Professor Rusiyaya “iynə vurdu”: “Peyvəndi qəbul olunmayacaq"

“ABŞ, Almaniya, Yaponiya kimi ölkələr guya bu dərmanı tapa bilməzlər? Əlbəttə, tapa bilərlər. Amma vaxt lazımdır”

“Rusiya Səhiyyə Nazirliyinin ekspert komissiyasının bir üzvünün, tanınmış professorun istefa verməsi təsadüfi deyil”

“Yoxlanmamış, təsdiq olunmamış peyvənd insanlara necə vurula bilər axı?!”


Dünyada ilk dəfə olaraq Rusiyada qeydiyyatdan keçən COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb. Bu barədə İranın Koronavirusla Mübarizə Qərargahının elmi komitəsinin sədri Mustafa Qanei bildirib.
Onun sözlərinə görə, bu peyvənd dünyaya, o cümlədən İrana ixrac olunacaq səviyyədə deyil.
Komitə sədri bəyan edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu peyvəndi təsdiq etməsə, peyvənd ölkəyə gətirilməyəcək.
“ÜST bu peyvəndin insan üzərində sınağı üçün icazə verib, lakin bu peyvəndin hazırlanması bir neçə il çəkir. Hər bir ölkə peyvəndi digər ölkələrə ixrac etmək üçün ÜST-ün standartlarına cavab verəcək sənədləri təqdim etməlidir. Biz də ölkəyə peyvəndləri ÜST-ün icazəsindən sonra gətirə bilərik”, - deyə M. Qanei vurğulayıb.
Qeyd edək ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzində hazırlanıb.
Rusiyanın hazırladığı vaksinin ABŞ-ın da qəbul etməməsi çoxsaylı suallar doğurur. 

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az”a açıqlamasında bu tərəddüdləri haqlı hesab etdini söyləyib: 



“Peyvəndi hazırlayan kimi insanlara vurmaq olmaz.  Vaksini, əvvəlcə, ÜST təsdiqləməlidir. Rusiya insan hüquqlarının olmadığı bir ölkədir. Elan edib ki, peyvənd ilk növbədə həkimlərə vurulacaq.

Səhiyyə Nazirliyinin ekspert komissiyasının bir üzvünün, tanınmış professorun istefa verməsi heç də təsadüfi deyil. Bu, Rusiyanın məsuliyyətsizliyini göstərir.

Yoxlanmamış, təsdiq olunmamış peyvənd insanlara necə vurula bilər axı? Əlbəttə, heç bir dövlət Rusiyanın “kəşf”ini qəbul etməyəcək. ABŞ, Almaniya, Yaponiya kimi ölkələr guya bu dərmanı tapa bilməzlər? Əlbəttə, tapa bilərlər. Amma vaxt lazımdır. Həm də ki, vaksinasiya sadəcə illuziya, boş və mənasız məsələdir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu