Bilmədiyiniz SİRRLƏR: “Balın əsrlərlə saxlanılması mümkündür” – Arıların heyrət doğuran iş prinsipi 

“Bağlı olduğu halda heç bir problem yoxdur”


Arıçılığın Azərbaycanda qədim tarixi var. Bal arılarının yetişdirilməsi, saxlanması, onlardan bitkilərin tozlandırılmasında istifadə edilməsini kənd təsərrüfatının mühüm qollarından biridir. Arılar müxtəlif çiçəklərdən qida maddəsi toplayıb onları orqanizmində yenidən işləyərək qiymətli məhsullara-bal, mum, arı südü və s. çevirirlər.

Xüsusilə bal arıları kənd təsərrüfatında mühüm yer tutur. Bu arılar ailə halına yaşayırlar. Arı ailəsi bir ana arıdan, minlərlə işçi arıdan və yay vaxtı bir neçə yüz erkək arıdan ibarət olur. Arıların bəzi maraqlı xüsusiyyətləri də var. Məsələn, bir pətəyin arıları digər pətək arılarını ora buraxmırlar. Hər bir pətəyin qabağında keşikçi arılar olur. Arılar arasında işsiz arı ola bilməz. Xəstə arı olarsa, o artıq işə yaramadığı üçün onun qanadlarını yonub pətəkdən bayıra atırlar. Arılar qış aylarında pətəkdə qalırlar. Çöldə 15 dərəcədən aşağı istilik olarsa, arılar çölə çıxmağa meyilli deyillər.

Arıçılıqla məşğul olan Ağstafa rayon sakini Asim Ələkbərov “Sherg.az” a arıların iş prinsipinə dair maraqlı məqamları açıqladı.
Rayon sakini arıçılıqla məşğul olmaqda heç bir çətinlik olmadığını qeyd edib:

“Arı ailəsində ana arı sadəcə ailəni idarə etməklə məşğuldur. Onlar başqa arıların yuvaya girməsinə imkan vermirlər. Ana arı yuvanın içində olan bala arıları idarə edir. Hər bir arı anasının iyisinə öz yuvasına daxil ola bilər.

Ümumiyyətlə, arıçılıqda əsas məsələ yuvaların yerləşdiyi yer və arıların gəzdirilməsidir. Əsas odur ki, müəyyən sahələr-meşələr, dağlar olsun ki, arıları vaxtlı-vaxtında gəzdirmək mümkün olsun. Yoxsa  arıçılıqla məşğul olmağın heç bir çətinliyi yoxdur. İnsan hansı məşğuliyyəti sevirsə, həmin işi yerinə yetirə bilir. Yoxsa, pul üçün arı, inək və.s saxlamaqla hansısa işin öhdəsindən gəlmək olmur”.

 A.Ələkbərov balın hazırlanma prosesini də qeyd etdi:

“Balın hazırlanması əslində o qədər də uzun vaxt tələb etmir. Hansı çiçəkdə şirə varsa, arı 10-20 günə istədiyini gətirir və məhsulu verə bilər. Müəyyən fəsadlar ola bilər. Məsələn külək əsməsi və gün çıxması şirəni qurudur. Balın əsrlərlə saxlanması mümkündür. Bağlı olduğu halda heç bir problem yoxdur”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu