Hələ “final fiti” çalınmayıb ! – “Pandemiyanın növbəti dalğası...”

“Bir çox dövlətdə virusa yoluxanların sayı minlərlədir”

“Biz də payız mövsümünə və pandemiyanın növbəti dalğası təhdidinə hazır olmalıyıq”

“Vətəndaşlarımız həkim məsləhətlərinə diqqətli yanaşaraq immun sistemini gücləndirməlidirlər”

“Sosial məsafə, maska taxmaq və dezinfeksiyaedici məhlullardan istifadəyə xüsusi diqqət yetirməlidirlər”


Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin qaydalarında müəyyən yumşalmalar tədbiq edilir. Bu gündən etibarən kafe və restoranların açıq havada fəaliyyətinə icazə verilib. Yoluxanların sayındakı azalma da sevinməyə əsas verir. Deməli, gözəgörünməz düşmənlə gərgin “matç”dakı hesab hələ ki, bizim xeyrimizədir. Amma düşmənin nə qədər xain, hiyləgər və güclü olduğu çoxlarımıza məlumdur. Deməli, onu tam məğlub edənədək əzmkarlıq göstərməli, mübarizə aparmalı və vaxtından əvvəl sevinməməliyik.

Vəziyyəti dəyələndirən “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova Azərbaycanın koronavirus  pandemiyası ilə mübarizəsinə dair fikirlərini “Sherg.az”la bölüşüb: 

“Avqustun əvvəllərindən etibarən ölkəmizdə karantin şərtlərinin yumşaldılması prosesi başlandı. Bu qərarlar aparılan effektli mübarizə nəticəsində pandemiyanın yayılma tendensiyasında müşahidə edilən müsbət dinamikaya əsasən verilib. Artıq gündəlik yoluxma faktlarının ümumi sayı da əvvəlki vaxtlarla müqayisədə aşağıdır. Təbii ki, əvvəlki dövrlərlə müqayisədə vətəndaşların məsuliyyət hissi də artıb.

Məncə, koronavirusa qarşı mübarizədə əldə olunan müsbət nəticələrin əsasında dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, vətəndaş məsuliyyətinin artması da çox mühüm rol oynayıb. Kafe və restoranlar, müxtəlif mağazalar artıq fəaliyyətə başlayıb. Bu, həmin məkanlara insan axının artması deməkdir. Yenidən əvvəlki sərt karantin qaydalarına qayıtmamaq üçün vətəndaşlarımız məsuliyyətli davranmaqda davam etməlidirlər.

Qaydalara hamılıqlı əməl olunsa, yoluxma riskləri də azalar. Pandemiyaya qarşı mübarizə nəticəsində yüzlərlə həkimin, onlarca jurnalistin bu bəlaya yoluxduğunu da unutmamalıyıq”.

Onun sözlərinə görə, hələ “final fiti” səslənməyib: 

“Qarşıdan payız gəlir. Havalar soyuyur. Tibb ekspertləri də qarşıdakı aylarda koronavirusa qarşı daha diqqətli davranmağı məsləhət görürlər. Çünki pandemiyanın növbəti dalğasının yaşanma ehtimalı çox böyükdür. Biz bununla bağlı dünyanın bir çox ölkələrində yenidən sərt karantin qaydalarının tətbiq edildiyinin şahidi oluruq. Bir çox dövlətdə virusa yoluxanların sayı minlərlədir.

Biz də payız mövsümünə və pandemiyanın növbəti dalğası təhdidinə hazır olmalıyıq.  Vətəndaşlarımız həkim məsləhətlərinə diqqətli yanaşaraq immun sistemini gücləndirməli, sosial məsafə, maska taxmaq və dezinfeksiyaedici məhlullardan istifadəyə xüsusi diqqət yetirməlidirlər.

Çünki payız mövsümündə başlaya biləcək ikinci dalğanın nəticələri hava şəraiti ilə bağlı daha acınacaqlı ola bilər.

Müsbət dinamikanı qoruyub saxlasaq, karantin rejiminin yumşaldılması prosesini davam etdirə bilərik. Çünki insan sağlamlığının qorunması ilə yanaşı, vətəndaşların sosial durumları da nəzərə alınmalıdır.

Ancaq bir daha xüsusilə qeyd etmək istərdim ki, veriləcək hər bir qərar pandemiyanın yayılma tendensiyasından asılıdır. Bu prosesi nəzarətdə saxlamaq və ya daha da zəifləməsinə nail olmaq isə öz əlimizdədir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu