“Ermənilər Gürcüstana da ərazi iddiaları irəli sürə bilərlər” – ŞƏRH

“Biz ancaq qarşılıqlı əməkdaşlığımızla düşmənin aqressiv siyasətinə qalib gələ bilərik” 

“Bu dəfə Gürcüstan çirkin erməni kampaniyasına “əl” qoymadı” 

“Bu, Azərbaycanın diplomatiyasının uğurudur”

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev APA-ya müsahibəsində ölkəmizin Gürcüstanla münasibətlərindən danışıb. O, bildirib ki, həm Azərbaycan, həm də Gürcüstan hakimiyyəti münasibətlərin bundan sonra daha da dərinləşdirilməsi əzmindədir: “Azərbaycan və Gürcüstan hakimiyyətləri arasında etimada əsaslanan konstruktiv dialoq mühiti mövcuddur.

Biz istənilən məsələni açıq surətdə müzakirə edə bilərik. Bu günlərdə Ermənistana göndərilən silahların rəsmi Tbilisi tərəfindən ölkə ərazisindən tranzit kimi istifadə edilərək keçirilməsinə imkan verilməməsini yüksək dəyərləndiririk”.

İki ölkə arasındakı münasibətlərlə bağlı “Sherg.az”a danışan millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov xoşməramlı dialoqun tərəflərin hər birinə gərəkli olduğunu bildirib: 

“Xoş münasibətlər hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Gürcüstanın müstəqilliyi, gələcək inkişafı məhz Azərbaycanın tərəqqisi, suverenliyi ilə əlaqədardır. Bu birlik bizə imkan verir ki, regionda böyük işlər görək. Əslində strateji tərəfdaşlığımız kifayət qədər güclüdür. Hələ illər əvvələ aid olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri buna bariz nümunədir.

Həm də Ermənistanın şovinist siyasətinin təkcə bizim üçün təhlükə olmadığını nəzərə almaq lazımdır. Gürcüstan da hər an əsassız ərazi iddiaları ilə üzləşə bilər. Biz ancaq qarşılıqlı əməkdaşlığımızla düşmənin aqressiv siyasətinə qalib gələ bilərik”. 

S.Seyidov, bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini düşünür:

“Serbiyadan Ermənistana silahların ötürülməsi Gürcüstan vasitəsilə həyata keçirilmişdi. Azərbaycanın məsələyə dərhal münasibət bildirməsi nəticəsini verdi. Beləliklə, bu dəfə Gürcüstan çirkin erməni kampaniyasına “əl” qoymadı. Bu isə Azərbaycanın diplomatiyasının uğurudur. Nazirliyimiz həm müxtəlif dövlətlərlərlə, o cümlədən Türkiyə və Gürcüstanla uğurlu siyasətin qurulmasında, həm də səfirliklərin işinin araşdırılmasında fəal çalışır. Gürcüstana yeni səfirin təyin olunması gələcək əməkdaşlıq üçün böyük perspektivlər vəd edir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu