İnfeksionist: "Yoluxan uşaqların sayı heç də az deyil sadəcə...” – Valideynlər, diqqətli olun ! 

“Xəstəlik özünü büruzə vermədiyi üçün ana şübhələnmir və övladını testdən keçirmir”

“Nəticədə virusu aşkara çıxara bilmirik. Ona görə də ümumi rəqəmdə uşaqların yoluxma sayı az olur”


Azərbaycanda koronavirusa yoluxan uşaqlarla bağlı statistika açıqlanıb. “Koronavirusinfo.az” saytında tirajlanan məlumata görə, 0-9 yaşlı uşaqlar arasında yoluxma 5 faiz təşkil edir. Ən çox yoluxma isə 50-59 yaşlı insanlarda qeydə alınıb.
Ümumilikdə yaş qrupları üzrə yoluxma belədir: 10-19 yaş – 6 faiz, 20-29 yaş – 14 faiz, 30-39 yaş – 18 faiz,  40-49 yaş – 15 faiz, 50-59 yaş – 21 faiz, 60-69 yaş – 16 faiz, 70-79 yaş – 4 faiz, 80 yaşdan yuxarı – 2 faiz.

Məlumdur ki, ölkəmizdə bağçaların və orta məktəblərin fəaliyyəti bərpa edildi. Bu baxımdan azyaşlı uşaqların virusa yoluxma təhlükəsi müzakirə mövzusudur. Xüsusilə valideynlərin bəzi  narahatlıqları var. Ona görə də tədris prosesində uşaqların qorunması, immun sisteminin  gücləndirilməsi vacibdir.



TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti  Nəzrin Mustafayeva “Sherg.az”a bildirib ki, əslində 0 yaşdan başlayaraq bütün yaş qruplarında olan insanlar arasında yoluxma ehtimalı eyni dərəcədədir. İnfeksionist vurğulayıb ki, sadəcə olaraq azyaşlı uşaqlar xəstəliyi daha az əlamətlərlə, böyük əksəriyyəti isə heç bir əlamət olmadan keçirir:

“Ola bilər ki, uşaqda qızdırma, halsızlıq kimi hallar yoxdur, amma koronavirusa yoluxub. Xəstəlik özünü büruzə vermədiyi üçün ana şübhələnmir və övladını testdən keçirmir. Nəticədə virusu aşkara çıxara bilmirik. Ona görə də ümumi rəqəmdə uşaqların yoluxma sayı az olur. Nisbətən yaşlı adamlar isə qızdırma olan kimi koronavirusdan şübhələnirlər və test etdikdə nəticələri pozitiv çıxır. Ümumi saya bu faktor əhəmiyyətli dərəcədə təsir göstərir”. 

N.Mustafayevanın sözlərinə görə, elmi ədəbiyyatda göstərilir ki, koronavirus “ACE2” reseptorlara bağlanmaq vasitəsilə orqanizmə daxil olur:

“Araşdırmalar sübut edir ki, bu reseptorlar uşaqlarda az olduğu üçün onların yoluxması, yoluxduqları zaman isə xəstəliyin ağırlıq dərəcəsi çox da şiddətli olmur.

Məktəblər və bağçalar açıldı. Bu zaman çoxları deyə bilər ki, uşaqlar onsuz da xəstəliyi yüngül keçirirlər. Bunun üçün rahat ola bilərik. Amma uşaqlar xəstəliyi yüngül keçirsələr də, bu xəstəliyi ev sakinlərinə yoluxdura bilərlər. Hər evdə olmasa da, ailələrin böyük əksəriyyətində yaşlı insanlar var.

Onlar risk altında olurlar. Bu baxımdan məktəb və bağçaların açılması əslində yaşlı insanlar üçün risklidir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu