“İcralarla bağlı ayrıca qanuna ehtiyac var” – Talana son! 

“Qanunda bildirilməlidir ki, korrupsiyaya yol verən məmuru həbs edəndən sonra onun bütün mülkləri əlindən alınacaq”

“Daha sonra həmin mülklər satılıb hökumətin büdcəsinə əlavə ediləcək”


Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirib. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb. 
C.Cəfərovla birgə icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları tutulublar. Vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Son zamanlar icra hakimiyyətlərində ciddi yoxlamalar, əməliyyatlar aparılır. Nəticələr göz qabağındadır. Vəzifəsindən sui-istifadə edən məmurlar həbs olunurlar. Bununla yanaşı, yenə də qanunsuz əməllər törədən, korrupsiyaya meyl göstərən vəzifəli şəxslər var.

Vəzifəli şəxsləri həbs etməklə kiminsə gözünü qorxutmağın mümkün olmadığını deyən hüquq müdafiəçisi Novella Cəfəroğlu “Sherg.az”a bildirib ki, məmurlar belə hallara öyrəşiblər:

“Çünki həbs olunurlar, 5-6 il cəza alırlar, sonra da çıxıb pullarını “yeyirlər”. Ona görə də qocalan məmurlar heç nədən qorxmurlar. Onlar tez bir şəkildə dövlət büdcəsini talan etməyə çalışırlar. Mülkləri ya öz adlarına, ya qohumlarının adına keçirirlər ki, həbsdən çıxandan sonra həmin pulların səfasını görsünlər”.

N.Cəfəroğlunun fikrincə, bu sahədəki özbaşınalıqları və ya nöqsanları aradan qaldırmaq üçün ayrıca qanun hazırlanmalıdır:

“Qanunda bildirilməlidir ki, korrupsiyaya meyl edən məmuru həbs edəndən sonra onun bütün mülkləri əlindən alınacaq. Daha sonra həmin mülklər satılıb hökumətin büdcəsinə əlavə ediləcək. Hesab edirəm ki, belə məmurların bütün mülkünü müsadirə etmək lazımdır. Proses şəffaf keçirilməlidir. Oğurladıqları pulun miqdarını camaata demək və büdcəyə əlavə etmək lazımdır ki, bəlkə, məmurların gözü qorxar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu