Cəza tələbi ! - “Yoluxmuş insanın küçəyə çıxması təhlükədir”

“Sözügedən addımı atanların cəzalanması şərtdir”

“Çünki söhbət cəmiyyətin təhlükəsizliyindən gedir”


Koronavirus infeksiyasına yoluxduğuna görə ev şəraitində müalicə almalı olduğu halda küçəyə çıxan 16 şəxs barəsində cinayət işi başlanılıb". Bu məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov verib. 

Onun sözlərinə görə, karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları və Daxili Qoşunun hərbi qulluqçuları yaşayış yerini tərk edən koronavirus xəstələrini aşkarlayıb: “Onların bir hissəsinə xəbərdarlıq edilib, bəziləri xəstəxanaya təhvil verilib, 16 fakt üzrə ərazi üzrə polis orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub. 

Bu əmələ yol verən şəxslər Cinayət Məcəlləsində 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilirlər.

Laqeyd vətəndaşların bu əməli barədə “Sherg.az”a fikrini bildirən hüquq müdafiəçisi Səadət Bənanyarlı belələrininin cəzalanmasını tələb edib: 

“Bu, insanlıq, vicdan məsələsidir. Başa düşmək lazımdır ki, yoluxmuş insanın küçəyə çıxması bütün cəmiyyət üçün təhlükədir. Ona görə də bilə-bilə, məqsədli şəkildə sözügedən addımı atanların cəzalanması şərtdir. Çünki söhbət cəmiyyətin təhlükəsizliyindən gedir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu