"Biz qız böyüdürük, qız ataları!"

Bir qadının 30 illik ailə məhbəs həyatı, yoxsa quraşdırılan səhnə şok yaratdı

"Ola bilsin, ortada bizim bilmədiyimiz müəyyən məqamlar var"
 
"Otuz illik evliliyi olan bir xanım zəng vurmuşdu. Kitab almaq istəyir, əri evdən çıxmağa qoymur deyə, bilmir necə alsın". Bu sözləri yazar Aysel Əlizadə feysbuk hesabında yazıb. Mövzunu gündəmə gətirməklə qadınlara qarşı zorakılıq və ailədə qadın hüquqlarının pozulması problemini aktuallaşdıran yazar həmin xanımın savadlı və nitqinin kifayət qədər səlis olduğunu ön plana çəkib:

"İki övlad böyüdüb, oğlu xaricdə çalışır, qızı müəllimədi. Qadının özünə kitab almaq üçün evdən çıxmağa ixtiyarı yoxdu. Özüm günahkaram deyir. Zamanında çox boyun əydim...İstəmirəm qızım eyni taleyi yaşasın.

Kimsə qadın haqları pozulurmu sualı verəndə elə bilirəm Marsdan gəlib, yaşadığı cəmiyyəti tanımır. Həm də kitabı alan kişilərin sayı qadınlar qədər olduğu üçün sevinirəm. Onlar özləri, rəfiqələri, sevgililəri, ana, bacı, həyat yoldaşları üçün alırlar kitabı. Bu mücadilədə bizə kömək edirlər, ölkələrində - döyülən, öldürülən, bütün haqları tapdanan, məişətə məhkum edilən, quldarlıq dönəmində yaşadılan qadın görmək istəmirlər.

Çimərlik sezonu açılan kimi qadın cinayəti baş verdi. Kişi qadınını dənizdə boğdu. Biz qız böyüdürük, qız ataları! Susmayın. Oğlan böyüdən valideynlər, bu işə əl qoyun, əlinizdən gələni edin ki, cinayətkar, zorakı, sayğısız oğul böyütməyəsiz. Cəmiyyətimizi viran qoymasınlar... Problem çox böyükdü, hədsiz, ağla sığmayacaq dərəcədə böyük. Problemi həyat tərzi kimi yaşayanda hiss etmək çətindi, kənar gözlə, oxuyaraq daha dərindən anlayırsan. Biz qadın probleminə elə öyrəşmişik ki, görə bilmirik. İndi oturub həmin qadına kitab çatdırmağın yolunu axtarıram. Quş olsam, uçub pəncərəsinə qonsam, kitabını çatdırsam...". 

Qeyd edək ki, paylaşımı izləyən sosial şəbəkə istifadəçiləri də məsələ ilə bağlı öz fikirlərini bölüşüb, kimin günahkar olduğunu aydınlaşdırmağa çalışıblar. 

Aydın Əliyev adlı istifadəçi hesab edir ki, həmin qadın qəsdən dramatik vəziyyət yaradaraq yazarın və onun oxucularının  hisslərini manipulyasiya etməyə çalışır: "Əgər onun əri sizə bəhs etdiyi kimi bir tipdirsə, o qadının sosial şəbəkədən istifadə etməsinə icazə verməzdi. Hətta, qadının hər hansı texniki vasitə ilə sosial şəbəkəyə gizli qoşulmaq ehtimalını lazımi şəkildə əngəlləyərdi. Siz mənə sual verə bilərsiniz ki, xub, bəs bu onun nəyinə lazımdır? İlk ağlıma gələn cavab olaraq deyə bilərəm ki, Rövşən İsaxın "Aktrisa" filminə baxın. Yəqin, bəhs etdiyiniz o qadın  özündən qurban obrazı düzəldib sizə təqdim edir və bilir ki, siz biganə qalmayıb öz səhifənizdə çoxsaylı oxucularınızla paylaşacaqsız. O da rolunun nə dərəcədə uğurlu alındığını görüb dərin həzz keçirəcək. Şəxsən mənə 30 illik ailəli olan (təxminən 50 yaşlarında) bir qadının əvvəlki qədər qısqanılması inandırıcı gəlmədi. Ya, karantində darıxır deyə aktrisalıq edir, ya özü etibarsızlıq üçün əsas yaradıb. Belələrinə görə əsl köməyə ehtiyacı olanlar arxa plana düşür çox vaxt.

Kamilə Quliyeva isə həmin xanımı  faktiki ev dustağı adlandırıb və bu yaşamı  bir növ  həyat tərzinə çevirdiyini qeyd edib: "Görəsən, bu yazılanların arxasında  hansı həqiqət dayanır? Ailə səadəti, xoşbəxtlikmi? Var-dövlət, iqtisadi asılılıqmı? Bu xanım bir insan olaraq öz azadlığını nəyə qurban verib? Bəlkə də ortada  bizim bilmədiyimiz daha fərqli reallıqlar var" . 

"Sağlam Ailə" İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı isə bəzi ailələrdə qadınlara qarşı göstərilən bu cür xoşagəlməz  münasibətləri eşidəndə həddindən artıq məyus olduğunu deyib:

"Həqiqətən də sözün bitdiyi andır.  Bizim üçün bu barədə  danışmaq, rəy vermək  belə  bu qədər çətindirsə, təsəvvür edin o taleyi yaşayan qadınlar nələr çəkir. Ən dəhşətlisi də onlara qarşı göstərilən qeyri-insani davranışları, təzyiqləri  normal qəbul edib uzun müddət eyni həyat tərzini davam etdirməlidirlər. Bir qadının 30 il ev dustağı kimi yaşaması onun xaraktercə itaətkar olması ilə əlaqəlidir. Amma  problemin kökü yenə də  bizim mentalitetimizə  dayanır.

Daha doğrusu, mental dəyər adı ilə bizə  sırınan, şüurumuza yeridilən fikirlərə bağlıdır. Qadın ərinin sözündən çıxmamalı, onun qulu, nökəri olmalıdır, övladlarına görə hər əzaba dözməlidir kimi yanlış dəyərlər uşaq vaxtından şüuraltına yeridilir.  Həyat yoldaşından icazəsiz harasa getmək məsələsi kişilərə görə bir qədər ciddi səbəb sayıla bilər, çünki ölkəmizdə kişilər xanımın hər addımından xəbərdar olmağa çalışırlar və bunu ən təbii haqları hesab edirlər. Ərindən icazəsiz evdən çörək almağa çıxa bilməyən qadınlar da buna görə ərinə haqq verirsə, onda onların hüququnu necə qoruyaq? O özü hüququnu, ixtiyarını könüllü şəkildə ərinə veribsə, bizim əlimizdən bir şey gəlməz".

L.Mehralı deyib ki, övladını xaricdə oxutmaq iqtidarında olan bir ailədə qadına qarşı  bu cür məhdudiyyətlər qoyulursa,  təsəvvür edin elmdən, təhsildən uzaq olan  ailələrdə vəziyyət hansı həddədir:

"Sözün düzü, övladının xaricdə oxumasına razılıq verən açıqfikirli bir kişinin həyat yoldaşını evdən çıxmağa qoymaması mənə şübhəli gəlir. Ola bilsin, ortada bizim bilmədiyimiz müəyyən məqamlar var".

Sosioloqun sözlərinə görə, əri tərəfindən zorakılığa məruz qalan qadınlar müdafiə olunmağı da bacarmır. Ən adi şeylərdə təzyiqə məruz qalan qadınlar bunun elə belə olmasını qəbul ediblər. Daha doğrusu, qorxurlar.

Onlar ərsiz qalmaqdan, boşanmaqdan və buna görə cəmiyyətin hədəfinə tuş gəlməkdən çəkinirlər. Qorxmalarının səbəbi də iqtisadi cəhətdən ərdən asılı olmalarıdır. Qadın sərbəst pul qazana, ehtiyaclarını ödəyə, övladlarına baxa bilsə, bu qədər qorxmaz, özünü əzdirməz. İqtisadi asılılıq onların haqlı olduqları halda özünü haqsız bilməsi deməkdir, döyülməsi, söyülməsi, bəzən it kimi bağlanması, cinsi zorakılığa məruz qalması, ac saxlanması, təcrid edilməsi deməkdir”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu