"Neftin qiyməti iki istiqamətdə dəyişə bilər” – Son hədd göstərildi 

“Ya 45-50 dollar, ya da 40-45 dollar dəhlizi arasında möhkəmlənəcək”

Dünya bazarında neftin qiymətində azalma müşahidə edilib. WTI markalı neftin oktyabr fyuçersləri 0,89 faiz azalaraq bir bareli 41 dollara (71 manat) düşüb. “Brent” markalı neftin noyabr tədarükü üçün fyuçersləri 0,77 faiz azalaraq bir barreli 43,73 dollara (74,341 manat) qədər azalıb.


Qiymətin ucuzlaşmasında müxtəlif iqtisadi faktorlar rol oynayır. Lakin belə olduğu halda OPEK-in neft hasilatı ilə bağlı qərarları önəm kəsb edir. Maraqlıdır, neftin qiyməti ucuzlaşacağı təqdirdə OPEK-in neft hasilatını artırmaq ehtimalı varmı?



Neft Araşdırmalar Fondunun rəhbəri, iqtisadçı İlham Şaban “Sherg.az” söyləyib ki, dünən “Brent” markalı neft London birjasında maksimum qiymətindən 3 dollara qədər ucuzlaşdı: 

“Neft dünən 43 dollara qədər ucuzlaşmışdısa, itirilmiş mövqelərini möhkəmləndirərək 44.25 dollar səviyyəsindədir”

Ekspert neftin qiymətində birdən-birə ucuzlaşmanın səbəblərini də açıqlayıb:

“ABŞ-da Amerika Enerji Administrasiyasının sentyabrın 1-də  açıqladığı məlumata görə, 9 milyon bareldən artıq kommersiya neft ehtiyatları azalıb. Adətən bu göstərici aşağı düşəndə neftin qiymətində artım müşahidə olunur. İndi isə əksini müşahidə edirik. Neftin qiyməti ucuzlaşmağa doğru getdi. Bu da ondan qaynaqlanırdı ki, OPEK avqustda hasilatın azalması ilə bağlı ilk güclü azalmanı aradan götürdü.

Sentyabrda isə azalmanın yumşalması nəticəsində daha çox neft həcmlərinin çıxarılması gözlənilirdi. Lakin məlum oldu ki, OPEK ölkələri avqust ayında bu öhdəliyi yerinə yetirməyiblər, bazara nəzərdə tutulandan az neft daxil olub”. 

İqtisadçının sözlərinə görə, başqa birjalarda koronavirusun ikinci dalğasının gözləndiyi xəbəri tüğyan edir. Sentyabrda neft hasilatı artsa da, koronavirus bazar iştirakçıları arasında inamsızlıq toxumu səpib:

“Bu inamsızlıqdan qaynaqlanaraq neftin qiymətində dəyişmələr oldu. Növbəti həftədən OPEK-in Monitorinq Komitəsinin iclası olacaq. Bu zaman tövsiyələr veriləcək, sentyabrın 10-dan sonra OPEK-in avqust ayının hesabatı olacaq.

Eyni zamanda ictimaiyyətə Beynəlxalq Enerji Agentliyinin dəqiq hesabatı açıqlanacaq.

Bu faktorlar neftin qiymətləri və bazar iştirakçılarının növbəti aylarda tərəddüd etdiyi məsələlərin aradan qaldırılmasına köməklik edə bilər. Nəticədə neftin qiymətinin iki istiqamətdə dəyişməsi olacaq: ya 45-50 dollar dəhlizinə istiqamət olacaq, ya da neft öz mövqelərini 40-45 dollar dəhlizi arasında möhkəmləndirəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu