Pandemiyanın nə əvvəli bəllidir, nə sonu...

İndi hər ölkə iqtisadiyyatı dirçəltmək haqqında düşünür

Azərbaycanda da qarşıya qoyulan məqsəd odur ki, pandemiya şəraitinə uyğun bütün sahələrin spesifik qaydaları, təlimatları hazırlansın


Pandemiya dünya iqtisadiyyatına təsirsiz ötüşməyib. Müxtəlif fəaliyyət sahələrinin bağlanması bir çox ölkələrin iqtisadiyyatına xeyli zərər vurub, geriləmə baş verib. Koronavirus səbəbindən bütün dünyada tətbiq edilən məhdudlaşdırıcı tədbirlər iqtisadi prosesləri faktiki olaraq dayandırıb. Son bir neçə günədək istehsal, satış, xidmət fəaliyyəti göstərən təşkilatların əksəriyyəti işləməyib, alıcı aktivliyi kəskin azalıb. Hələlik problemin nəvaxtadək davam edəcəyi və iqtisadiyyatın nə zaman tam bərpa olunacağı məlum deyil.

Azərbaycan iqtisadiyyatı da pandemiyanın mənfi təsirlərindən yan keçməyib. Lakin iqtisadi geriləməyə və gəlirlərin azalmasına baxmayaraq, Azərbaycanda sosial dəstək layihələri icra edilib, islahatlar dayandırılmayıb. Ötən müddət ərzində pandemiyanın yaratdığı böhranlı vəziyyətdən az itki ilə çıxmaq və postpandemiya dövrünə daha yaxşı hazırlaşmaq məqsədilə ölkəmizdə qısa və ortamüddətli tədbirlər kompleksini özündə əks etdirən geniş iqtisadi və sosial proqramlar həyata keçirilib.

Əlbəttə, ölkəmiz pandemiya dövründə olduğu kimi, postpandemiya dövrünə də hazır olmalıdır. Bu baxımdan qarşıdakı dövrdə qeyri-neft sektorunun, kənd və aqrar sahənin daha çox inkişaf etdirilməsi nəzərdə tutulur. Ekspertlərin fikrincə, bu, iqtisadiyyatın inklüzivliyi və dayanıqlılığı baxımından çox vacibdir.

Ən əsası odur ki, Azərbaycanda dərinləşdirilmiş islahatların davam etdirilməsi ilə bağlı siyasi iradə var. Bu isə növbəti dövrlərdə iqtisadiyyatın şaxələnməsi və sahibkarlığın inkişafı ilə bağlı dərinləşdirilmiş islahatların davam edəcəyindən xəbər verir. Bəs, postpandemiya dövründə ilk növbədə Azərbaycan iqtisadiyyatının hansı sahələri dirçəldilməli, işə nədən başlamalıyıq? 

Məsələni “Şərq”ə dəyərləndirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib ki, postpandemiya mərhələsindən koronavirusun yayıldığı ilkin aylarda daha çox danışılırdı. Ancaq indi yanaşma fərqlidir. Ekspertin sözlərinə görə, dünya ölkələri postpandemiya dövrünün nə vaxtdan başlayacağını proqnozlaşdıra bilmirlər.

Ona görə də pandemiya mühitində iqtisadiyyatı inkişaf etdirmək haqda düşünürlər:

“Dünya ölkələri pandemiya dövründə biznes sahələrinin inkişafı üçün müəyyən standartlar üzərində işləyirlər. Məsələn, turizm, tikinti, kənd təsərrüfatı, nəqliyyat və s. sektorların pandemiya şəraitinə uyğun fəaliyyət göstərməsinə nail olmağa çalışılır. İşçilərin fəaliyyət proqramı ilə bağlı təlimatlar hazırlanır. Almaniyada, Böyük Britaniyada, Türkiyədə hər bir sahə üzrə standartlar müəyyən edilir. Azərbaycanda da qarşıya qoyulan məqsəd odur ki, pandemiya şəraitinə uyğun bütün sahələrin spesifik qaydaları, təlimatları hazırlansın”. 

İqtisadçının sözlərinə görə, qeyri-neft sektorunun inkişaf etdirilməsi çox vacibdir:

“Neftdən asılılığımızı azaltmalıyıq ki, dünyada neftin qiymətinin qalxıb-düşməsi bizim dövlət büdcəsinin vəziyyətinə təsir etməsin. Amma qeyri-neft sektorunda da konkret sahələr müəyyənləşməlidir. Tikinti sektoru daha çox işçi sayına sahib olduğu üçün inkişafı zəruri hesab olunur. O cümlədən daxili turizm, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı sahələrinə diqqətin artırılması vacibdir. Bununla yanaşı, davamlı tədqiqatlar, araşdırmalar aparılmalıdır. Biz 4-cü sənaye inqilabı şəraitində yaşayırıq. Yenilikləri tətbiq etməliyik”. 

R.Atakişiyev vurğulayıb ki, pandemiya şəraitində müəssisələrarası rəqabət qabiliyyətinin güclənməsinə də fikir vermək lazımdır:

“Rəqabətin müvafiq qanun məcəlləsində öz qayda-qanunları var. Şirkətlərə yardım göstərməklə heç vaxt onların rəqabətini təmin etmək olmaz. Dəstək almağı öyrənmiş şirkət hər zaman dəstək umacaq. Bazarın tələb və təklif, rəqabət və qiymət mexanizmləri işləməli, sərbəst buraxılmalıdır. Dövlət və özəl şirkətlər bazarın özünün müəyyən etdiyi qaydalara uyğun işləməlidir. Dövlətin görəcəyi əsas iş instusional islahatlar aparmaq, investisiya, sahibkarlıq və işgüzarlıq mühitinin formalaşmasını təmin etməkdir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu