Dünya duysun ! – "Türkiyə milyardlarla xalis gəlir götürəcək"! - Yeni “səhifə” açılır !

“Yeni geoloji kəşf qardaş ölkəni həm iqtisadi, həm də siyasi cəhətdən qüvvətləndirəcək”

“Ankara  beynəlxalq aləmdə daha fəal siyasət yeridə biləcək və enerji təzyiqlərinə boyun əyməyəcək”


“Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini Qara dənizdə həyata keçirib”.
Bu sözləri Türkiyə prezidenti Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, “Fatih” qazma gəmisi 20 iyul 2020-ci ildən başlayaraq “Tuna 1” kəşfiyyat zonasında işləyir və 320 milyard kubmetr təbii qaz ehtiyatı tapıb.

“Bu əməliyyatı tamamilə milli vasitələrlə həyata keçirdik. Bütün test, mühəndislik işləri tamamlanıb. Bu, çox zəngin yatağın bir parçasıdır və davamı da gələcək”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, illərlə enerji sahəsində xarici asılılığa görə sıxıtı çəkən ölkə olaraq, bundan sonra gələcəyə daha inamla baxmağa başlayacağıq.

R.T. Ərdoğanın sözlərinə görə, təbii qazın 2023-cü ildə insanlara çatdırılması gözlənilir.

Ərdoğanın xoş müjdəsi Türkiyə üçün yeni dövrün başladığı deməkdir. Əlbəttə, son saatlar ərzində dünya gündəmində geniş müzakirə olunan əsas məsələlərdən biri də məhz budur. 



BDU-nun professoru, politoloq Əlimusa İbrahimov bu barədə “Sherg.az”a danışıb. O, sözügedən hadisənin Türkiyənin gələcəyi üçün böyük perspektivlər vəd etdiyi qənaətindədir:

 “Bir neçə gün  öncə Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Təyyib Ərdoğan anonsunu verdiyi xoş xəbəri, nəhayət, dünən açıqladı. Prezidentin bəyanatına  qədər  söhbətin nədən gedəcəyi haqqında məlumatlar artıq dolaşmaqda idi. Əlaqədar qurumlar müjdənin Türkiyənin energetika sahəsində əldə etdiyi nailiyyətlərlə bağlı olacağını bildirirdilər. Türkiyə öz tarixində yeni səhifənin başlanğıcını qoyur.

Kəşf edilən qaz yatağı və bundan sonra aparılaçaq tədqiqat işlərinin mahiyyətini izah etməzdən əvvəl Türkiyənin qaz istifadəçisi kimi ehtiyaclarını nəzərdən keçirək. Rəsmi qaynaqlarda mövcud olan statistik məlumatlara görə , Türkiyə ildə 45-50 milyard kubmetr qaz istehlak edir və, demək olar ki, bunun hamısını - 99 faizdən çoxunu - xaricdən alır. 

Ölkənin büdcəsindən xaricdən qazın alınmasına sərf olunan məbləğ illik 12-13 milyard dollar təşkil edir ki. Bu da ümumi büdcənin 7-8 faizini təşkil edir. Türkiyə 2019-cu ildə 36,9 faiz təbii qazı Rusiyadan, 15,7 faizini Azərbaycandan, 13,5 faizini Əlcəzairdən, 11,7 faizini İrandan, 7 faizini Nigeriyadan, 5,8 faizini Qətərdən, 3,2 faizini ABŞ-dan, 3,1 faizini isə Trinidad Tobaqodan alıb.

Göstərilən rəqəmlər bu gün Türkiyənin qaza  tələbatını tam ödəməkdən aşağıdır və  ölkənin təbii qaza olan ehtiyacı ildən-ilə artır. İldən- ilə artan tələbatı ödəmək üçün Türkiyə uzun müddətdir, yeni imkanlar axtarışındadır. Bu ehtiyacın qarşılanması zamanı idxaldan asılılığın minimuma endirilməsi Türkiyə üçün həyati əhəmiyyət kəsb edir.

Çünki Türkiyə iqtisadiyyatını yaxın illərdə dünyanın öndə gedən iqtisadiyyatları sırasına çıxarmaq yolunda idxaldan asılılıq böyük maneədir. Buna görə də  Ərdoğan hökuməti ölkə daxilində təbii qaz yataqları tapmaq çalışmalarını son illərdə sürətləndirib. Quruda Adıyaman, Çanaqqala, Düzcə, Ədirnə, İstanbul, Qırxlareli və Tekirdağda irili-xırdalı yataqlar açılıb.

On ilə yaxın bir müddətdə hasilata başlanması istiqamətində görülən işlər ötən il ərzində cəmi 37,8 milyon kubmetr qaz istehsalına imkan verib. Bu isə Türkiyənin illik istehlakının 0,63 faizinə bərabərdir”.

Ə. İbrahimovun fikrincə, yeni geoloji kəşf qardaş ölkəni həm iqtisadi, həm də siyasi cəhətdən qüvvətləndirəcək:

“ Bütün bunları nəzərə aldığımız zaman ilk mərhələdə 320 milyard kubmetr qaz ehtiyatının kəşf edilməsini Türkiyə və onun ətrafında olan qonşu ölkələr üçün əhəmiyyətli bir hadisə hesab etmək olar. İlk baxışdan 320 kubmetr Türkiyə kimi ölkələr üçün 7-8 illik bir qaz ehtiyatıdır.

Amma Ərdoğanın bildirdiyi kimi, bu kəşf  çox böyük bir qaynağın sadəcə bir hissəsidir. Deməli, Türkiyə dövlətinin əlində kifayət qədər ciddi qaz ehtiyatına sahib olmaları haqqında məlumat var. Lakin bu məlumatı indi dövrəyə buraxmağa tələsmədilər.

Regionda Rusiya və İrandan sonra külli miqdarda qaz ehtiyatına sahib olmaq Türkiyə üçün avantaj olmaqla yanaşı problemlər də yarada bilər. Buna görə Ərdoğan bu müjdəni verərkən olduqca ehtiyatlı tərpəndi və lazım olan səviyyədə özünü saxladı. Təbii ki, 320 milyard kubmetrə gələcək reaksiyalardan sonra növbəti addımlar atılacaq.

Bu nəhəng  geoloji kəşfin iqtisadi tərəfi ilə yanaşı siyasi tərəfləri də mövcuddr. Türkiyənin iqtisadiyyatının inkişafına güclü təkan olacağı heç şübhəsizdir.

Türkiyə qaz idxalçısından ixrac edən ölkəyə çevrilməyin bir addımlığındadır. Özünü qazla təmin etməsi Türkiyəyə hər il milyardlarla xalis gəlir qazandıracaq. Siyasi baxımdan da  Türkiyə mənfəətlər əldə edəcək. O,  beynəlxalq aləmdə daha fəal siyasət yeridə biləcək və enerji təzyiqlərinə boyun əyməyəcək.

Təbii ki,  Türkiyənin inkişaf etməsi və beynəlxalq aləmdə nüfuzunun artması Azərbaycan üçün də önəmlidir. Bu iki ölkənin enerji sahəsində birlikdə hərəkət edərək böyük dövlətləri onların siyasətlərini dəstəkləməyə istiqamətləndirməsi mümkündür.

Xüsusilə, Rusiya beynəlxalq münasibətlərdə Türkiyə və Azərbaycanla daha yaxın olmağa məcbur qala bilər. Çünki rus qazı bundan sonra Türkiyə və Avropa üçün əvvəlki qədər əhəmiyyətli olmaması istisna deyil”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu