Məktəbli ilə cinsi əlaqədə olan müəllimə çıxarılan hökmdən protest verildi - RƏSMİ

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən şəxsin məhkəmənin hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı informasiyalar yayılıb.

Lent.az bildirir ki, Baş Prokurorluğun mətbuat xidməti bununla bağlı məlumat yayıb:

“Bildiririk ki, Şəfahət Məmmədovun Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanmaqla ittiham aktını 2020-ci il iyunun 16-da Lerik rayon prokuroru təsdiq edərək işi baxılması üçün aidiyyəti üzrə Lerik rayon məhkəməsinə göndərib.

Lerik rayon məhkəməsində işə baxılmasında iştirak edən dövlət ittihamçısı çıxışında Şəfahət Məmmədovun Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ən yuxarı həddində - 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif edib.

Məhkəmənin iyulun 30-dakı hökmü ilə Şəfahət Məmmədov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmdən dövlət ittihamçısı tərəfindən Şəfahət Məmmədova təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya protesti verilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu