Azərbaycan Prezidentindən Türkiyəyə böyük jest... – İki bədəndə bir can ! 

“Qardaş ölkə ilə problemlərimiz, düşmənlərimiz və dostlarımız eynidir”

“Yunanıstanın içində olduğu birliklərə dərs oldu ki, kim Türkiyəyə qarşı olacaqsa, Azərbaycan qardaşlıq amilini əsas götürəcək”

“Bakı ortaq əlaqələrdə olmaq istəyirlərsə, Ankara ilə xoş münasibət qurmaq məcburiyyətindədirlər”


Prezidenti İlham Əliyev Yaponiya və Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirlərini qəbul edib. Ölkə başçısı Azərbaycanın xarici siyasətini və milli maraqlarımızı səfirlərin diqqətinə çatdırıb.
Prezident görüş zamanı Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləyib:
“Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Türkiyə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da Türkiyənin yanındadır”.

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu dəstək üçün Prezident İlham Əliyevə təşəkkür edib:
“Çox sağ olun, Cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç zaman şübhə etmədik! Türkiyə də hər zaman tərəddüdsüz Azərbaycanın yanında olacaq. Tək millət, iki dövlət!”.



Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Sherg.az”a bildirib ki, Prezidentin kəskin şəkildə iki dəfə təkrarlayaraq Türkiyənin bizim üçün qardaş dövlət olduğunu deməsi çox mühüm məsələ idi. Partiya sədri hesab edir ki, Prezidentimizin bu çıxışı həm Türkiyə, həm də Azərbaycan cəmiyyətində böyük məmnunluqla qarşılandı:

“Bütün çətin anlarımızda Türkiyə yanımızda olub. Biz də qardaş ölkənin yanında olmağı bacarmalıyıq və bacarmışıq da. Ölkə başçısı iclasların birində Türkiyə tərəfdən kimsə iştirak etməyi üçün Ermənistanın sabiq Prezidenti Sarkisyana sərt cavab verdi. Prezident bildirdi ki, “Türkiyə nümayəndəsi burda olmasa da, mən burdayam””. 

F.Quliyev qeyd edib ki, qardaş ölkə ilə problemlərimiz, düşmənlərimiz və dostlarımız eynidir:

“Prezident bir irad da bildirmişdi ki, Yunanıstan, Cənubi Kipr və Ermənistan üçlük olaraq müttəfiqlik edirlər və Azərbaycana qarşıdırlar. Əslində bu üçlük elə Türkiyəyə də qarşıdır. Bu zaman qısa dövr ərzində Prezidentimizin ortaya qoyduğu mövqe çox məsələlərə işıq saldı.

Ortaq düşmənlərimizin olması bütün dünyaya dərs oldu ki, nə olur olsun, heç vaxt qardaşımızın yanından çəkilmərik. Tarixən də belə olub. Nuru Paşanın başçılığı ilə Anadolu türkləri gəlib Azərbaycanda şəhid olub, həmçinin Azərbaycan türkləri Türkiyədə canından keçib. Bu ənənə yenə davam edir”. 

Son dövrlər Türkiyəyə qarşı qruplaşmaların olduğunu diqqətə çatdıran partiya sədri vurğulayıb ki, hətta müsəlman dövlətlərinin ortada namərd davranışları görünür:

“Belə məqamda Azərbaycanın Türkiyəni müdafiə etməsi çox mühüm bir məsələ idi.  M.Çavuşoğlunun təşəkkürü siyasi mənada çox böyük bir dəstəyi aldığının nümunəsi idi. Yunanıstanın içində olduğu birliklərə dərs oldu ki, kim Türkiyəyə qarşı olacaqsa, Azərbaycan tərəfi bütün iqtisadi-siyasi münasibətlərdə bu amili əsas götürəcək.

Enerji asılılığı ilə bağlı olaraq Avropa  dövlətləri başqa məqamlarda Azərbaycanla ortaq münasibətlərdə olmaq istəyirlərsə, Türkiyə ilə xoş münasibət qurmaq məcburiyyətindədirlər. Prezidentimizin bu açıqlaması çox böyük jest idi. Partiya sədri olaraq ölkə başçısına təşəkkürlərimi bildirirəm”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu