Qazaxıstan, Türkmənistan niyə belə etdi?

İlqar Vəlizadə: "Türk respublikalarının addımı Azərbaycan ictimaiyyətində məyusluğa və qəzəbə səbəb olur"

Məlumdur ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutduğu bir vaxtda şimal qonşumuz bu ölkəyə müasir silahlarla dolu 9 hərbi təyyarə göndərib. Ələlxüsus döyüşlərin qızğın vaxtında Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanlarından keçməklə İrəvana 2 aviareys həyata keçirilib.

20 gün ərzində Rusiyadan Ermənistana 400 tondan çox hərbi təyinatlı yük daşınıb. Yüklərin cəmi 500 kilometr keçməklə Gürcüstan üzərindən daşınması daha asan görünsə də, şimal-qərb sərhədimizdəki qonşumuz prinsipiallıq göstərərək buna imkan verməyib. Qazaxıstan, Türkmənistan və İrana gəlincə isə Azərbaycan bu dövlətlərin müvafiq strukturlarını artıq mövcud məsələ ilə bağlı agah edib. Silah daşınmasında digər ölkələrin hava məkanlarından istifadə qaydalarına görə, həmin ölkələr daşınan yük və onun son təyinat nöqtəsi barədə məlumatlandırılmalıdır. Bütün bu qaydaların gözlənilib-gözlənilməməsi isə araşdırmaların nəticəsində ortaya çıxacaq.

Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və münaqişə zonasında gərginliyin azaldılmasına səy göstərdiyini bəyan etsə də, Rusiyanın bu cür canfəşanlıqla Ermənistana silah göndərməsi anlaşılan deyil. Əslində Rusiyanın Cənubi Qafqaza silah tədarükü təəccüblü qarşılanmır. Rusiya hərbi-sənaye kompleksi məhsulları həm Ermənistana, həm də Azərbaycana tədarük olunur. Amma bu məsələdə bərabərliyin nə dərəcədə qorunması böyük sual doğurur. Hiddət doğuran digər mühüm məqam isə məhz Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq, düşmənə silah göndərilməsi üçün öz hava məkanlarını açmalarıdır. 

Ölkə ictimaiyyətinin kəskin narazılığını “Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə bu məsələdə çox sualların yarandığını bildirib. Ekspertin sözlərinə görə, türk respublikalarının addımı Azərbaycan ictimaiyyətində məyusluğa və qəzəbə səbəb olur:

“25 ildir Ermənistana silah-sursat hansı yollarla göndərilib?! Düşmən ölkənin dənizə çıxışı yoxdur, dörd tərəfdən quru sərhədi var. Ermənistanın qonşu olduğu ölkələr İran, Gürcüstan, Türkiyə və Azərbaycandır. İşğalçı ölkə ərazisinə hərbi yük quru yolla ancaq İran və Gürcüstandan keçirilə bilər. Gürcüstan bir neçə il bundan öncə qərar qəbul etdi ki, onun ərazisindən Rusiyanın hərbi texnikaları keçə bilməz. Ancaq həmin qərara kimi qonşumuzun ərazisi ermənilər üçün açıq idi. İranın mövqeyi də bizdə suallar doğurur. Cənub qonşumuz islam həmrəyliyini, Azərbaycanla münasibətləri nəzərə almadan Ermənistana hər cür yardım edir. Ermənistana qapı açan ölkələr bilməlidir ki, onların icazəsi ilə düşmən ölkəyə keçirilən hərbi texnikalar Azərbaycanın mülki şəxslərinə qarşı istifadə olunur”.

Siyasi şərhçi vurğulayıb ki, Qazaxıstan KTMT-nin üzvüdür. Bu təşkilatda təmsil olunan ölkələrin müəyyən öhdəlikləri, razılaşmaları var:

“Görünür, Qazaxıstan qurumun tələbləri əsasında buna razılıq verib və imtina etməkdən boyun qaçırıb. Ancaq Ermənistana silah-sursat daşınması KTMT-nin daxili məsələsi deyildi. Düşmən ölkəyə daşınan hərbi yüklər birbaşa Rusiyaya aiddir. Ola bilər, Moskva birbaşa Qazaxıstanla ikitərəfli razılıq çərçivəsində silahları hava məkanından keçirib. İstənilən halda bu məsələdə müsəlman-türk respublikası olan Qazaxıstan məsuliyyət daşıyır. Qazaxıstan KTMT-yə üzv olarkən müəyyən şərtlər irəli sürə bilərdi. Məsələn, Fransa NATO üzvü ola-ola hərbi alyansın qarşısında şərt irəli sürərək hərbi proqramlarından çıxıb. Heç bir ölkə Parisə irad tuta bilməz ki, sən niyə hansısa hərbi müdaxilədə iştirak etmirsən?”. 

İ.Vəlizadənin fikrincə, ən müəmmalısı Türkmənistanın hərəkətidir:

“Türkmənistan xarici siyasətdə özünü neytral ölkə sayır. Necə olur ki, neytral dövlət, özü də türk respublikası işğalçı Ermənistana silah göndərilməsinə şərait yaradır. Bütün bunlar onu göstərir ki, real siyasətdə hər şey göründüyü kimi deyil. Ən əsası isə bəlli olur ki, diplomatiyamız bu sahədə güclü işləməli, sözügedən ölkələrdə təbliğatını gücləndirməlidir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu