Cəmiyyət başqa "rəng alıb"! –“Evdən qaçanların sayı artır” – Yollar dəyişilir!

“Gənclər çıxış yolunu boşanmaqda deyil, evdən qaçmaqda görür”

“Ailənin ən böyük funksiyalarından biri xoş münasibətin olması, uşaqları cəmiyyətə hazırlamaq idi”

“Təəssüf ki, ailə artıq bu funksyasını itirib”


Dövrümüzdə hadisələr o qədər mürəkkəb və qarışıqdır ki, istər ailə məişət, istərsə də sosial qayğılar yaş fərqindən asılı olmayaraq insanların yolunu dəyişir. Belə problemlərə tab gətirə bilməyənlər evdən çıxır və bir daha qayıtmır. Əvvəllər bu statistika yaşlı adamların yaddaşsızlığı ilə xarakterizə edilirdisə, sonralar proseslər başqa rəng almağa başladı. Azərbaycanda ötən il itkin düşən şəxslərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ümumilikdə 904 nəfər itkin düşüb.

İnsanları evdən didərgin salan səbəblər nədir və onları bu yoldan necə çəkindirmək olar? 



Suallarımızı cavablandıran sosioloq-alim Əhməd Qəşəmoğlu “Sherg.az”a bildirib ki, insanların evi tərk etməsinin müxtəlif səbəbləri ola bilər. Sosioloqun qənaətincə, indiki dövrdə Azərbaycan ailəsində baş verən gərginliklər tarix boyu olmayıb: 

“Ailənin ən böyük funksiyalarından biri xoş münasibətin olması, uşaqları cəmiyyətə hazırlamaq idi. Təəssüf ki, ailə artıq bu funksyasını itirib. Gənc insanlarda xəyallar aləmi güclu olur. Gənclərin yalançı azadlıqla real həyatı, əsl azadlığın istədikləri kimi olmaması onların xəyal aləmi ilə əlaqəlidir. Gənclər çıxış yolunu boşanmaqda deyil, evdən qaçmaqda görür.

Maarifləndirmə, kütləvi informasiya vasitələrinin görə biləcəyi işlər- hamısı proqramda əks olunmalıdır. Mövzumuzu tək evdən getmə halı kimi işıqlandırmalı deyilik. Çünki tək yaşamaq və öz istəklərinə uyğun davranmaq çox vaxt gənclərin arzusu olur.

Ailə münaqişəsi nəticəsində və yaxud heç bir münaqişə olmadan onlar evi tərk edirlər. Bu addımla onlar boğulduqları mühitdən, ana-ata əsarətindən və onların məcburi istəklərindən qurtulsa da, digər tərəfdən cəmiyyətimizdə valideynlərə, böyüklərə hörmətsizliyə yol açırlar”. 

Ə.Qəşəmoğlu qeyd edib ki, evdən gedərək təkbaşına yaşamağa qərar verən bir gəncin mentalitetimizə nə dərəcədə uyğunluğu düşündürücüdür: 
“Bu gün evdən çıxıb gedənlərə dəstək olanlar sabah onun başına gələcəkləri bilmirlər.

Aqibəti bəlli olmayan “yolunu itirmək”lərdən söhbət gedir. Ümidvarıq ki, gələcəyimizi belə “itirmək”lərdən qoruyub saxlaya biləcəyik. Belə insanların sosial mühitə adaptasiyası bir növ bizim dəyərlərdən, yaşadığımız Azərbaycan ailəsindən keçir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu