Dostum, dostum, gözəl dostum - Reportaj 

Sən gəl, ləpələri “rəqs edən” sahilə bir bax

Ünvanı bir neçə gün öncə özüm üçün müəyyənləşdirmişdim. Böyükşor bulvarında indiyədək heç vaxt olmasam da, haqqında çox eşitmişdim. Özü də ancaq xoş sözlər. Deyilənə görə, gözəlliyinə görə “bulvar” deyəndə böyük əksəriyyətin ağlına ilk gələn dənizkənarı milli parkdan heç də geri qalmır. Əlbəttə, təkcə elə bu iddianın doğruluğunu yoxlamaq məqsədilə ora getməyə dəyərdi. Getdim də. 



...Piyada keçidinə yaxınlaşır və magistral yolu diqqətlə, tələsmədən keçirəm. Elə bulvara daxil olar-olmaz gölün qəribə qoxusunu hiss edirəm. Günün qarşısını almaq məqsədilə əlimi gözümün üstünə qoyur, ətrafa baxır ,“Hara gedim?”, “Hardan başlayım?” deyə fikirləşərkən bir də baxıram ki, qışqırıq səsləri gəlir. Körpələr uşaqlar üçün nəzərdə tutulmuş alətlərdə oynayırlar.



Valideynləri də biz az aralıdakı skamyada oturub övladlarına nəzarət edirlər. Uşaqların şən gülüşləri qeyri-iradi olaraq mənim də üzümə təbəssüm qondurur. Yanlarından keçəndə göz vurur, əl sallayıram. Təbəssümləri daha da artır. Bəlkə də həyatdakı ən gözəl iş dünyadan bixəbər körpələri güldürməkdir. İndi onlar bütün qayğılardan azaddırlar. Heç nəyi, o cümlədən koronavirus pandemiyasını düşünmürlər. İnsan lap uşaqlığına qayıtmaq və yeganə qayğısının yelləncəkdə daha çox yellənmək olmasını istəyir.
 Mənzərə buxtanı xatırladır.

Səliqəli yol göl boyunca aypara şəklində uzanır. Yəqin, istirahət günü olması ilə əlaqəlidir ki, ətrafda xeyli adam var. Kimisi skamyada oturub kitab oxuyur, kimisi gəzir, kimisi də idman edir. Hə, idmansevərlər üçün də yaxşı şərait yaradılıb. Təmiz hava altında qaçanlardan əlavə, trenajorlarda məşq edənlər də az deyil. Sevinirəm. Axı idman təkcə bədənin yox, həm də ruhun, zehnin sağlam olması deməkdir. Mahnıda deyildiyi kimi, kim sevirsə idmanı, poladdan olar canı...



 Velosiped sürənlər də var. Hiss olunur ki, orta tempi qorumağa  və beləliklə, həm də əsən mehin dadını çıxarmağa çalışırlar.  Əsas odur, dayanmasınlar. Çünki velosiped tamamilə əyləcləndiyi halda sükana nəzarət etmək, yıxılmamaq çox çətindir. Ümumiyyətlə, həmişə belə olur: süstlük, hərəkətsizlik uğursuzluqla nəticələnir. Bəlkə də elə buna görədir ki, paytaxt sakinləri bütün obyektiv çətinliklərə - pandemiyaya, karantin qaydalarına, istirahət günləri ictimai nəqliyyatın işləməməyinə rəğmən həyat eşqlərini itirmir, əksinə, müqavimət göstərirlər. Məşhur yazıçı və  jurnalist Ernest Hemenqueyin “Qoca və dəniz” əsərində olduğu kimi, insanın nələrə qadir olduğunu, yer üzünün əşrəfini asan-asan məğlubiyyətə uğratmağın mümkünsüzlüyünü göstərmək istəyirlər.



 Çatdığım hissə adanı xatırladır. Bütöv bir quru ərazi - yaşıllıq, beş, on addım sonra isə göl. Həqiqətən, maraqlı yerdir. Suya daha da yaxınlaşmaq məqsədilə daşlıqlara ayaq basıram. Ləpələr sürətlə irəliləyir və sərt qayalıqlara çırpılaraq geri qayıdır. Kilometrlərlə qət etdikləri məsafə qəfil, bir anın içində puç olur.

Bəs “Zəhmət qarşılıqsız qalmaz” deyirdilər? Bir də axı, nə qarşılığı olmalıdır ki? Hər halda daşları ağuşuna alıb, insanların üzərinə hücum çəkəsi deyil. Gərək, romantik olmayasan, reql şəraiti və gücləri nəzərə alasan...Necə ki, mən cəmi bir neçə dəqiqədən sonra adada, yarımadada filan yox, şəhərin düz mərkəzində olduğumu xatırlayıram. Arxaya çevrilirəm və hündürmərtəbəli binalarla üz-üzə gəlirəm.

Məncə, harda olmağından asılı olmayaraq belə tikililər şəhərin bütün səmtlərindən görünür. Zənnimcə, həmin mənzillərdə yaşayanları xoşbəxt hesab edə bilərik. Böyükşor bulvarı düz ayaqlarının altındadır. Səhər, axşam, nə vaxt istədilər gəlirlər, yaxud eyvana çıxıb gözəl mənzərəni izləyirlər. Amma yox, gərək tələsməyək. Çünki rus yazıçısı Lev Tolstoyun “Anna Karenina” əsərində yazdığı kimi, bütün xoşbəxtlər bir-birinə bənzəyir, bədbəxtlər isə hərəsi bir cür bədbəxtdir. 



 Xeyli irəlilədikdən sonra artıq yorulduğumu hiss edirəm. Odur ki, yaxınlıqdakı boş skamyada oturur və ləpələrin səsinə qulaq verirəm. Bulvar haqqında ayrı-ayrı adamlardan eşitdiklərim yadıma düşür: “Böyükşor bulvarının açılışı 2015-ci ilin mayında  olub. Ərazidə neftlə çirklənmiş torpaqlar təmizlənib. Burada sahilboyu gəzinti zolağının uzunluğu 2500 kilometrdir.

Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. İdman və uşaq oyun meydançaları qurulub, qaçış və velosiped xətləri çəkilib, minlərlə ağac, bəzək kolu əkilib. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi şəhərimizin qonaqlarının zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. Suyun səviyyəsinin və keyfiyyətinin idarə edilməsi üçün avtomatlaşdırılmış nəzarət-monitorinq sistemi yaradılıb. Gölün davamlı təmizliyinin və mühafizəsinin təmin edilməsi məqsədilə xüsusi avadanlıq quraşdırılıb. Bulvarın ümumi sahəsi 150 000 m²-dir. Əkilən  3550 ağac ərazini oksigenlə təmin edir”. 

 Deməli, beş il əvvəlki sözügedən təşəbbüs, o cümlədən həyata keçirilən abadlıq işləri dövlətin sosial sahədə gördüyü işlərin növbəti bariz nümunəsidir. İnsanların istirahəti, rahatlıqları, asudə vaxtlarını səmərəli keçirmələri naminə hər şey nəzərə alınıb. Belə bir bulvarın nə vaxtsa indi işğal altında olan Dağlıq Qarabağda salınması və oradan reportaj hazırlamaq arzusu ilə...



 Bir az aralıda gənc ata körpəsini göllə tanış edir. Övladını qucağında saxlayıb ona ətrafı seyr etdirir. Yanında uşaq arabası var. Yəqin ki, yorulanda yerinə qoyacaq. Yanlarından keçəndə “Allah saxlasın” deyirəm. Təşəkkür edir və “neyləyək, iş əlindən tərpənmək olur, gərək heç olmasa bazar günü uşağı gəzintiyə çıxaraq” söyləyir. Başımı təsdiq mənasında tərpədərək razılığımı bildirirəm. Uşaqla maraqlanmağın ancaq anaların işi olduğunu düşünən ailə başçıları gərək nümunə çıxarsınlar. İşə də, ailəyə də vaxt ayırmağın mümkünlüyünü görsünlər. 

 Foto   çəkənlər də çoxdur. Çoxu da müasir imkanlardan yararlanaraq “selfie” edirlər. Nədənsə, bu tendensiyaya maraq birmənalı deyil. Hərçənd ki, fotojurnalistikadan dərs deyən müəllimlərimizdən birinin söylədiyi kimi, “selfie” də bir rakusdur. Yeganə fərq odur ki, smartfonun arxa yox, ön kamerası ilə çəkirsən. Amma gərək kadr normal olsun. Mənasız jestlərə, mimikalara  nə ehtiyac var?! Çox uzatmayacam. Sadəcə fürsətdən istifadə edib, fikrimi bildirdim.  Əlbəttə, belə məsələlərlə jurnalistlərdən əvvəl sosioloqlar məşğul olmalıdırlar. 

 Böyük futbol meydançası diqqətimi çəkir. Stadionda gərgin matç gedir. Üç-dörd gənc çöldə, kompleksin qapısının ağzındadırlar. Çiyinlərində böyük idman çantaları var. Mövcud şəraitlə tanış olmaqdan ötrü içəri girirəm. Qeydiyyat masasındakı oğlan məni görcək soruşur:
- Rezerv eləmisiniz?
Vəziyyətin nə yerdə olduğunu anlayıb neqativ cavab verir və sadəcə maraqlanmaq məqsədilə gəldiyimi deyirəm. 

Xarici görkəminə görə məndən bir neçə yaş böyük olduğunu düşündüyüm oğlanla dialoqdan sonra məlum olur ki, stadionu “Azfargroup” şirkəti tikib. Həmin şirkət özü isə 2008-ci ildə təsis edilib. Ot örtüyü süni olsa da, həm açıq, həm də qapalı meydança var.

Oyundan sonra futbolçulara çay süfrəsi təklif olunur. Həmçinin təqdim olunan videofayl vasitəsilə matçın maraqlı anlarını izləməyək mümkündür. Stadion 24 saat fəaliyyət göstərir. Saat beşə qədər qiyməti 30 manatdır. Amma gündüz kompaniyası çərçivəsində. Yəni, necə deyərlər, istinin odunda yox, sərində futbol oynamaq istəyirsinizsə, gərək daha çox ödəyəsiniz. Amma insaf dinin yarısıdır, şəraiti, həqiqətən, yaxşıdır.



 ...Göl boyunca gəzə-gəzə geri qayıdıram. Trenajor alətlərinin quraşdırıldığı yerdəki bir məqam diqqətimi çox çəkir. Bayaq necə olub fikir verməmişəm? Deməli, düz ortaya uzun taxta və dəmir hissələri qoyulub. Bu, o deməkdir ki, hələ də iş gedir. Amma daha belə yox da. Axı orada uşaqlar, körpələr gəzir. Lap elə böyük adam olsun. Onlara da nə isə ola bilər də. Odur ki,  bu qədər iş görmüş, yüzlərlə insanın istirahəti üçün gözəl şərait yaratmış aidiyyəti qurumdan həmin tikinti alətlərini sözügedən ərazidən götürməyi xahiş edirik. 

 Sürətimi artırıram. Ləpələr sahilə çırpılıb, geri qayıtmağa, obrazlı dillə desək, “rəqs”lərinə davam edirlər...

 Magistral yolun qırağında o qədər maşın düzülüb ki... Sıranın ucu-bucağı görünmür. Hər kəs ləpələrin musiqisinə qulaq asmağa, “rəqs”inə tamaşa etməyə gəlib...

Hazırladı: Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu