“Etirazlar Belarusda ikinci Maydan hadisələri üçün siqnaldır” – AKTUAL 

 “İnsanların da geri çəkilmək fikri yoxdur, Lukaşenkonun getməsini istəyirlər”

“Başqa alternativlər meydana çıxacaq, siyasətçilər aktivləşəcək”

 “Qərb və Ukrayna Aleksandr Lukaşenkonun vəzifədən təcili getməsinə dair bəyanatlar imzalayırlar”


Məlum olduğu kimi, Belarusda prezident seçkiləri başa çatıb. Aleksandr Lukaşenkonun növbəti dəfə prezident seçilməsi əhali arasında narazılıqları artırıb. Qeyd edək ki, hazırkı dövlət başçısı bu dəfə 81 faiz səslə seçkidə qalib gəlib. Onun rəqibi Svetlana Tixanovskaya isə cəmi 8 faiz səs toplaya bilib. Belarusda prezident postu uğrunda 5 namizəd mübarizə aparıb. Onlar Aleksandr Lukaşenko, keçmiş deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır. 
 
 Lukaşenkonun növbəti dəfə prezident seçilməsindən dərhal sonra ölkədə başlayan narazılıqlar Belarusun gələcəyini sual altında saxlayır. Dövlət başçısını ciddi nidalar gözləyir. Amma biz hələlik tələsməyək, üç nöqtə qoyub gözləyək. Necə deyərlər, öz əlləri, öz başları…

Vəziyyəti şərh edən siyasi analitik Rusif Məmmədsoy “Sherg.az”a açıqlamasında Lukaşenkonun yenidən hakimiyyətə gəlməsini belə qiymətləndirib: 
“Aleksandr Lukaşenko Avropanın sonuncu diktatorudur. Bunu təkcə mən yox, bütün Şərq və Qərb ekspertləri deyir. Əslində onun seçkilərdə qəlib gəlməsi elə də təəccüblü deyil. Hər halda siyasətçi cavablar məlum olmazdan iki gün əvvəlki çıxışında söyləmişdir: “Əslində mən sizə kimin qalib gələ biləcəyini deyə bilərəm, amma buna nə ehtiyac var?”.  Bu, çox ciddi iddiadır. Sual yaranır ki, Lukaşenko qalib gələcəyini hardan bilirdi? Bəlkə də, gözlənilən idi. Çünki ölkədə bütün resurslar  Lukaşenkonun əlindədir”. 
 
R.Məmmədsoy, həmçinin Belarus-Rusiya münasibətlərinə də toxunub: 

“Bu əlaqələr təxminən Rusiya-Ukrayna münasibətlərinə oxşayır. Rusiya Belarus haqqında “müttəfiq” ifadəsini işlətsə də, əslində ona Ermənistan kimi bir ölkə lazımdır. Bu isə Lukaşenkonun Putinə münasibətinə təsir göstərir.

Həm də müttəfiqdirlərsə, niyə digər ölkələr qazı Belarusa  Rusiyadan daha ucuz qiymətə satırlar? Lukaşenko bunu bir neçə dəfə deyib. Hətta bir ara Azərbaycan Belarusa yardım da göstərirdi. Deməli, tərəflər arasındakı müttəfiqlik saf deyil. Putin Belarus prezidentinin hansı addımlar ata biləcəyini çox yaxşı bilir.

Buna rəğmən, tərəflər arasındakı münasibətlərin kəskinləşəcəyini düşünmürəm. Bu, nə Lukaşenkoya, nə də Putinə sərf edir. Belarus prezidenti Rusiyaya ehtiyacı olduğunu və digər diktatorlar kimi lazım gəldiyi anda Putinə sığına biləcəyini yaxşı anlayır.

Hətta rəsmi Kremlin daxili narazılıqlara baxmayaraq, Lukaşenkoya kömək etməsi istisna deyil. Putin Lukaşenkonu “parazit” adlandırıb, ondan canının nə vaxt qurtaracağı barədə gileylənsə də, əslində belə bir adam Rusiya hakimiyyətinə sərf edir. 

Ekspert Belarusu bundan sonra çox ciddi hadisələrin gözləyəcəyini də istisna etmir: 

“Bəli, çox güman, elə indilərdə də Belarusda aksiyalar keçirilir. Lukaşenko narazı qüvvələrə qalib gəlməkdən ötrü təzyiq metodlarından yararlanır, hərbçiləri, polisləri əhalinin üstünə tökür. Əgər cəmiyyətə qalib gəlməyi bacarsa, postunda bir müddət qala bilər. Amma, deyəsən, insanların da geri çəkilmək fikri yoxdur.

Unutamayaq ki, müxalifət rəhbəri Svetlana Tixanovskaya elə güclü və tanınan sima deyil. Vətəndaşları maraqlandıran da onun hakimiyyətə gəlməsi yox, sadəcə Lukaşenkonun vəzifəsindən getməsidir. Yəni Svetlana Tixanovskaya alternativ kimi baxırlar. Çox güman, bundan sonra başqa alternativlər meydana çıxacaq, siyasətçilər aktivləşəcək.

Qərb və Ukrayna Aleksandr Lukaşenkonun vəzifədən təcili getməsinə dair bəyanatlar imzalayırlar. Fəqət dövlət başçısı yaxşı başa düşür ki, geri çəkilsə, digər diktatorların aqibətini yaşayacaq- ya həbs olunacaq, ya da sürgünə göndəriləcək.

Belarusda baş verənlər ikinci  Maydan hadisələri üçün siqnaldır. Lukaşenko hələ ki, istədiyini etsə də, gələcəkdə nələr olacağı barədə dəqiq söz demək çətindir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu