Koronavirusla mübarizədə seroloji testlər keçiriləcək - TƏBİB

"Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar mübarizədə növbəti həftədən seroloji testlərin keçirilməsinə başlanılacaq"
Bunu APA -ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru, TƏBİB Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib. Onun sözlərinə görə, testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq: "Həmin şəxslərə zəng etdikdən sonra razılaşdıqları halda qeydiyyatda olduqları poliklinikada hazırlanmış tibbi heyət həmin şəxslərin evinə yaxınlaşıb qan nümunələri götürəcəklər. Layihənin məqsədi əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir.

Bəzi şəxslər koronavirusu asimptomatik keçirir. Yəni, həmin şəxsin heç bir xəbəri olmur ki, bu xəstəliyi keçirib, ya yox. Testlər vasitəsilə yoxlanılacaq ki, həmin şəxslərdə xəstəliyə qarşı immunitet formalaşıb, yoxsa yox".
Q.Ələkbərova qeyd edib ki, layihəyə Bakı şəhərindən başlanılacaq: "Bakıda 1500-ə yaxın şəxs tədqiqata cəlb olunacaq. Daha sonra Sumqayıt və Gəncə şəhərlərində həyata keçiriləcək. Analizlər tam təmənnasız götürüləcək. Analiz zamanı vətəndaş istəsə, qanın ümumi analizi də ödənişsiz icra olunacaq. Analizlər alındıqdan sonra laboratoriyalara göndəriləcək. Nəticə əldə edildikdən sonra maksimum 2-3 gün ərzində vətəndaşlara məlumat veriləcək. Statistik məlumatlar toplandıqdan, tam nəticələr əldə edildikdən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək".

Q.Ələkbərova bildirib ki, testlər 18-65 yaş qrupunda olan şəxslər arasında aparılacaq: "Bu şəxslər təsadüfi seçilənlərdir. 1-10 yaş arası uşaqlarda immunitetin formalaşması daha gec olur. Onlarda analiz daha çox neqativ nəticə verir. 65 yaş üzərində də nəticələr eynilə digər qrupdakı kimidir. Seçdiyimiz şəxslər hansısa risk qrupuna aid olan şəxslər deyil".

İşçi qrupun rəhbəri vurğulayıb ki, ABŞ-ın FDA qurumu tərəfindən təsdiq edilmiş testlərdən laboratoriyalarda istifadə olunacaq: "Bu testlərin spesifikliyi ondadır ki, yanlışlıq dərəcəsi çox aşağıdır, 100 faizdir, həssaslığı isə 90-96 faiz arasındadır. İstifadə olunan testlər Almaniya istehsalıdır. Etibarlı nəticələr əldə ediləcək".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu