Düşmənin Gəncə TƏHDİDİ və ya Paşinyanın süqut qorxusu?! – ŞƏRH 

“Bu, erməni baş nazirin ölkədaxili problemlərdən diqqəti yayındırmaq cəhdidir”

“Beləliklə,  o, öz süqutunu mümkün qədər uzaqlaşdırmaq istəyir”

“Çünki hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır”


Dağlıq Qarabağdakı qondarma rejimin “başçısı” Araik Aratunyan Gəncəni vurmaqla hədələyib. Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Məğlubiyyətdən azğınlaşan düşmən ölkə artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib. Bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib. 

Belə olan məqamda isə beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməlidirlər.  Ermənistan hakimiyyətindən bununla bağlı izahat tələb olunmalıdır. 

Görəsən ATƏT Minsk Qrupunun  həmsədrləri bu bəyanata niyə münasibət bildirmirlər? 

Sualımızı cavablandıran millət vəkili Anar Məmmədov “Sherg.az”a açıqlamasında söyləyib ki, Tovuz istiqamətindəki məğlubiyyətdən sonra Ermənistan nəinki öz xislətindən əl çəkir, əksinə yeni təxribatlara əl atmağa çalışır. Deputat vurğulayıb ki, düşmənin Gəncəni vurmaqla hədələməsi ölkəmizə qarşı növbəti təxribat xarakterli addımdır:

“Təbii ki, hədə dolu açıqlama ilə çıxış etmək birbaşa Paşinyan rejiminin yarıtmaz siyasəti nəticəsində yaranıb. Bu olanlar COVID-19 pandemiyası səbəbindən yaranmış  ölkədaxili problemlərdən diqqəti yayındırmaq, beləliklə də öz süqutunu mümkün qədər uzaqlaşdırmaq məqsədi daşıyır. Çünki hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.

Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmağa hesablanmışdı. Paşinyan hesab edirdi ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.

Lakin gözləntilərin əksinə olaraq hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesisinin güclənməsi Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin heç bir nəticə verməyəcəyini göstərmiş oldu”.

Parlament üzvü bildirib ki, Qarabağsız Azərbaycan yoxdur, Azərbaycanın bir qarış torpağı belə müzakirə mövzusu ola bilməz:

“Araik Aratunyanın işğalçı dövlətin diktəsi ilə Azərbaycanın ikinci ən böyük şəhərinə qarşı heç bir məntiqə sığmayan açıqlaması daxili auditoriya qarşısında yaranmış gərginliyi başqa səmtə yönləndirməkdən ayrı bir məna kəsb edə bilməz. 

Hər bir azərbaycanlı əmindir ki, Azərbaycan tezliklə ərazi bütövlüyünü bərpa edəcək. Üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacaq. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan cəbhədəki son hadisələrdən sonra bir daha hərbi müstəvidə də üstün olduğunu göstərmiş oldu.

Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən seçkiləri tanınmayan bir qondarma respublika rəhbərliyinin hər hansı bəyanatla çıxış etməsi heç bir halda ciddi qəbul edilə bilməz”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu