Səfərlər Rusiyanı narahat edir: “Müharibə ehtimalı çox böyükdür!” - Putin çabalayır !

“Yaxın zamanda hərbi əməliyyatların başlayacağına inanıram”

Bu gün Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.
 Bundan əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovun Türkiyədə rəsmi səfərdə olması əhali arasında ciddi müzakirələrə səbəb olub. 
Çoxu baş verən son hadisələri müharibəyə hazırlıq kimi qiymətləndirir. 



Qarabağ Azadlıq Təşkilatının sədri Akif  Nağı qarşılıqlı səfərlər haqqında “Sherg.az”a danışarkən bildirib  ki, Dağlıq Qarabağın azad olunması istiqamətində hərbi əməliyyatların keçirilməsi qaçılmazdır: 

“Bunlar çoxdan gözlədiyimiz və arzuladığımız proseslər idi. Düzdür, həmişə Xarici İşlər Nazirliyinə təyin edilən səlahiyyətli şəxs ilk rəsmi səfərini Türkiyəyə edir. Amma Zakir Həsənovun da qardaş ölkəyə getməsi gözlənilmirdi. Türkiyə prezidenti Ərdoğan hər iki nazirimizi birlikdə qəbul etdi. Danışığın detalları məlum deyil.

Amma müzakirələrin Dağlıq Qarabağ məsələsi ətrafında getdiyi aydındır. Türkiyə müdafiə naziri və baş qərargah rəisinin Azərbaycana gəlməsi isə iki dövlət arasındakı əlaqələrin daha da  möhkəmlənməsindən xəbər verir. Xüsusilə nəzərə almaq lazımdır ki, Türkiyə ordusunda baş qərargah rəisinin müstəsna statusu var.

Gedən proseslər, o cümlədən danışıqlar Dağlıq Qarabağın azad olunmasına hesablanmaqla yanaşı, həm də regiondakı vəziyyəti dəyişəcək. Türkiyənin regiona gəlməsi, əlbəttə, Rusiyanı narahat edir. Putin son çıxışlarının birində deyib ki, Naxçıvan tarixi sahibinə qaytarılmalıdır. Bu, siyasi liderə yaraşmayan ritorikadır.

Putin  Türkiyənin qarşısını almaq məqsədilə çabalayır və Ermənistandan istifadə edir. Əlbəttə, indi Rusiya ilə Türkiyənin gücü müqayisə edilməzdir. Çünki şimal qonşumuz tədricən zəifləyir, qardaşımız isə güclənir. Bununla belə, nə Rusiya, nə də Ermənistan geri çəkilr. Deməli, müharibə ehtimalı çox böyükdür. Yaxın zamanda hərbi əməliyyatların başlayacağına inanıram”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu