İlginc açıqlama: “Boşanmaların artmasında sosial şəbəkələrin rolu...” – Kritik hədd ! 

Ölkəmizdə boşanmaların sayı günü-gündən artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 6 ayda 7 mindən çox ailə dağılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də ölkəmizdə boşanmaların çoxaldığını qeyd edib. Komitədən bildirilib ki, hazırda Azərbaycanda iki milyon yüz mindən çox ailə var:


“2011-ci ildə nikahların sayı 88 145 idisə, 2019-cu ildə bu rəqəm 63 869 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,7-dən 6,4-ə qədər azalıb. 2011-ci ildə boşanmaların sayı 10 747 idisə, 2019-cu ildə bu rəqəm 17 148 təşkil edib. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,2-dən 1,7-ə qədər artıb”. 



Cəmiyyətimizdə boşanmaların sürətli şəkildə artmasının müxtəlif səbəbləri var. Ailə institutu qorunub saxlanması  və daha da möhkəmlənməsi üçün  əsaslı tədbirlərə ehtiyac var. “Müasir Qadın və Cəmiyyət” İctimai Birliyinin sədri Fidan Maqsudova “Sherg.az”açıqlamasında söyləyib ki, bu gün Azərbaycan ailələrində boşanma faktoru həqiqətən də cəmiyyətimizi düşündürən ən vacib məsələlərdən biridir. Birlik sədri ölkəmizdə boşanmaların müxtəlif səbəblərdən çoxaldığını diqqətə çatdırıb:

“Qadın cəmiyyəti olaraq ailə məsələlərinə dair araşdırmalar aparırıq. Nəticədə görürük ki, xüsusilə son illərdə bağlanan nikahların 10-12 faizi boşanma ilə nəticələnir. Bu hal hər birimizi narahat edir. Boşanmaların əsas səbəblərindən biri cəmiyyətimizdə yenə də zorakılıq faktorunun qalmasıdır. Həm sosial şəbəkələrdə, həm televiziya kanallarında dəfələrlə izləyib şahidi oluruq ki, qadınlara qarşı hərtərəfli zorakılıq baş verir. Bu xanımlarımızın aildə davamlılığını azaldır. Ona görə boşanmalar baş verir”.

F.Maqsudova digər səbəbləri də qeyd edib:

“Boşanmaya yol açan məqamlardan biri qızlarımızın təhsildən yayınmasıdır. Təhsili, dünyagörüşü formalaşmış bir qadın ailədə müəyyən çətinliklərin öhdəsindən gəlməyi bacarır. 

Hazırda sosial şəbəkələrdə boşanmalar həddindən artıq müzakirə olunur, paylaşımlar edilir. Həmin müzakirələr də qadınlarımızın ailələrdə davamlılığını azaldır. Qadınlar düşünürlər ki, biz də bu yolu seçə bilərik”. 


Birlik sədri vurğulayıb ki, boşanmaya səbəb olan digər faktor son dövrlərdə qadınların dövlətimiz tərəfindən onlara yaradılan şəraitə uyğun olaraq iqtisadi cəhətdən güclənmələridir:

“Artıq onların müəyyən qədər iqtisadi azadlıqları var. Bu da bir növ əks cinsin nümayəndələri tərəfindən zorakılığa səbəb olur. Təzyiq görən qadın düşünür ki, övladına özü baxa bilər. 

Cəmiyyətimizdə hələ də erkən nikahlara rast gəlinir. 14 yaşlı qızın 27 yaşlı oğlanla nişanlanması gələcəkdə boşanmalara gətirib çıxara bilər. Bunlar üzə çıxan hallardır.

Amma elə rayonlarımız var ki, orada bu faktorlar daha qabarıqdır və tam araşdırılıb üzə çıxarılmır. Cəmiyyətimizdə hələ də işlər görülməlidir.

Ümumiyyətlə, boşanmaların sayının azalmasında qadın təşkilatı kimi bizim və cəmiyyətin üzərinə böyük məsuliyət düşür. Çünki ailə kiçik dövlətdir. Bu dövləti və ailəni qorumaq hər birimizin vətəndaşlıq borcudur. Ona görə əsas məsələlərdən biri davamlı şəkildə maariflənmənin aparılmasıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu