Rusiyanın Belarus üçün hazırladığı yeni lider kimdir? – "Səhnə" arxasında saxlanılır !     

“Lukaşenkonun taleyi də məhz Rusiyanın "stavka" etdiyi yeni siyasi liderin təqdim olunmasından sonra aydınlaşacaq”

 “Moskva Minskin öz orbitindən uzaqlaşmasına imkan vermək niyyətində deyil”

“Bu halda, Kreml demək olar ki, bütün müttəfiqlərini itirməklə, təklənmiş vəziyyətə düşə bilər”



Belarusda gərgin vəziyyət davam edir. Paytaxtı Minskinin mərkəzindəki İstiqlaliyyət prospektində icazəsiz aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. İnsident Belarus Dövlət Təhlükəsizlik Komitəsinin yaxınlığında baş verib. Bildirilir ki, güc strukturlarının əməkdaşları aksiyaçılardan bir neçəsini dövlət nişanı olmayan avtobuslara yığıb aparıblar.

Eyni zamanda qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun iqamətgahının qarşında çəkilən əli avtomatlı fotosu yayılıb. Foto dünya ictaimiyyətində ciddi müzakirələrə səbəb olub. Əksəriyyət bunu A.Lukaşenkonun  xalqa əzələ nümayişi olduğunu iddia edir.
 
Minskdə baş verənləri “Sherg.az”a şərh edən siyasi şərhçi Elçin Xalidbəyli Belarusda “seçki böhranı”nın baş verməkdə olduğunu deyib.
Onun sözlərinə görə, belə vəziyyətin baş verməsinin mümkünlüyü hələ seçkidən xeyli əvvəl istisna olunmurdu:

“Çünki Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə münasibətlərin korlanmasına səbəb olacaq addımlar atmaqdaydı. Hələ 2018-ci ildə Belarus prezidenti ABŞ və Qərblə münasibətləri normallaşdırmağa yönəlik atdığı addımlarla Rusiyanı ciddi şəkildə qəzəbləndirmişdi. Lukaşenkonun ABŞ və Qərbə yönəlik yaxınlaşma cəhdlərində Ukrayna xüsusi vasitəçi rolunu oynayırdı.

Seçki ərəfəsində kifayət qədər ciddi yaxınlaşma meylləri müşahidə olunurdu. Ona görə də, Kreml qəzəblənməklə yanaşı, həm də preventiv manevrlərlə Belarusu öz orbitində saxlama əməliyyatına başlamışdı.

Rusiya ikinci Ukrayna problemi ilə qarşılaşmaq istəmirdi. Kremldən gözlənilən təhlükəni əvvəlcədən nəzərə alan prezident A.Lukaşenko Rusiyanın Belarusa göndərdiyi bir qrup şəxsi həbs etmişdi. Onları Donbasda vuruşmuş rus hərbiçiləri kimi təqdim etməklə yanaşı, həm də Belarusda dövlət çevrilişinə hazırlaşmaqda suçlamışdı. Beləliklə də, Rusiya-Belarus münasibətləri ən yüksək həddə qədər gərginləşmişdi”. 

E.Xalidbəyli bildirib ki, Belarus müxalifəti bəzən Qərbyönümlü siyasi qüvvə kimi təqdim olunsa da, əslində, Rusiya ilə daha sıx bağlantılara malikdir:

“Böyük ehtimalla təlimatları Kremlin emissarlarından alırlar. Hazırda Belarusda "siyasi böhran"ın yaranması, xaosun hökm sürməsi, son nəticədə hakimiyyətin dəyişməsi ən çox Rusiyaya sərf edir.

Rusiya Belarusun öz orbitindən uzaqlaşmasına imkan vermək niyyətində deyil. Bu halda, Kreml demək olar ki, bütün müttəfiqlərini itirməklə, təklənmiş vəziyyətə düşə bilər.

Ona görə də Kreml Belarusu ram etmək üçün bütün imkanlarını işə salıb. Yəni Prezident Lukaşenkonu yaxın aylarda olduqca ciddi sınaqlar gözləyir. Onun taleyini Rusiyanın yaxın aylarda gücləndirəcəyi gözlənilən təzyiqlərə necə müqavimət göstərəcəyi həll edə bilər”. 

Analitik qeyd edib ki, hazırda Lukaşenko bir tərəfdən Rusiya ilə yenidən anlaşa biləcəyinin mesajını verərək, Kremlin təzyiqlərini yumşaltmağa çalışır. Digər tərəfdən isə əlində silahla cəmiyyət arasına çıxamaqla, sona qədər hakimiyyətini qorumaq niyyətində olduğunu biruzə verir:

“Yəni o, geri çəkilmək niyyətində deyil. Belə vəziyyətdə Rusiyanın Belarusda siyasi lider missiyasını kimə yükləyəcəyi böyük əhəmiyyət daşıyır. Çünki hazırda müxalifətin əsas lideri sayılan Svetlana Tixanovskaya Kremlin maraqlarını təmin edə biləcək səviyyədə güclü siyasi lider görüntüsü vermir.

Böyük ehtimalla Rusiya "stavka" etdiyi siyasi lideri hələlik səhnə arxasında saxlayır. Yəqin ki, Belarusda "siyasi böhran" kulminasiya həddinə çatdıqda Kreml Belarus üçün hazırladığı yeni siyasi lideri ön plana çıxaracaq.

Belarusun, o cümlədən də, prezident Lukaşenkonun gələcək taleyi də məhz Rusiyanın "stavka" etdiyi yeni siyasi liderin cəmiyyətə təqdim olunmasından sonra aydınlaşmağa başlayacaq. Ona qədər isə Belarusda vəziyyət gərginləşməkdə davam edəcək. Bu proseslər hələ bir müddət öz aktuallığını qoruyub, saxlayacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu