AMİP bu gün sədrini seçəcək

Arzuxan Əlizadədən başqa alternativ yoxdur

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının növbəti qurultayı keçiriləcək. Bu barədə məlumat verən partiyanın sədr əvəzi Arzuxan Əlizadə bildirib ki, qurultay saat 11:00-da onlayın formada başlayacaq. Onun sözlərinə görə, qurultayla bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir: “Bütün işlərimiz plana uyğun gedir. Sədr kimi ancaq mən namizədliyimi irəli sürmüşəm.

Əgər sabah digər namizəd olmasa, seçkiyə tək girəcəyəm”. A.Əlizadə qeyd edib ki, qurultayın onlayn keçirilməsi əlavə texniki problemlər yaradır: “Qurultayda Mərkəzi Şuraya və Mərkəzi İntizam Komissiyasına da seçkilər keçirilir. Yerli təşkilatlarımız tərəfindən həmin qurumlara namizədlər irəli sürülür. Həmçinin qurultayın qəbul edəcəyi sənədlərin layihələri də hazırlanır”. Qeyd edək ki, Milli İstiqlal Partiyasının X qurultayı 10 iyul 2010-cu ildə  keçirilib.

Qurultayla bağlı “Şərq”ə danışan AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, əslində qurultayın keçirilməsi xeyli yubanıb. Partiya rəsmisinin sözlərinə görə, adətən AMİP 3 ildən bir qurultay keçirirdi. Amma bəzi səbəblərdən 5 ildir partiya öz sədrini seçə bilməyib:

“Bu müddət ərzində dəfələrlə cəhd edilib, hesabat seçki yığıncaqları keçirilib, qurultay nümayəndələrinin tərkibi müəyyənləşdirilib. Sadəcə, texniki məsələlərin həlli qalmışdı, bir də qurultay üçün yer problem idi. Pandemiyanın nə qədər davam edəcəyi bəlli deyil. İndiki vəziyyət yeni yanaşmalar formalaşdırıb.

Ona görə də qurultayın təxirə salınması məqbul sayılmadı və onlayn keçirilməsinə qərar verdik. Alternativ namizəd yoxdur. Hələlik iddiasını qoyan yeganə şəxs Arzuxan Əlizadədir. Amma qurultayın gedişində başqa iddiaçı çıxa bilər”. 

Ə.Orucov vurğulayıb ki, qurultay təkcə təşkilati məsələlərlə bağlı deyil, bir sıra vacib məqamlarla bağlı da öz mövqeyini ortaya qoyacaq:

“Əgər pandemiyanın bitmə günü dəqiq olsaydı, o zaman qurultayı təxirə salmaq olardı. Lakin onlayn praktika mövcud olduğu üçün biz də bu şəkildə keçirməyə qərar verdik. Əlbəttə, ilk təşəbbüsdür, müəyyən qüsurlarımız ola bilər. Amma çalışacağıq ki, partiyamız yeni bir dönəmə qədəm qoysun”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu