Fakt ! - “Vəziyyət o yerə çatıb ki, Moskva suallarımıza cavab verməli olur” – MÜSAHİBƏ

“Rusiyada olan qüvvələrin bir qismi Azərbaycanla qarşılıqlı əlaqələrin inkişaf etməsinə diqqətlə yanaşır”

“Azərbaycan artıq öz siyasi xəttini müəyyən edib. Taktikamız Kremlə də çatdırılıb”

“Ölkəmiz öz siyasətini Rusiyanın Ermənistanda hansı siyasəti aparması ilə müəyyənləşdirəcək”


Dünən Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş çərçivəsində bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanda deyil bütün  regionda sülhə, sabitliyə, təhlükəsizliyə əsas təhdiddir. Ermənistan tərəfinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlara da toxunan Z.Həsənov qeyd edib ki, bu, Azərbaycan ilə MDB ölkələri arasında əlaqələrin sarsıdılmasına yönəldilib. S.Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması münasibət bildirərək qeyd edib ki, bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil:

“Bu daşınmalar Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib. O, xüsusilə qeyd edib ki, Rusiya bu günədək Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq.

Şoyqunun Bakı səfərini “Sherg.az”a şərh edən keçmiş XİN başçısı Tofiq Zülfüqarov nazirlər arasındakı görüşün pərdəarxası məqamlarından danışıb.

 Söhbəti təqdim edirik:

- Sizcə bu səfər nəyə hesablanmışdı?

- Generalın ölkəmizə gəlməsi digər səfərlərdən fərqli olaraq daha konkret məsələlərə həsr olunub. Əsas məsələ ondan ibartədir ki, Azərbaycan ictimaiyyəti Rusiyanın təcili, hətta nümayişkəranə formada Ermənistana hərbi silahlar göndərməsindən narahat idi. Artıq vəziyyət o yerə gəlib çatıb ki, Rusiya istər-istəməz Azərbaycan ictimaiyyətini narahat edən suallara cavab verməlidir. Əvvəlki illərdə məsələlərin bu səviyyədə müzakirə edilməsi yadıma gəlmir. Ən azı uzun müddət idi ki, belə mövzular gündəmdə deyildi. Bu da onu göstərir ki, artıq Rusiyada olan qüvvələrin bir qismi Azərbaycanla qarşılıqlı maraqlar ətrafında əlaqələrin inkişaf etməsinə diqqətlə yanaşır. Ermənistan-Azərbaycan konfliktinə aid addımlar birmənalı  olaraq Rusiya-Azərbaycan ələqələri ilə əlaqədar olan məsələ kimi gündəmə gəlib. Bu, çox vacib bir haldır. Hesab edirəm ki, səfərin əsas məqsədi bundan ibarətdir.

- S.Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silah və hərbi texnika deyil, düşmən ölkədəki hərbi bazasında tikinti işlərinin aparılması üçün tikinti materiallarının daşındığını bildirib... Bu nə dərəcədə realdır?

- Təbii ki, bu cavabdan səmimilik gözləmək olmaz. Bəlkə də ölkəmizdə buna inanan tapılmaz. Bizdə yetərincə məlumatlar var ki, müxtəlif silahların yeni növləri Ermənistana aparılıb. Artıq Rusiya o vəziyyətdədir ki, ictimaiyyətimizdə olan narazılığa cavab verməli olur. Əsas fakt budur.

- Səfərdən sonra Rusiya-Azərbaycan münasibətləri hansı müstəvidə inkişaf edəcək?

-Səfər Rusiya-Azərbaycan əlaqələrinə ciddi şəkildə təsir göstərməyəcək. Çünki Azərbaycan artıq öz siyasi xəttini müəyyən edib. Ermənistan-Rusiya əlaqələrini diqqətlə izləyəcəyik və münasibətimiz birbaşa bu məsələlərlə bağlı olacaq. Bəlkə səfər vaxtı bu fakt səsləndirilməyib. Amma taktikamız artıq Rusiyaya çatdırılıb. Rusiyanın Ermənistanda hansı işləri gördüyünü, hərbi cəhətdən hansı köməklikləri edəcəyini izləyəcəyik. Şimal qonşumuza münasibətimiz bununla bağlı olacaq. Cəmiyyətimiz açıq-aşkar başa düşür ki, Ermənistanın işğalçı siyasətinin əsas potensialı məhz Rusiyanın hərbi köməkliyi ilə bağlıdır. Yəni Moskvanın hərbi köməyi olmasaydı, İrəvan öz imkanları vasitəsilə bu cür siyasəti apara bilməzdi. Ölkəmiz öz siyasətini Rusiyanın Ermənistanda hansı siyasəti aparması ilə müəyyənləşdirəcək.

- Düşmən dünən və bu gün növbəti dəfə Goranboy, Tovuz və Tərtərdə təxribatlar törətdi. Bu, müharibəni alovlandıra bilərmi?

- Öncə bu təxribatları nə üçün daimi baş verdiyini başa düşməliyik. Paşinyanın siyasəti ondan ibarətdir ki, Moskvanın İrəvana münasibətini sınaqdan keçirib müəyyən etmək üçün təxribatlar törədir. Yəni erməni baş nazir “Rusiya Ermənistana kömək edəcək, yoxsa yox?” sualına cavab tapmaq istəyir. Bəllidir ki, hərbi əməliyyatların nəticəsindən asılı olmayaraq Rusiya kömək etməməkdə ittiham olunacaq. Və Ermənistanda baş verən hadisələrin arxasında Rusiyaya tərəf “5-ci kolon”un dayandığı deyiləcək. İttiham üçün artıq bu məsələlər müəyyənləşib.

Ermənistan məhz  bu ittihamlardan sonra Rusiyadan əl çəkib, qərbyönümlü siyasətini həyata keçirmək istəyəcək. Bu, Paşinyanın taktikasıdır. Ona görə də təxribatlar ardıcıl şəkildə baş verir. İstisna etmirəm ki, yaxın günlər və ya həftələr ərzində təxribartlar davam edəcək.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu