“Nazirimizin Rusiyaya verməli olduğu məntiqi suallar çoxdur”- AKTUAL 

“Ermənilərin mövqeyi Moskvanın vasitəçiliyinə ziddirsə, deməli, siyasətdə hansısa dəyişikliklər olmalıdır. Məntiq bunu göstərir”

“Belə fikirlər səslənir ki, işğal olunmuş ərazilərin bir qismi birinci mərhələdə azad edilməlidir”

“Ermənilər bunu qəbul etmirlərsə, onda Kreml hərbi balansı saxlamaqla birbaşa ermənilərin mövqeyinə güc verib, dəstəkləyir”

 
Azərbaycanın müdafiə naziri general -polkovnik Zakir Həsənov Moskvaya səfər edib. Səfərin məqsədi MDB və Şanxay əməkdaşlıq təşkilatı müdafiə nazirləri Şurasının iclasında iştirak etməkdir. Bu səfərlə bağlı ictimaiyyətimizi düşündürən müəyyən suallar var. Bu yaxınlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ölkəmizə səfərində məhz bu məqamlar müzakirə edildi. Rusiyalı nazir Ermənistana silah göndərilməsinin hərbi məqsəd daşımadığını söylədi. Qarşı tərəf bəhanələrlə suallardan yayınıb, əsassız cavablar səsləndirsə də, həqiqət bəllidir. Bəs, müdafiə nazirimizin Moskva səfərində bu faktlar müzakirə edilib, hansısa nəticələr ələd edilə bilərmi?

Suallarımızı cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a söyləyib ki, doğrudan da, bəzi məsələlər Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat edir:

“Söhbət Ermənistana silahların göndərilməsi ilə əlaqədardır. Hesab edirəm ki, səfər çərçivəsində bu məsələlərə aydınlıq gətiriləcək. Bəzən Rusiya tərəfindən belə fikirlər səslənir ki, guya onlar balans saxlamağa üstünlük verirlər.

Birincisi, balans saxlamaq onların hansı öhdəliklərindən irəli gələn məsələdir? İkincisi, onlar bu fikri söyləyirlərsə və ermənilərin mövqeyi Rusiyanın vasitəçiliyinə ziddirsə, deməli, siyasətdə hansısa dəyişikliklər olmalıdır. Məntiq bunu göstərir. 

Bəzən eşidirik ki, Rusiya tərəfi bəyənatlar yayır. Belə fikirlər səslənir ki, işğal olunmuş ərazilərin bir qismi birinci mərhələdə azad edilməlidir. Ermənilər bunu qəbul etmirlər.

Qəbul etmirlərsə, onda Rusiya hərbi balansı saxlamaqla birbaşa ermənilərin mövqeyinə güc verib, dəstəkləyir. Məntiqi suallar çoxdur. Hesab edirəm ki, cənab nazir ictimaiyyətimizi narahat edən sualların hamısını təkrarən Rusiyaya verəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu