Taksi sürücülərinə təhlükə: Biri bıçaq çıxarır, biri ödəniş etmir, biri də... – Çıxış yolu nədir?

“Taksi xidmətində də Həmkarlar İttifaqı Təşkilatı yaradılmalıdır”

“Bu qurum sürücülərin hüquqlarını müdafiə etməlidir”

“Sözügedən tendensiya dünyada çoxdan başlansa da, ölkəmizdə, demək olar, yoxdur. Ona görə də belə problemlər meydana çıxır”

Kənardan, bəlkə də, asan görünür, amma taksi sürücülərinin işləri o qədər çətindir ki...Necə deyərlər, problemləri lap boğaza qədərdir. “Sarı mələklər” səhərdən axşamacan sükanı o tərəf-bu tərəfə sallayır, ucu-bucağı görünməyən tıxaclarda səbirlərini sınağa çəkirlər. Hələ bu harasıdır? Gün ərzində min cür adamla qarşılaşır, bir tikə çörək pulundan ötrü bəzən təhlükələrlə üzləşirlər. Üstlərinə bıçaq çıxarılır, ödəniş verilmir, hədə-qorxu gəlinir və s...Bəs bu kimi hallarda onlar kimə sığınmalı, hara müraciət etməlidirlər?


Nəqliyyat eksperti İlqar Hüseynli bu barədə “Sherg.az”a danışıb. Onun fikrincə, belə problemlərin həlli yolu təşkilatlanmadır: 

“Öncə onu deyim ki, taksi xidməti göstərənlər iki kateqoriyaya bölünürlər. Birincilər pərakəndə çalışır, bu və ya digər yerdə dayanıb müştəri gözləyirlər. Digərləri isə müqavilə əsasında konkret şirkətlərlə əməkdaşlıq edirlər.

Əlbəttə, onlardan heç biri xoşagəlməz hadisələrdən sığortalanmayıb. Xuliqanlıq kimi olaylarla bağlı xidmət göstərənlər özləri məhkəməyə, həmçinin hüquq-mühafizə orqanlarına üz tutmalıdırlar.

Məsələ araşdırılmalı və istehlakçı cəzalanmalıdır. Necə ki, avtobus sürücüsünə şillə vuran sərnişin operativ surətdə tapıldı və cəzasını aldı. Yəni burada əsas olan fərdi fəallıqdır. Ümumilikdə isə digər bütün sahələrdəki kimi, taksi xidmətində də Həmkarlar İttifaqı Təşkilatı yaradılmalıdır. Bu qurum sürücülərin hüquqlarını müdafiə etməlidir.

Sözügedən tendensiya dünyada çoxdan başlansa da, ölkəmizdə, demək olar, yoxdur. Ona görə də belə problemlər meydana çıxır. Adını çəkdiyim təşkilatlar yaranmadığı müddətcə şikayətlər, narazılıqlar, sürücü-müştəri konfliktləri davam edəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu