Hipnoz yuxudur, yoxsa illuziya?- Mütəxəssislərdən ətraflı izah 

“Hipnoz kiminsə psixologiyasına nəzarət etməkdir”

“Mən hipnozu psixoterapiya vasitəsi kimi ideal hesab etmirəm”



Hipnozla bağlı müxtəlif fikirlər var. Bəziləri bunu elm kimi qəbul etdiyi halda, bəziləri də sadəcə illuziya olduğunu deyir. Əgər ikincidirsə, deməli, neçə onilliklərdir bizi aldadıblar? Sağ olsa, psixoanalizin banisi Ziqmund Freyddən bunu soruşardıq...Amma heyfslənməyə dəyməz. İndi ölkəmizdə özlərinin dəqiq fikirləri ilə uzun çəkən həmin müzakirələrə birdəfəlik son qoymağa qadir mütəxəssislər var. 


 
Uzman psixoloq Gülnarə Muxtarova “Sherg.az”a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Hipnoz” sözünün hərfi tərcüməsi “yuxu” olduğuna görə, bəzən insanlar, həqiqətən, yuxuya getdiklərini düşünürlər. Əslində isə belə deyil. Proses zamanı şüur tamamilə açıq olur. Hipnoz kiminsə psixologiyasına nəzarət etməkdir. Bu zaman hipnoza uğrayan qarşı tərəfə istər-istəməz itaət edir. Ona görə də hipnozla məşğul olanlar avtoritar xarakterə malik olmalıdırlar.

Qeyd edim ki, heç də hər insanı hipnoz etmək mümkün deyil. Təlqinə meyillilərdən, yəni daha çox yaşlılardan və uşaqlardan fərqli olaraq, güclü iradə sahibləri hipnoza uymurlar. Ən vacib məqam hipnoz edənin peşəkarlığıdır. Bu adam psixoloq yox, hipnoterapist olmalıdır.

Çünki hipnoz kifayət qədər təhlükəlidir. Deməli, proses razılıq əsasında həyata keçirilməli və mütləq hipnozun məntiqi, hansı texnika üzrə baş tutacağı izah edilməlidir. Anidən hipnoz etmək qeyri-professionallıqdır. Mən psixoloq olsam da, hipnozla məşğul deyiləm.

Amma bilirəm ki, hipnoterapiya bir çox narahatlıqların, o cümlədən yuxu problemlərinin, depressiyanın həllində mühüm rol oynaya bilir.

Yəni əgər effekt verirsə, hipnozun əleyhinə deyiləm. Buna baxmayaraq, bir daha təkrar edirəm, hipnozla məşğul olan şəxs xüsusi təlim keçməli, lazımi biliklərə sahib olmalıdır. Prosesin həyata keçirildiyi mühitdə səssizlik təmin edilməli, hipnoz olunanın fikri cəmlənməlidir”.



Tanınmış psixoterapevt Əli Nağıyev isə bu metodunun əleyhinə olduğunu deyib: 

“Haqqında danışdığımız termin yunan mənşəli söz olub “yuxu” deməkdir. Bəli, hipnoz var. Amma yalnız təlqinə meyilli adamlar hipnoza düşürlər. Və nəzərə almaq lazımdır ki, heç də hər kəs bu kateroriyaya aid deyil. Mən hipnozu psixoterapiya vasitəsi kimi ideal hesab etmirəm. Zənnimcə, ən optimal psixoterapiya dərk olunmayan travmanı dərk olunan səviyyəyə gətirməkdir.

Başqa sözlə desək, problemi iradi formada, koqnutiv düşüncə yolu ilə həll etmək daha yaxşıdır. Hipnozda isə insanın öz iradəsindən söhbət getmir. Bu, kodlaşdırmaya bənzəyir və uzunömürlü deyil”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu