Tövsiyə: “Məscidlərin bağlanması anlayışla qarşılanmalıdır!”

“Ziyarət ocaqları qapalı məkan hesab edildiyi üçün açılmır”

“Bunun da səbəbi həmin məkanlarda virusun güclü şəkildə yayılması ilə əlaqədadır”


Hazırda ölkəmizdə məscidlər və ziyarətgahlar bağlıdır. Məscidlərin dini ayinlərə qapalı qalması yalnız ölkəmizdə yox, digər müsəlman dövlətlərində də müşahidə olunur. Bu, epidemioloji vəziyyətlə əlaqədardır. İnsanların kütləvi bir məkana  toplaşması yoluxma ehtimalını artırır.
Ona görə də toylar, yas mərasimləri, əyləncə xarakterli yerlər, böyük ticarət mərkəzlərinin və s. qapalı qalması daha məqsədəuyğundur. Lakin bu hal bəzilərinin narazılığa səbəb olur. Dini ayini yerinə yetirmək istəyən bəzi vətəndaşlar yoluxma təhlükəsini düşünmürlər.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)əməkdaşı, Fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, bütün dünyada pandemiya ilə əlaqədar olaraq bir çox yerlərə, xüsusilə qapalı məkanlara getmək düzgün deyil. O cümlədən bütün müsəlman dünyasında, hətta xristian ölkələrində belə kilsələr, ibadət yerləri bağlıdır:

“Bunun əsas səbəbi koronavirus xəstəliyinin yayılması ilə əlaqədadır. Virus öldürücüdür, həkimlərin də verdiyi məlumata görə, koronavirus daha çox qapalı məkanlarda yayılır. Ona görə də insanlar maksimum dərəcədə bir-biri ilə təmasa məhdudiyyət qoymalıdırlar. Qapalı məkanlarda bir araya yığışmamalıdırlar. Aksiya şəklində və ya mərasim şəklində hansısa tədbirin keçirilməsinə yol verməməlidirlər.

Qarşıdan Məhərrəmlik ayı gəlir. Əlbəttə ki, pandemiya ilə əlaqədar olaraq mübarizə aparmaq üçün cənab Prezidentin Sərəncamı ilə Operativ Qərargah yaradılıb. Bu Qərargah vətəndaşlarımıza öz tövsiyələrini verirlər. Onların verdiyi təlimata əsasən məscidlər və digər ziyarət ocaqları, o cümlədən ölkəmizin ərazisində olan sinaqoqlar və kilsələr qapalı məkan hesab edildiyi üçün bağlıdır. Bunun da səbəbi həmin məkanlarda virusun güclü şəkildə yayılması ilə əlaqədadır. Vətəndaşlarımız bu qərarlara anlayışla yanaşmalıdırlar”. 

Digər müsəlaman ölkələrindəki məscidlərin və ziyarət yerlərinin bağlanmasına gəlincə, İ.Quliyev vurğulayıb ki, məscidlərin bağlanması doğru qərardır:

“Bəzi şəraitlər çərçivəsində bir çox məscidlərin açılmasına icazə verilib. Amma kütləvi şəkildə insanların bir araya toplanaraq məsələn, cümə namazının qılınması kimi hər hansı bir ayinın kütləvi icrasına icazə verilmir. Aşurə mərasimi də kütləvi mərasim hesab edilir. Bununla əlaqədar olaraq bütün müsəlman ölkələrində məscidlər Aşurə mərasiminin keçirilməsinə bağlıdır. Hətta İraq hökuməti tərəfindən Aşurə mərasiminin keçirildiyi mərkəzi yer olan Kərbala şəhərinə belə giriş-çıxış qadağan edilib. Bütün məhərrəmlik ayı boyunca həmin şəhərə və ziyarətgahlara girişə məhdudiyyətlər qoyulub. Təbii ki, bunun da səbəbi insanların sağlamlığını qorumaq üçündür”. 

QMİ əməkdaşı qeyd edib ki, dinimizə görə insan sağlamlığı ən mühüm məsələlərdən biridir:

““Quran-i Kərim”də Peyğəmbərimizin hədisələrində bu mövzularla bağlı çoxlu sayda ayə və hədisə rast gəlirik. Məsələn, Peyğəmbər (s.ə.s) buyurur ki,  “Xəstəlik olan məkana getməyin”. Bütün bunlar onu göstərir ki, insanlar öz sağlamlıqlarının keşiyində durmalıdırlar. Bu məsələdə həm dinimizin, həm də həkimlərimizin verdiyi tövsiyə və təlimatlara uyğun şəkildə hərəkət etməlidirlər. “Quran-i Kərim”də buyurulduğu kimi özlərini öz əlləri ilə təhlükəyə atmamalıdırlar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu