QALA - Tikdim ki, izim qala, tikmədim ki... - Abidələrin danışdığı kənddən reportaj ! (Fotolar)


İşdən çıxandan sonra vaxt itirmədən metronu əvəz  edən “M” təyinatlı avtobuslara minir, “Koroğlu” metrostansiyasının yolunu tuturam. Təxminən 40 dəqiqədən sonra lazımi yerə çatıram. Gözüm Qala qəsəbəsinə gedən avtobusları axtarır. Ətrafdakı mənzərə tanışdır. Limon satan yaşlılar, imkanı olsa, insanları zorla maşınlarına basmağa hazır olan taksi sürücüləri... Elə “101” nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda gördüklərim də məni təəccübləndirmir (trayektoriyaları təxminən eyni olan “150” ilə “187”-dən heç bir fərqi yoxdur). Bir neçə dəqiqədən sonra avtobusun salonu bazarı xatırladır. Limon, “kukruz”, ağcaqanad dərmanı, sənəd qabı... satanların səsi aləmi bürüyür. Xidməti geyimsiz sürücü 10-15 dəqiqədən sonra, nəhayət, maşını işə salır. Əsl konsert də elə bundan sonra başlayır. Sürücü maqnitofonda ancaq özünə xoş gələn bir mahnı tapır və gah telefonla danışaraq, gah tum çırtlayaraq, gah da siqaret  çəkərək yola qoyulur. O da “Ya Allah” deyir, sərnişinlər də...



 Nə isə. Həmişə olduğu kimi həyəcanla keçən yarım saatdan sonra mənzil başına çatıram. Sabah buralardan - mənə çox doğma olan Bakı kəndindən reportaj hazırlamalıyam. Odur ki, enerji yığmağa başlayır, səhəri gözləyirəm...
***
...Hava xeyli istidir. Ola bilsin, koronavirus pandemiyası ekologiyaya da təsir edib. İqlim tədricən sərinləşmək əvəzinə, isinir. Bir də gördün, onun da üzünə ağ maska taxdırdılar...

 Küçələr elə dardır ki. Lap “qoşa badam sığmaz” misalı. Digər kəndlərin əksəriyyətində olduğu kimi, burada da hündürmərtəbəli binalara rast gəlmək mümkün deyil.  Bir və ikimərtəbəli evlər isə nə qədər desən, var. Şükür, deyəsən, xeyli müddətdən sonra qaz, su problemi də həll olunub. Küçələrə asfalt da çəkilir.

 Məhəllələrin arasında bir-iki xudmani marketə rast gəlmək mümkündür. Türklər belə mağazalara “bakkal” deyirlər. Əlbəttə, sakinlər gündəlik ehtiyaclarını - çörək, çay, duz və sair buradan alırlar. Əməlli-başlı bazarlıq etmək istəyənlər isə magistral yolun qırağıında yerləşən super-marketlərə getməlidirlər. Çətin olsa da, başqa variant yoxdur. Yerli əhalinin sözlərinə görə, adətən bazarlıqdan evə taksi ilə qayıdırlar. Çünki hər gün bazarlıq etmək imkanı olmadığından bəzən bir əldə iki torba tutmalı olurlar. Bu da iki-üç manat baha başa gəlir. İşin nisbətən təsəlliverici tərəfi ondan ibarətdir ki, taksi sürücüləri də həmin ərazidə yaşayırlar. Qonşudurlar deyə, biri-birlərini başa düşürlər. Həm də kənd yeridir də. Onsuz da hamının qayğısı evinə bir tikə çörək apara bilməkdir. 



 Görünür, məhz həmin qayğı ilə əlaqədardır ki, uşaqlar hələ kiçik yaşlarından zəhmətə alışmalı olurlar. Bəzi övladlar işlərində atalarına kömək edir, bəziləri isə mal-qoyun otarır, çobanlıqla məşğul olur...

 Qalada gəzməli, görməli yerlər kifayət qədərdir. Burada tarixi məkanlar heç də az deyil. Vurğuladığım məqam Qalanın qədim tarixinə işarədir. Belə ki, Qalada ən qədim yaşayış məskəni Tunc dövrünə aiddir. İlk tapıntılar kəndin cənub hissəsində əldə edilib. Burada müxtəlif daş tikili qalıqları, saxsı qırıntıları və üzərində rəsmlər olan daşlarla zəngin qədim yaşayış məskəni aşkar edilib. Ümumiyyətlə, Qala kəndində və ona bitişik olan ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur.

Burada eramızdan əvvəl III minilliyə aid tarixi mühit qorunub saxlanılır. Qala kəndinin ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri — 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. mövcuddur. 

Beş min illik tarixə malik olan Qala kəndində bir neçə məhəllə olub. Bunlardan Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çəmbərəkənd bugünədək qalıb. Təbii ki, tədricən kənd öz görkəmini dəyişib, nisbətən müasirləşib və adını çəkdiyimiz məhəllələrin sırasına yeniləri əlavə edilib. 



 Fəqət hər daşına, qayasına qədər tarixiliyini qoruyan ərazilərə də rast gəlinir. Məsələn, ilk baş çəkdiyim yer olan və “Daş muzeyi” kimi tanınan ərazi buna misaldır. Qapıdan içəri girən kimi özümü əsrlər əvvələ qayıtmışam tək hiss edirəm. 

Yəqin, hava isti olduğuna görədir ki, ətrafda o qədər çox insan yoxdur. Telefonumu çıxarıb fotolar çəkməyə başlayıram. Bütün eksponatlar, o cümlədən müxtəlif heyvan heykəlləri (dağ keçisi, ayı, ceyran və s.) daşdandır. Adı ilə (yaxud yerli əhalinin qoyduğu adla) da səsləşir.

Ərazi müxtəlif ağac və bitki növləri ilə dolu olduğundan həm də meşəliyi xatırladır. Uzaqdan kərpic rəngli tikilini görən andaca yadıma Xudafərin körpüsü düşür. Hələ XI əsrdə, əyni düz 10 əsr əvvəl Şəddadilər dövründə tikilən o məşhur körpü. O vaxt Şəddadi hökmdarı Fəzl İbn Məhəmməd Rəvvadilərlə mübarizə aparmaq məqsədilə bu körpünü inşa etdirmişdi. Deməli, narahat olmağa dəyməz. Müharibə, dövlətlər arasındakı konflikt təzə meydana çıxmayıb. Bütün dövrlərdə olub və olacaq. Həmişə kiminsə dediyi kiminsə boğazından keçməyəcək və daha güclü tərəf qalib gələcək. 


 Çəmənliklərdəki lövhəciklər və üzərlərindəki yazılar diqqətimi çəkir. Bəzilərində “Təmizliyə riayət edilin” yazılıb. Sözsüz ki, insanları məsuliyyətə çağırmaq baxımından belə addımlar xüsusi əhəmiyyətlidir. İstər-istəməz daha  diqqətli olur, üzərində ictimai qınağı hiss edirsən və əlindəki su şüşəsini, ya da siqaret kötüyünü necə gəldi yerə atmaq əvəzinə, zibil qutusu axtarırsan. 

 Buna  baxmayaraq, elə lövhəciklər var ki, üzərindəki yazıları nə qədər istəsəm də oxuya bilmirəm. Birinci sinif şagirdləri kimi hecalayıram-hecalayıram, amma nə fayda? Konkret işlə məşğul olan səlahiyyətli şəxslər daha diqqətli olmalı, rəng pozulan kimi onu bərpa etməlidirlər. Oxunmayandan sonra, vallah, Quran ayəsi yazsan da xeyri yoxdur. 

 Böyük göl ətrafa xüsusi gözəllik verir. Qədim insanlar həmişə belə edirdi - sahildə oturur, tilovlarını suya ataraq balıq tuturdular. Tarixdən də bildiyimiz kimi, ovçuluq, maldarlıq, dulusçuluq, balıqçılıq ən qədim insanın əsas məşğuliyyətləri olub. Əslində indi məhz bu məqamı xatırlamağım əbəs deyil. Yuxarıda vurğuladıq axı, Qala ölkənin ən qədim yaşayış məskənlərindəndir.



Xatırladım ki, Qala kəndinin adı bilavasitə «qala» ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimologiyasına əsaslanır. Yerli yaşlı sakinlərin bəzisi kəndin adını «mühafizə olunan yer» kimi mənalandırır, başqa sözlə alınmaz, məğlubedilməz yer, kənd. Digər qisim isə sözün məhz birbaşa mənası ilə, yəni «qala» ilə əlaqələndirir.

Tarixi dəlillər ikinci gümanı daha çox təsdiqləyir. Burada XIV və XVII əsrin birinci yarısında inşa olunmuş qala istehkam və müşahidə qalaça tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə üstünlük verir. Qeyd edək ki, XIV əsrə məxsus bu qala kəndin ən hündür yerində qaya üzərində inşa edilib. Paralel elmi tutuşdurmalar göstərir ki, bu qala konstruktiv memarlıq, həmçinin inşaat xüsusiyyətlərinə görə Mərdəkan, Şağan, Ramana və s. kəndlərdəki dördkünc qalalar tipinə aiddir.



Yaşlı sakinlərin dediyinə görə, qalanın dibində zirzəmiyə oxşar yer olubmuş; guya, burada təhlükə vaxtı 1000-1500 yaxın adam mühafizə oluna bilib. Bu, dəqiq olmasa da, Qalanın qalası əzəmətli olub. Sonradan qala dağıldığı üçün XVII əsrdə qala daşlarından bürclərdən birinin yerində məscid tikilib.

Həyətində yeraltı yollar, kommunikasiya sistemləri aşkarlanıb. Kənd əhalisi ətrafdan XIV-XV əsrlərə məxsus mis pullar tapıb. Nadir şahın ruslarla müharibə apardığı dövrdə kənddə tikilmiş müşahidə qalasının yeri indi məlum deyil. Çox güman,  o, dairəvi formada olub. Yeri gəlmişkən, XVII əsrin ikinci yarısına kimi mənbələrdə kənd Nadiri-Qala adlanıb.

 Gəzə-gəzə gəlib səkiyə çıxıram. Həqiqətən, çox maraqlı düzəldiblər buraları. Məndən bir az aralıda iki azyaşlı uşaq oyuncaq maşın sürür. Çox xoşbəxt görünürlər...

 Ancaq yeniyetmə və gənclərin əyləncəsi də unudulmayıb. “Kartinq” deyilən sürət maşınları marağıma səbəb olur. Bir dəfə sürmüşəm. İnsan özünü lap Mixail Şumaxel kimi hiss edir. Qiymətini soruşmaq məqsədilə bir səlahiyyətli şəxs axtarsam da, təəssüf ki, tapa bilmirəm. 
...Üz-üzə dayanan iki at da mənə feodal dövlətləri xatırladır. Hansı model maşın kəşf olunur-olsun, ata maraq heç vaxt azalmayacaq. Ruhunda məğrurluq, əzmkarlıq var çünki...



 Budur, zirvəni fəth etmiş qartal da qarşımdadır. Niyə məhz qartal? Bax, bu da Azərbaycanın şanlı tarixini səciyyələndirən növbəti məqamdır. 
 Xeyli gəzir, fotolar çəkirəm. Sonra yenidən magistral yola sarı qayıdıram. Qoruqla paralel-yolun bu biri üzündə ucu-bucağı görünməyən badamlıqlar uzanır...

 Badam ağaclarına baxa-baxa yol boyu addımlayıram. Maşınlar sürətlə yanımdan keçirlər. Bir də arxaya boylanıram ki, uzaqdan “Qala” sözləri aydın oxunur.  


 
Geri  qayıdıram. “Dörd yol” kimi tanınan yerdən sola, küçəyə buruluram. Adətən bu vaxtlar, yəni günortalar bura çox sakit olur. Heç insana da rast gəlməzsən. Günün odunda kim çölə çıxar ki? Sadəcə, hərdən bir kimsə satılıq torpaq almaq məqsədilə gələr. Yəqin, digər daşınmaz əmlaklartək torpağın da qiyməti indi ucuzlaşıb...

 Hə, onu deyirdim axı, günorta kənd səssiz olur. Amma səhər tezdən xoruzların banlamasına,  gecə saatlarında itlər hürüşməklə cavab verirlər...
 Qalanı bir kənd kimi səciyyələndirən ən əsas məqam, əlbəttə, onun tarixi və indiki dövrə gəlib çatan abidələridir. Tarixçi-alim Dilavər Əzimli demişkən, hər bir dövlətin tarix onun tarixi abidələri ilə ölçülür.

Görünür, Qala elə qalmaq, gələcək nəsillərə də ötürülmək üçün salınıb. Odur ki, gərək hər xırda detala diqqət yetirək, mövcud şəraiti daha da yaxşılaşdırmaq naminə çalışaq.



 Oxucu elə bilməsin ki, ilk abzasları əbəs yerə qeyd etmişdim. Yox, əsla. Bu gün Qala camaatının ən böyük problemi məhz ictimai nəqliyyatla bağlıdır. Əgər kənd başdan-başa inkişaf edir, yenilənir, qədimliklə müasirliyin vəhdətinə çevrilən bir məkan qismində turistlərin də diqqətini cəlb edirsə, niyə xəttə müasir, kart sistemli avtobuslar buraxılmasın? Gərək bu məsələyə lazımi diqqəti ayıraq ki, Qala hələ uzun illər qalsın.


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu