Dərslərin başlanmasına dair bir neçə versiya...

“Qarşıda duran əsas vəzifə virusa yoluxanların sayının azalmasıdır”

“Epidemioloji vəziyyət yenidən kəskinləşsə, dərslərin onlayn formatda keçirilə bilər”

“Hazırda ən vacib nüans əhalinin, insanların sağlamlığı məsələsidir”



Koronavirus səbəbilə aylardır, fəaliyyətini dayandıran təhsil müəssisələrinin nə zaman açılacağı hər kəsi maraqlandırır. Sosial şəbəkələrdə  isə dərslərin başlayacağı tarixlə bağlı müxtəlif versiyalar irəli sürülür.

Son günlər koronavirusa yoluxanların sayının az olması məktəblərin sentyabrın 15-də açılacağına dair ümidləri artırsa da, dünyanı qorxuya salan ikinci dalğa ehtimalı Azərbaycan cəmiyyətində də xof yaradıb. Valideynlərin əksəriyyəti uşaqlarını məktəbə göndərməyə ehtiyat edir, bir qismi də dərslərin yanvarda başlamasını daha məqsədəuyğun hesab edir. 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə artıq  dərslərin nə vaxt başlayacağı ilə bağlı müxtəlif ssenarilər üzrə  müzakirələr aparıldığını deyib: "Bizim həmkar qurumlarla məsləhətləşmələr olduqdan sonra bu tarix bəyan ediləcək. Bu məsələdə qərarın verilməsi təkcə bir qurumdan asılı deyil. Bu, ölkədə sanitar epidemioloji situasiya və şəraitin dəyərləndirilməsindən asılı olacaq. Həm ənənəvi məktəb, həm onlayn dərslər, həm də hibrid forma üzərində işlər gedir. Amma bunların dəyərləndirilməsi və yekun qərarın verilməsi ilə bağlı həmkar qurumlarla müzakirələr aparılır. Müzakirələr məntiqi sona çatdıqdan sonra dərslərin nə zaman və hansı formada keçirilməsi ilə bağlı qərar açıqlanacaq".

Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən deputat, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, yoluxma sayında xeyli azalmalar olsa da, pandemiya təhlükəsi hələ ki sovuşmayıb: 

“Bir sıra dünya ölkələri ikinci dalğa təhlükəsini yaşayır.  Ona görə də, məktəblərin açılması məsələsi sadəcə bizim üçün yox, bütün dünya üçün aktual bir məsələdir. Bu istiqamətdə ciddi müzakirələr gedir.

Bildiyiniz kimi, Almaniyada dərslər başlayıb, Türkiyədə ay sonunda açılması gözlənilir. Eyni zamanda Azərbaycanın təhsil nazirliyi də  məktəblərin açılmasının müzakirə olunduğun deyib.

Təbii ki, nazirliyin verəcəyi qərar birbaşa yoluxma sayından asılı olacaq. Karantin rejiminin yumşalmasından sui- istifadə fonunda  ölkədəki epidemioloji vəziyyət yenidən kəskinləşsə, dərslərin onlayn formatda keçirilməsi məsələsi nəzərdən keçiriləcək". 

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda tədris ilinin nə zaman başlayacağı ilə bağlı indidən nəsə demək çətindir. Bu gün qarşıda duran əsas vəzifə virusa yoluxanların sayının azalmasıdır. Əsas diqqət bu istiqamətə  yönəlib. Məqsəd isə  təhsilin yüksək səviyyədə davam etdirilməsi və bu istiqamətdə fasilənin yaranmasına imkan verilməməsidir: 

"Vətəndaşlar da bu reallığı dərk etməli və yoluxma sayının artmaması üçün mümkün qədər karantin qaydalarına əməl etməlidir.  Hamı bilməlidir ki, tədris ilinin başlanması məsələsinə cari vəziyyəti nəzərə alaraq baxılacaq. Hazırda bizim üçün vacib olan nüans əhalinin, insanların sağlamlığı məsələsidir. Bu baxımdan, hadisələrin gedişatından asılı olaraq, tədris ilinin başlanması əhalinin sağlamlığı üçün təhlükə olarsa, bir neçə versiya nəzərdən keçirilə bilər".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu