Cənablar, xəttlər ağ olsa, üzünüz də ağ olar: ən günahkar bənd sizsiniz !

“Çox yerdə piyada xəttləri ya silinib, ya da görünməyən yerdə çəkilib”

“Belə bir məqamda sürücünü də, piyadanı da qınamaq olmaz. Günah yol hərəkətini təşkil edən qurumdadır”

“İldə bir dəfə piyada xəttlərinə baxış keçirilməlidir. Qüsur aşkarlananda operativ addım atılmalıdır”


Sürücülərlə piyadaları üz-üzə qoyan ən böyük problem “zebra” kimi tanınan piyada keçidləridir. Belə ki, bəzən piyada arxayınlıqla yolu keçir, sürətlə hərəkət edən sürücü isə əlini pəncərən çıxarıb təhqirlərə başlayır, yerdə piyada keçidinin olmadığını iddia edir. Əslində onu da qınanılası deyil. Çünki şəhərin bir çox yerlərindəki piyada keçidləri, demək olar, görünmür. Yəni Nəcəf bəy Vəzirovun eyni adlı əsərində deyildiyi kimi, adı var, özü yox. Adı da birdəfəlik ləğv olunsa idi, işimizi bilərdik...



 Amma hələ ki, var. Deməli, özünün də varlığına çalışmalıyıq. Belədə qəzaların sayı xeyli azalar. Sözügedən məsələ ilə bağlı indiyədək piyadalarla sürücülər bir-birilərini ittiham edirdilər. Nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynovun “Sherg.az”a verdiyi açıqlamada isə məlum olub ki, günah nə ondadır, nə bunda: 

“Çox yerdə piyada xəttləri ya silinib, ya da görünməyən yerdə çəkilib. Belə bir məqamda sürücünü də, piyadanı da qınamaq olmaz. Günah yol hərəkətini təşkil edən qurumdadır. Çalışmaq lazımdır ki, piyada keçidləri həmişə yaxşı görünsün. Bu günlərdə Mətbuat prospektində yolda çatlar əmələ gəlmişdi. Həmin yerə beton töküldü.

Sonradan qır hərəkət edən maşınların təkərlərinə bulaşdı və nəticədə ağ xəttlər də qaraldı, görünməz hala gəldi. Belə məsuliyyətsizliklərə yol verməz olmaz. Təhlükəsizlik naminə piyada keçidi xəttlərinin görünməsi çox vacibdir. Ümumiyətlə, onlar zərurət olan, standartlara uyğun və təhlükəsiz yerdə çəkilməlidir.

Elə etmək lazımdır ki, həm sürücü xəttləri yaxşı görsün, həm də piyada yolu tam təhlükəsiz, rahat keçə bilsin. Eyni zamanda ən bahalı boyalardan istifadə edilməli, piyada xəttlərinə dövri nəzarət olmalıdır.

Ümumiyyətlə, ildə bir dəfə piyada xəttlərinə əsaslı baxış keçirilməlidir. Hansısa qüsur, sıradan çıxma olanda isə mütləq operativ addım atılmalıdır. Əks halda belə problemlər, sürücü-piyada qarşıdurmaları səngiməyəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu