“Yumurta Kamil”in əməli "lax çıxdı" - Genefondumuza təhlükə !

“Həmin yumurtalar qidalanma üçün çox təhlükəlidir”

“İnanmıram ki, belə halların kökü tamam kəsilsin”

Xırdalanda istehlaka yararsız minlərlə yumurta aşkarlanıb. Mənşəyi məlum olmayan məhsullar Qida Təhlükəsizliyi Agentliyinin (QTA)  Abşeron rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı müəyyəedilib. Hadisə H.B.Zərdabi küçəsi, ev 40 ünvanında qeydə alınıb. Yararlılıq müddəti ötmüş 30 min 240 ədəd kəskin iyli, normativ texniki sənədlərin tələblərinə cavab verməyən yumurta üzə çıxıb. “Giləzi Quşçuluq” MMC-nin əməkdaşı kimi təqdim edən Teymurov Kamil Telman oğlu saxlanılıb. Onun Keşlədə “Giləzi Quşçuluq” MMC-nin anbarından yumurtaları bu ünvana gətirilərək saxlaması və realizasiyası ilə məşğul olduğu müəyyən edilib.

Bu günə qədər xəstə heyvan əti və istehlaka yararsız olan digər məhsulların satışı ilə bağlı davamlı məlumatalara rast gəlirik. Genefondumuza ciddi təhlükə olan analoji hadisələrə dair  xəbərlər az qala hər gün medianın manşetini bəzəyir. Doğrudur, belə aruolunmaz hallara qarşı mübarizə gücləndirilib. Bu cür dələduzluqla məşğul olanlar zaman-zaman ələ keçirlər və cəzalandırılırlar. Amma yenə də “gözü çıxan qardaşından dərs götürməyənlərə” rast gəlinir. 

Maraqlıdır, məlum problemə əncam çəkmək üçün, görəsən, daha hansı addımlar atılmalıdır?!


Sualımızı cavablandıran qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az”a bildirib ki, yumurta zülal birləşmələri ilə zəngin olan qida məhsuldur. Ekspertin sözlərinə görə, saxlanma rejimi anormal olanda yumurtanın tərkibindəki zülallar parçalanır, nəticədə lax yumurta iyi verir:

“Belə yumurtalar qidalanma üçün yararsız məhsuldur. Yumurtanın saxlanması müsbət 10 dərəcə temperaturda 28 gün ərzində mümkündür. Saxlanma müddətindən asılı olaraq yumurta 4 kateqoriyaya bölünür: 1 -2 günlük, 1 həftəlik, 15 günlük və 28 günlük  yumurta. Təbii ki, saxlanma rejimi düzgün olmadıqda yumurtanın tərkibi dəyişə bilər. Həmin yumurtalar qidalanma üçün çox təhlükəlidir. Reyd zamanı aşkarlanan yumurtalar da düzgün normalarda saxlanmayıb. QTA belə məhsulları dərhal qida rasionundan çıxarırlar”.



Sabiq polis rəisi Mahmud Hacıyev qeyd edib ki, ölkəmizdə QTA ona görə yaradıldı ki, polislər bu hallara çox müdaxilə etməsinlər:

“Lakin QTA polislərlə birgə əməliyyat keçirirlər. Bu, çox yaxşı haldır. Agentlik kifayət qədər işləyir. Belə halları aşkara çıxarır.
Saxtakarlara inzibati xəta və cinayət məsuliyyəti qismində cəzalar verilə bilər. Təəssüf ki, insan faktoru varsa, belə hallar baş verir. İnsan varsa, tamah da var. Amma o demək deyil ki, mübarizə aparılmasın”.
 
M.Hacıyev vurğulayıb ki, hər şey insanlardan asılıdır:

“Onların dünyagörüşü, intellekti  və milli ruhu normal səviyyədə olmalıdır ki, düşünə bilsinlər. Düşünsünlər ki, xarab olmuş ərzaq satmaqla insanları xəstəliyə düçar edirlər. Başa düşmədikdə isə QTA və hüquq mühafizə orqanları tədbirlərini görürlər. Lakin inanmıram ki, belə halların kökü tamam kəsilsin. Bunu “qanunauyğunluq” kimi qəbul etmək lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu