Qlobal ekoloji terror davam edir 

İstixana qazlarının atmosferə buraxılmasına məhdudiyyət qoyulmasa, anormal istilik canlar aılacaq

“Son 10-15 ildə isti ölkələrdə anormal istilərdən ölənlərin sayı yüz minlərlə ölçülür”

“Nüfuzlu ekoloq alimlər deyir ki, qlobal ekoloji proseslər artıq qarşısıalınmaz, geridönməz formaya keçib”


“İstixana qazlarının atmosferə buraxılmasına məhdudiyyətlər tətbiq edilməsə, qlobal istiləşmənin təsiri böyüyəcək  və anormal istilik milyonlarla insanın ölümünə səbəb olacaq”. Bu barədə Rusiya İqtisadi Tədqiqatlar Milli Bürosunun bir qrup tədqiqatçısının əldə etdiyi nəticədə göstərilib. Mütəxəssislər bir sıra ölkələrdə son illər ərzində  anormal istilikdən ölüm hallarının sayını müəyyənləşdirib və gələcəkdə baş verə biləcək fəsadları müəyyən ediblər.
Atmosferə atılan istixana qazlarının miqdarı eyni qalacağı təqdirdə, istilik dalğaları dünyadakı hər 100 min insandan 73-nün ölümünə səbəb olacaq. Ən isti ölkələrdə bu rəqəm hər 100 minə 200-ə çatır bilər. Həddindən artıq isti hava ən təhlükəli təbiət hadisələrindən biridir. İnsan təkcə günvurmadan deyil, infaktdan və müxtəlif xəstəliklərin ağırlaşmasından ölə bilər. 


 
Bu təhlükə barədə “Altay” sosial tədqiqatlar mərkəzinin sədri Elçin Bayramlı “Sherg.az”a danışıb. O qeyd edib ki, qlobal istiləşmə gözümüzün qabağında gedir. İqlim tamam dəyişib fəsillər baş-ayaq olub bitkilərin çiçək və yetişmə dövrü dəyişib, səhralaşma və quraqlıq böyük vüsət alıb:

“Bunlarla əlaqəli olaraq xəstəlik və ölüm halları artıb. Bu, əlbəttə, antrpogen təsirlərin nəticəsidir. İri dövlətlərin qərəzli alimlərinin iddialarına baxmayaraq bu, antropogen təsirlərlə bağlı deyil. Onlar bildirirlər ki, məlum vəziyyət Günəşdə gedən proseslərdir, yerin nüvəsində yaranan qızmadır.  Belə fikirlər nağıldır və iri sənaye ölkələrinin mənafeyi üçün ortaya atılır. 

Dünya ictimaiyyəti aldadılır. Bunların birbaşa səbəbkarı sənayedir. Daha doğrusu, planetin resurslarının vəhşicəsinə talanmasını, ultra-komfort həyat tərzini təbliğ edən kapitalist sistemdir. Dünya ekologiyasının məhv olmasında, atmosferə atılan zəhərli qazların səviyyəsində təkcə ABŞ-ın payı 40 faizdir.

Çin, Hindistan, Rusiya və bəzi Qərbi Avropa ölkələri də qlobal ekologiyaya ağır zərbələr vururlar. Amazon meşələrinin qəsdən yandırıldığı buna sübutdur. Yəni qısa və konkret desək, planetimiz qəsdən, sürətli şəkildə və vəhşicəsinə məhv edilir. İnsanlar var gücləri ilə bütün canlı aləmi məhv etməyə çalışırlar. Təbii ki, bu ekoloji terroru əsasən qlobal quldurlar edir, amma hər bir insan da öz fəaliyyəti ilə təbiətə zərbə vurur”. 

Mütəxəssis anormal istilərin ciddi fəsadlara səbəb ola biləcəyini düşünür: 

“Son 10-15 ildə isti ölkələrdə anormal istilərdən ölənlərin sayı yüz minlərlə ölçülür. Hətta şimal ölkələrində belə anormal istilər müşahidə olunur. Antarktida və Arktika buzlaqları ağlagəlməz sürətlə əriyir. Son dövrdə dünyanın ümumi tempraturu 3 dərəcə yüksəlib, halbuki son bir neçə milyon ildə orta tempratur belə yüksək olmayıb.

Atmosferin zəhərlənməsindən əlavə, ozon qatı da dağılıb gedir, təkcə soyuducu sistemlərin fəaliyyəti bunun üçün kifayət edir. Torpaq tamamilə zəhərlənib,bitkilər GMO-laşdırılaraq sıradan çıxarılıb. Dəniz, okean, çay və göllər tamamilə zəhərlənib. Dünya alimlərinin qənaətinə görə, hətta maksimum tədbirlər görülsə belə, bir çox sənaye sahələri dayandırılsa belə istiləşmə səviyyəsini saxlamaq mümkün olmayacaq.

Bu konkret o deməkdir ki, planetimiz tezliklə məhv olacaq. Nüfuzlu ekoloq alimlər deyir ki, qlobal ekoloji proseslər artıq qarşısıalınmaz, geridönməz formaya keçib. Yəni hətta hər şeyi dayandırsaq belə, planeti xilas etmək mümkün olmayacaq. Yəni artıq gecdir. İnsanların vəhşi istehlak ehtirasları, ultra-komfort tələbləri dünyamızı məhvə sürüklədi.

Təkcə insanlar yox, bütün canlı aləm məhv olacaq. XXI əsr bu planetdə yaşam üçün sonuncu əsrdir. Təəssüf edirəm ki, bu planetdə şüurlu məxluq formalaşmağa macal tapmamış onu məhv edə bildik. Əgər bizim yerimizə azacıq ağıllı və şüurlu məxluqlar olsaydı bu planetdə hələ  milyard illər yaşam ola bilərdi”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu