar ki, içində qaz, göyərçin şəkli var, vəssalam, deməli uşağa almaq olar:

"İlk növbədə valideynlər məsuliyyətli və diqqətli olsalar, yaxşı olar. Nüfuzlu nəşriyyatların tövsiyə etdiyi nəşrləri alsınlar. Daha yaxşı olar ki, müəllimlər bu sahədə kömək olsunlar. Ədəbiyyat siyahısı hazırlasınlar, uşaqlara və valideynlərə təqdim etsinlər. Bu cür mətnlər də ictimai qınağa tuş gəlir onsuz da. Onların heç biri qalmayacaq. Elə yada salıb güləcəyik".




Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu