“Bəzi məmurların toy "sevda"sı heç bir çərçivəyə sığmır”

Bu günə kimi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən vətəndaşlar məsuliyyətə cəlb edilib. Ötənlərdə bəzi vəzifəli şəxlərin, məmurların toy mərasimlərini təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və ictimai qınağa tuş gəlib. 


Cənab Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır. Hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. 

Koronavirusla mübarizə ümummilli məsələdir. Heç kim  şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ataraq onların sağlamlığına zərər gətirə bilməz. Bu reallığı hamı, həmçinin bəzi akademiklər də bilməlidir. Başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar. 

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni “Sherg.az”a bildirib ki, son illər ölkəmizdə bütün sahələri əhatə edən ciddi islahatlar aparılır. 

MQF prezidenti vurğulayıb ki, bir tərəfdən pandemiya, digər tərəfdən mənfur düşmənimizin işğalı, təxribatlar, bəzi qonşularımızın hiyləgər siyasəti, müstəqilliyə qarşı yönəlmiş təhdidlər, bəzi güc mərkəzlərinin hakimiyyət iddiaları kimi gərginliklər var. Amma bütün dövrlərdəki kimi xalqımız yenə də belə hallara qarşı ləyaqətlə mübarizə aparır:

“Pandemiya başlayandan Operativ Qərargahın karantin rejiminə uyğun olaraq vətəndaşlarımızın böyük əksəriyyəti virusla mübarizə üçün dövlətin bütün qərarlarına əməl edərək cənab Prezidenti dəstəklədiklərini göstəriblər. Buna baxmayaraq, bəziləri karantin qaydalarına pozaraq yas, toy, doğum günü və digər mərasimlərin keçirilməsinə cəhdlər göstərdilər.

Qanunun tələblərinə müvafiq olaraq hüquq-mühafizə orqanları tərəfindən bu cəhdlərin qarşısı alınıb. Sadə vətəndaşın qanunları pozması cəmiyyətdə səhv kimi dəyərləndirilir. Sadə vətəndaş da fikirləşir ki, ola bilsin səhv edib, qanunları bilməyib. Amma ölkədə vəzifədə olan məmurlar, elitada təmsil edilən şəxslərin qanunları pozaraq cəmiyyətə və milli-mənəvi dəyərlərə hörmətsizlik edib toy mərasimi təşkil etməsi heç bir çərçivəyə sığmır”. 

R.Zeyni vurğulayıb ki, akademik Ramiz Mehdiyevin toy təşkil etməsi, karantini pozaraq ölkəmizin müharibə şəraitində olmasını, Tovuzda şəhid olan oğullarımızın 40-nın çıxmamasını və digər xüsusi məqamları nəzərə almaması cəmiyyət dəyərlərinin kobud pozulmasıdır:

“Bu insanlar qanunların aliliyindən, insan hüquq və azadlıqlarından, Azərbaycançılıq məfkurəsindən, milli-mənəvi dəyərlərdən, bütün insanların bərabərliyindən, milli mənafenin şəxsi manefədən yüksək olmamasından ağız dolusu danışırlar. Belələri əməlləri ilə şəxsi maraqların milli maraqlardan üstün olduğunu göstərdilər. Toy mərasiminin keçirilməsinə qərar verən şəxslər özlərini və toya dəvət olunan qonaqları maddi və mənəvi cərimə durumuna saldılar. Baş verənlər əhali tərəfindən ciddi qınağa səbəb oldu”.

R.Zeyninin fikrincə, vətənin çətin günündə harınlıq məclisinin keçirilməsi qanunlara hörmət edən vətəndaşların səbr və təmkininə zərbədir:

“Bu hadisə bir çox insanı düşünməyə vadar edəcək. Müəyyən şəxslər ibrət götürəcək və cəmiyyətimizdə heç bir məmur və yüksək vəzifəli şəxs belə səhvə yol verməyə cəhd etməyəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu