Yazıq fəhlənin gününə, həyatının dəyəri yoxdu

Bədbəxt hadisələrin, xəsarət alanların daha çox olduğu sahə tikintidir

Gəncə şəhərində inşa olunan hündürmərtəbəli  binadan yıxılan usta ölüb. 1991-ci il təvəllüdlü Azər Yusifov “Hünər İnşaatçı” MMC tərəfindən inşa olunan hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən yıxılıb. 
Bakıda isə tikinti işi aparılan ərazidə kran aşıb. Hadisə Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində baş verib. Yaxınlıqda olan avtomobillərə və yaşayış binasına ziyan dəyib, bir nəfər ölüb.

Günümüzdə əməyin təhlükəsizliyi bəlkə də ən vacib amildir. Tikinti şirkətlərinin məsuliyyətsiz və laqeyd yanaşması bir tikə çörək üçün çalışanların canını alır. Əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı qaydalara əməl olunmur. Bu məsələ daim gündəmə gətirilib işıqlandırılsa da, mövcud problemlər həllini tapmır.

Baş verənləri “Sherg.az”a dəyərləndirən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də hər bir şirkətin məsuliyyətli olmağının zəruriliyini qeyd edib. 
Onun sözlərinə görə, tikinti şirkətləri ilə yanaşı, nəzarət funksiyasını yerinə yetirən Dövlət Əmək Müfəttişliyi də yoxlamalar həyata keçirərək, təhlükəsizlik tədbirlərinin reallaşdırılmasına çalışmalıdır:

“Əmək bazarının bədbəxt hadisə və qəzalar baş verən, xəsarət alanların daha çox olduğu sahəsi tikintidir. Bunun ilkin səbəbi əlbəttə ki, lazımi təhlükəsizlik önləmlərinin alınmamasıdır. Bəzən tikinti şirkətləri təhlükəsizlik üçün lazım olan avadanlıqları artıq xərc hesab edirlər və almaqdan imtina edirlər. Bununla yanaşı nəzarət funksiyası da zəif olduqda obyektdə çalışan işçilərin və ərazidən keçən vətəndaşların həyatı üçün təhlükələrə yol açılır”.

Hüquq müdafiəçisi qeyd edib ki, istənilən müəssisənin işçilər qarşısında öhdəlikləri var:

“Hər bir şəxs işə götürülən zaman onunla əmək müqaviləsi imzalanır. Əmək müqaviləsinin mühüm şərtlərindən biri olan əməyin mühafizə qaydalarının təmin edilməsi birbaşa müəssisənin öhdəliyindədir. Hər bir müəssisə işçiləri əvvəl əməyin mühafizə qaydaları ilə tanış etməlidir. Lakin əksər tikinti şirkətləri səhlənkarlığa yol verirlər. Nəticədə bədbəxt hadisələrin ardı-arası kəsilmir”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu