“Başqalarının sağlamlığına zərər vurmaq böyük günahdır”

 “Yoluxma təhlükəsi qaldığı bir halda insanların kütləvi olaraq bir araya gəlməsi yolverilməzdir”

 “İnsanlar anlamalıdır ki, özlərinin və başqalarının sağlamlığına bilərək zərər vurmaq Allah qarşısında böyük günahdır”


Bu il Məhərrəm ayı və Aşura günü koronavirusla bağlı yaranmış riskli şəraitə təsadüf edir. Dövlətimizin üzərinə əhalinin sağlamlığının təmin edilməsi kimi mühüm vəzifə düşür. Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi təhlükəlidir. Çünki dini rituallar ölkədə koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə ola bilər.

Xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Deməli, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək başlıca şərtdir. 

Dini ayinlərin keçirilməməsi yalnız ölkəmizdə yox, digər müsəlman dövlətlərində də müşahidə olunur. Bu, epidemioloji vəziyyətlə əlaqədardır. İnsanların kütləvi bir məkana  toplaşması yoluxma ehtimalını artırır.

Ona görə də toylar, yas mərasimləri, əyləncə xarakterli yerlər, böyük ticarət mərkəzləri və s. qapalı qalması daha məqsədəuyğundur. Lakin bu hal bəzilərinin narazılığa səbəb olur. Dini ayini yerinə yetirmək istəyən bir çox vətəndaşlar yoluxma təhlükəsini düşünmürlər.

İnsan sağlamlığınin dinimizdə önəmli məsələ olduğunu deyən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli “Sherg.az”a bildirib ki, hər kəs özünün və digərlərinin sağlamlığı üçün Allah qarşısında məsuliyyət daşıyır:

“Bu barədə "Qurani-Kərim"də ayələr var. Yazılıb ki, “Allah bizə sağlamlığımızı və canımızı qorumağı tövsiyə edir. Özünüzü öz əlinizlə təhlükəyə atmayın”.
İnsanlar anlamalıdır ki, özlərinin və başqalarının sağlamlığına bilərək zərər vurmaq Allah qarşısında böyük günahdır. Ona görə də bu il dini ayinlər kütləvi şəkildə icra olunmur. Həcc ziyarəti təxirə salındı, Qurban bayramı və Ramazan ayının namazı qılınmadı. Bütün bunlar indiki şəraitin tələbidir. Yoluxma təhlükəsi qaldığı bir halda insanların kütləvi olaraq bir araya gəlməsi yolverilməzdir”.

QMİ nümayəndəsi Aşura mərasimlərinin tarixən Azərbaycanda kütləvi şəkildə qeyd olunduğunu diqqətə çatdırıb:

“Hətta sovet dövründə də Aşurə qeyd olunub. İndiki zamanda Aşuranın qadağan edilməsindən söhbət getmir. Söhbət bu gün bütün kütləvi tədbirlərlə yanaşı, dini ayinlərin də icra olunmamasından gedir.

Bu, həm dinin, həm də qanunvericiliyin tələbidir. İnsanlarımızın böyük əksəriyyəti anlayışla qəbul edir və normal yanaşır. Təbii ki, bəzi insanlarda müəyyən suallar olsa da, din xadimləri həmin sualları cavablandırmalıdır. İndiki şəraitdə canlı yayım və sosial şəbəkələr vasitəsilə insanlara müraciət olunmalıdır.

Bu ayinlər onlayn icra olunmalıdır ki, mənəvi ehtiyaclar təmin edilsin. Həm də mövcud durum maarifləndirmə yolu ilə insanlara çatdırılmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu