"Evlənsəm anam, qohumlar xoşbəxt olacaq, mən yox..." - Eminquey Akif

 "Başqalarının həyat təcrübələrini özünə mayak götürmək ən böyük xəstəliyimizdir"

"Bir adam ki, yetim qalan qardaşı uşaqlarına görə məndən başqa övlad dünyaya gətirmək haqqında düşünməyib, sonrasını siz təsəvvür edin"

“Martin İden”ini oxuyub ayıldım. Ki, həyat çayxanalardan, barlardan, qızlardan ibarət deyil. Ömrü bunlara xərcləmək axmaqlıq olar"

"Mənə arzularımın dalınca qaçmağı öyrətmək əvəzinə, çox zaman arzularımın qarşısında durublarsa, kimi günahkar çıxarım?"

"Təsəvvür edin, ortada 10 min pul var, onun 3 mini müğənniyə, 3 minini modelə, 2 minini ekstrasensə verirlər, axırda 300-400 manatını da gətirib jurnalistə, yazı-pozu adamına verirlər"



 İki gündür feysbuk səhifəmi açan kimi qarşıma Eminquey Akifin statusları çıxır. Birincisi belə idi “hərdən atamı qınayıram, anam inciyir, küsür. Niyə qınamayım? 1998-ci ildə Almaniyaya gedirdin, hər şeyin hazır idi. Nə oldu? Niyə fikrindən daşındın? Niyə mənim və özünün gələcəyini kimlərinsə xoşbəxtliyinə dəyişdin?”. Qınaq, ittiham, narazılıq, peşmanlıq, bədbinlik, kədər…

Başdan-ayağa neqativ enerji. Qəribədi, deyilmi, koronavirus müayinəsində analizin nəticəsinin neqativ olmağına sevinir hamı. Sosialda isə neqativ mənfi yüklü deməkdi: qara, yəni. Amma çox üzügülərdi. Şəkillərinin əksəriyyətində elə gülür, hey. Emin – qu – ey. Söhbətimizdə oxuyacaqsız, bu adı götürməyini necə izah edir. Həə, ikinci statusunda yenə də narazılıq, əsəb, az qala psixoz vəziyyət. Şəhərə gəzməyə çıxıb, günlük həyatda hamımızın rastlaşa biləcəyi hallarla qabaqlaşıb. Amma susub. Susduğuna görə də özünə qəzəblidi. Qəzəbli statusunu oxudum, birdən yenə gülümsəyən fotosu çıxdı qarşıma. Bu nədi belə?! İstehza, rişxənd? Kimə, nəyə?.. Nə istəyir 27 yaşlı bu yaraşıqlı?       

- Emin, əvvəlki statusda atanızı - Allah rəhmət eləsin, statusda "bu gün sənin yoxluğun…" yazmısınız. Atanızı qınayırsınız ki, niyə Almaniyaya köçmək şansı olduğu halda getmədi. Kim, nə mane oldu atanıza? Niyə fikrini dəyişdi? 

- …1997-98-ci illərdə (3-4 yaşım vardı) atam qərar verir ki, Almaniyaya köçsünlər. O zamanlarda atam ali diplomla taksi sürürdü. Ölkənin də, insanların da ən çətin günləri idi. Sənəd-sünəd işlərini həll eləyir, evini satır. Hər şeyin hazır olduğu dönəmdə qohumumuz (indi yaşadığımız Xutorda) ev almışdı. Onun da şəxsi həyatında problemlər olur, evi satmaq qərarına gəlir. Mən bütün detallarına qədər bilmirəm. İndiki münasibətlərə təsir etməsin deyə danışmayıblar, amma bircə bunu bilirəm ki, atam öz qohum-əqrəbasına görə özünü oda-közə vuran adam idi. Bilirəm ki, o dönəmdə də belə-belə şeylər çox olub. Ya həmin adam çətində qalmasın deyə evi alıb, ya qohum-əqrəbasını düşünüb, bilmirəm. Nələrəsə görə indi yaşadığımız evi alıb və getmək fikrindən daşınıb. Bir adam ki, yetim qalan qardaşı uşaqlarına görə məndən başqa övlad dünyaya gətirmək haqqında düşünməyib, sonrasını siz təsəvvür edin. Bir sözlə, Almaniyaya getmək fikri Xutor kimi bataqlıqda yaşamaq fikrinə uduzdu.

- Düşünürsünüz ki, xaricdə yaşasaydınız xoşbəxt olacaqdınız? Əminsiniz buna? 

- Bəli, belə düşünürəm. Mənə və eləcə də kim ağzını açırsa ona ən çox deyilən fikir bu olur: başqa ölkədə ikinci sort olacaqsan, xoşbəxt olmayacaqsan. Mən razı, insan Vətənindən uzaqda istənilən yerdə ikincidir, yaddır. Amma insan yaşadığı ölkədə xoşbəxt ola bilmirsə, nə etməlidir? Özünü dəyişirsən, dəyişmək istəyirsən, doğmaların aman vermir. Cəmiyyəti dəyişmək üçün vurnuxursan, cəmiyyət aman vermir. Ölkəni dəyişmək üçün əlləşirsən, ölkə aman vermir. Arzuladığım nədir? İnsan kimi düşünə bilən cəmiyyət, insan kimi yaşaya bilən ölkə. O ölkə ki, ən xırda arzularımın belə əlində məəttəl qalmayacam. İçinə Günəş dolan ev, maddi problemlərdən uzaq ömür, boşa getməyən gənclik illəri və ən əsası bu ölkəyə lazımlı olmaq. Çox şeydirmi?
Mən polis olmaq istəyirdim, hazırlaşmışdım ki, akademiyaya imtahan verim, atam, anam qoymadı. Polislə bağlı daşlaşmış (hardasa haqq da qazandırıram) düşüncələri önümə qoydular: “haram pul yemək olmaz”. Sonra axına qoşulub iqtisadiyyatı seçdim. Oxudum, hazırlaşdım, kodlaşdırmada səhv oldu. 2012-ci ildə imtahan verənlər bilir, həmin dönəmdə qərarlar dəyişildi, imtahan balları dəyişildi, aləm bir-birinə dəydi, bir çox tələbə az bal yığdı. Mən sənədlərimi ikinci dəfə kollecə verdim. Qəbul oldum. Amma kollec diplomu bu ölkədə nə qədər keçərlidir? Ümumiyyətlə, kollecdə təhsil verilirmi? Kollecdə oxuduğum dönəmlərdə atamı itirdim. Evin problemlərinin içində təhsili yarım-yapalaq yola verdim. Yəni mən kadr kimi yetişə bilmədim, nə atam, nə də anam məni kəşf etmədilər. 



Bu gün qəzetdə işləyirəm. Bütün bunları atamdan sonra özüm eləmişəm. Ədəbiyyata, yazmağa həvəsimi də özüm kəşf etmişəm. BSU-da iki il yaradıcılıq kursunda oxumuşam. Sonralar isə fəhlə, “moyşik” və başqa işlərdə işləyə-işləyə mətbuat sahəsinə gəlib çıxdım. Bu, mənim arzum idi. Bircə bu məsələdə anamın dəstəyini gördüm. Gəldim, gördüm və məyus oldum... 
İndi bu qədər şeylərdən sonra kimi günahkar çıxarım? Mən öz günahlarımı yaxşı tanıyıram, amma mənim belə natamam bir adam olmağımda ailəmin, buranın təhsil sisteminin günahı azdırmı? Mənə arzularımın dalınca qaçmağı öyrətmək əvəzinə, çox zaman arzularımın qarşısında durublarsa, kimi günahkar çıxarım?
Misal üçün, Almaniyada ailələrin uşaqlarına qarşı davranmaqlarını, dövlətin öz vətəndaşına qarşı davranışlarını görəndə buradan getmək haqqında necə düşünməyim?  Son 4 ildə Azərbaycanı tərk edən 1 milyondan çox insan dəlidirmi? Bu qədər adam xaricdə təhsil almağa gedir, niyə? Niyə o 5 illik mühacir həyatını gözə alırlar? Axı mən ölkədə heç üçüncü, dördüncü sort kimi də yaşaya bilmirəm?! Sual böyük idi, cavab da böyük oldu…

- “Mənim kimi gəncdən 27 yaşlı "heç kim" düzəldib bu ölkə, bu cəmiyyət, bu doğmalar. Başqa da heç nə...” yazmısınız. Bu, heç xoşuma gəlmədi. Niyə özünüzə "heç kim" deyirsiniz? "Heç kimdən" də müsahibə alınarmı? 

- Yaşadığım ölkədə bir şair kimi, bir yazı-pozu adamı kimi özümü və gördüyüm işi lazımsız hiss edirəm. Yazdıqlarım çəkdiyim ağrıların, oxuduqlarımın, yaşadıqlarımın bəhrəsidir. Əgər bu gün hansısa qəzet, jurnal ona beş qəpik dəyər verirsə, əgər bu gün “özünə sənət tap” deyib rişğənd olunuruqsa, özümüzü necə lazımlı hiss edək? Bu dəyər təkcə pulla da ölçülmür, həm də mənəvi dəyər olmalıdır. Gəlin görək, bir şair bu ölkə üçün dəyərlidir, yoxsa hansısa ekstrasens? Təsəvvür edin, ortada 10 min pul var, onun 3 mini müğənniyə, 3 minini modelə, 2 minini ekstrasensə verirlər, axırda 300-400 manatını da gətirib jurnalistə, yazı-pozu adamına verirlər. Kim ruh düşkünlüyünə qapılmaz ki? Kim özünü lazımsız hiss eləməz ki? 

- Bəlkə heç yazmayasınız, lazımsızdısa... 

- Yazdıqlarım özüm üçün lazımdır. Çünki yazmaq artıq bir parçama, vərdişimə çevrilib. Yazmasam, yaşamaq daha çətin olar. Yazmaq artıq mənim taleyimə çevrilib. O adam yazmaqdan əl çəkə bilir ki, bu, onun taleyi deyil.

- Yazıya görə 5 qəpik almaqdan savayı başqa gəlir mənbəyiniz var? Necə keçinirsiniz? Yadımda ikən deyim, deyəsən, bir dostunuzla kafe açmışdınız. Necə oldu?

- Hazırda gəlir mənbəyim yazı-pozudan çıxır. Qəzetdən aldığım maaş, ara-sıra satılan kitablarımdan və aldığım xırda-xuruş qonorarlar. Hə, düzdü, dostumuzla bir neçə il qabaq kafe işlətmişik… 

- Şəkillərinizi görmüşəm, ondan bildim.

- O kafe həm qiymət cəhətdən, həm də dizayn cəhətdən yenilik idi. Əksər feysbuk dostlarım o kafeyə gəliblər, söhbətləşmişik. Dostum oranı dişiylə, dırnağıyla dizayn etmişdi. Sonra bizə maddi dəstək verən adamlarla aramız dəydi. İşi dayandırdıq. Əgər imkanım olsa, yenidən elə bir kafe açmaq istəyərəm.

-  İkinci statusu da oxudum, şəhərdəki əhvalatla bağlı. Ananız, Allah ömür versin, sizin üçün necə narahat olur, "sus, heç nə yazma" xahiş, təkid edir. Kiminsə sənin üçün narahatlıq keçirdiyini bilmək məgər xoşbəxt olmaq üçün azdı? Həm də bu şəxs anasa! Sizi sevən bir ürək, qəlb var, daim çırpınan. Hələ qarşıda ürəklərin sayının artması da təbii halda, gözləniləndi. Elə indi də sizi sevənlər az deyil. Kitab təqdimatı keçirmisiniz, nə qədər dostlarınız, sizi sevənlər, dəyər verənlər gəlib ora. Fotolarınız var. Hələ yəqin sizdən sevgi umanlar da bir xeyli var. Hiss olunur, paylaşımlardan. Belə bir gənc özünü niyə bədbəxt hesab etməlidir? Deyəsən, sual böyük oldu...



- Bilirsiniz, bəzən sevgi əzab da verə bilir, öldürə də bilir. “Akvarium, təzəcə doymuş balıqlara yem atır uşaq”. Bu, kitabımda olan kiçik şeirlərdən biridir. O uşaq yemi sevgilə atır, amma bilmir ki, balıqlar təzəcə doyub və atdığı yem o balıqları öldürəcək. İndi bəzən doğmalarımız, hətta anamızın belə sevgisi o uşağın sevgisi kimi olur. Əzab verir, ağrıdır.  Hamının, xüsusən də qadınların işlətdiyi aforizmdir – hər güclü kişinin arxasında bir qadın dayanır. Hanı o güclü qadınlar? Güclü qadın deyiləndə nə nəzərdə tutulur?  Ər şilləsinə dözən? Qayınana, baldız təzyiqinə tab gətirən? Kasıblığa ayaq uyduran? Bəs, öz övladının, öz ərinin qərarlarının arxasında durmaq? Ona zəifliyi yox, güclü olmağı diktə eləmək? Bunlar niyə nəzərə alınmır? Niyə bizdən susmağı, aciz olmağı tələb edirlər? Bir tikə çörəyə görə dəyərmi? Sizcə, ölümün yaşı elə-belə cavanlaşıb? Gənclər gənc kimi yaşaya bilmirlər, kişilər kişi kimi yaşaya bilmirlər. Hər şeyi içlərinə ata-ata axırda ya özlərini öldürürlər, ya infarkt keçirirlər, ya da pis vərdişlərə qurşanırlar. 
Yaradıcı insandan susmağı tələb eləmək ona ən böyük zərbəni vurmaqdır. Anamız, atamız, doğmalarımız bizi şəxsiyyət kimi qəbul edə bilmirlər. Öz arzularına, öz qorxularına qurban verirlər. 

…Bir dəfə anamla sözüm çəp gəldi, üstünə qışqırıb evdən çıxdım. Amma yol boyu düşünürdüm, görəsən, anam ağlamadı ki? Özümü söyə-söyə dayanacağa çatdım. Avtobusa mindim. Avtobusu vəhşi kimi sürən sürücüdən tutmuş, sərnişinlərə "tələsin, gecikirik" deyə qışqıran pul yığana kimi susdum. İşə çatana kimi dörd-beş qaqaş yaxınlaşdı, siqaret istədi, verdim, pul istədi, verdim. Susdum. Qızlara sataşan, söz atan, arxasınca düşən gədələri gördüm, susdum. İşə çatdım. Mənə iki fəhlənin işini gördürüb 250 manat maaş verən müdirin gəlib üstümə qışqırmağına susdum. İşdən çıxmağıma az qalıb. Zəng gəldi ki, işıq da, qaz da kəsilib. Evə çatdım. İşıq idarəsinə zəng vurdum, dedilər təmir gedir. Qaz idarəsinə zəng vurdum, dedilər müvəqqətidir. Susdum. Evə gələndə metronun başında 50 qəpiyə limon satan bibini polislər qovdu oradan. Baxdım, baxdım, susdum. 
Qalxdım, anamın yanına gəlib dedim ki, qurban olum, bağışla, duxum çatmır küçədə, işdə, orda-burda kiməsə səsimi qaldırmağa, sözümü deməyə, haqqımı tələb etməyə. Gücüm sənə çatır. Sən məni nə işdən çıxaracaqsan, nə tutub polisə aparacaqsan, nə şərləyib iş verəcəksən, nə də üstümə adam gətirib döydürəcəksən. Nə olar, bağışla!..

- Analar həmişə bağışlayır… Bəs xoşbəxt olmaq üçün, yəni, özünüz qəbul etdiyiniz kimi, düşüncənizdə, ağlınızda, ürəyiniz istəyən xoşbəxtliyə çatmaq üçün  nə etmisiniz? Ya da edirsinizmi? Çalışırsınız, amma alınmır?

- 7 il öncə kitabdan, incəsənətdən, mədəniyyətdən uzaq bir gənc idim. Bu haqda yazmışam. Cek Londonun “Martin İden”ini oxuyub ayıldım. Ki, həyat çayxanalardan, barlardan, qızlardan ibarət deyil. Ömrü bunlara xərcləmək axmaqlıq olar. Düşüncələrimi dəyişdim. 7 il qabaqkı mühafizəkarlıqdan, radikallığımdan, səthiliyimdən əl çəkdim. Yəni daima özümü dəyişməyə cəhd edən adamam. Amma mənimlə bitirmi? Mənim dəyişikliyimi doğmalarım qəbul edirmi? Susuram...

- "Eminquey" adı hardan ağlınıza gəldi? O boyda Azərbaycan yazıçılarından, şairlərindən, maşallah, o qədərdi ki, birinin adını "özünküləşdirmək" istəmədiniz?

- "Eminquey"lə bağlı o qədər gülməli suallar və tənqidlərlə rastlaşıram ki… Ay nə bilim, bu "quey" nədir, ay nə bilim, yazıçı Ernest Heminqueydən plagiatdır. Düzdür, təxəllüsümün ideyası Heminqueydən qaynaqlanır, amma mən bunu özümküləşdirmişəm. Qu "quyu" sözünün qısaldılmışıdır. "Ey" isə haraylama formasıdır. Yəni təxəllüsüm quyudan sizi haraylayan adamı xatırlatsın. Qaldı ki, niyə bu "quey" adıma bitişik yazılır məsələsinə, məncə, "filankəs filankəsoğlu"dansa, adla təxəllüsün birləşməyi daha cəlbedici və daha gözəldir.

- Bədbin olmağınızı heç istəmirəm. İnşallah, nə bilmək olar, bəlkə həyat gülümsəyəcək sizə… Sizin fotolarda gülümsədiyiniz kimi. Həm üzügülərsiz, həm də həyatdan, yaşayışdan gileyli. Bu gülüşün adı nədi o zaman? İstehzamı, rişxəndmi? 

- Öz tezisimi yaratmışam. Məzələnirəmsə, varam! Mənim gülüşlərim ironikdi. Çox az hallarda içdən gələn gülüş olur.

- Birbaşa soruşacam; nə vaxt evlənəcəksiz? 

- Bu sözlə aramda böyük uçurum yaranıb. Birincisi, evlənəcəyim qadının qarşıma çıxması lazımdır. Sevgi, güvən və s. kimi şeylər olmalıdır. Sonrası... qəliz məsələdir. Çünki Azərbaycanda iki gənc evlənməmişdən öncə, əvvəlcə bu iki gəncin ailələri evlənməlidir. Bizdə iki gənc yox, onların nəsilləri nikaha girirlər. Ailə qurmağı o qədər qəlizləşdiriblər ki. Yaş fərqini, boşanmışlığı, cehizi, pul-paranı gənclərin önünə Çin Səddi kimi ucaldıblar. Hünərin var, o səddi aş. 
“Sevəndə bax gör kimi sevirsən”, “Boşanmışdırsa, olmaz!”, “Yaşca səndən böyükdürsə, olmaz!” və s. Bu məntiqlə biz insanları gömrükdə yoxlanışdan keçirirmiş kimi yoxlayıb, sonra sevməliyik. Yaş fərqimiz çoxdursa, sevməyək. Ailə qurub boşanıbsa, sevməyək.
Başqalarının həyat təcrübələrini özünə mayak götürmək ən böyük xəstəliyimizdir. Başqalarının dedikləri, istədikləri bizim üçün əsas məqsəddir. Özümüz? Əşşi, ailə qur, sonra sevərsən də. Nə təəssüf ki, bu kimi düşüncələrin təzyiqi altında hələ evlənməyi düşünmürəm. Evlənsəm də, xoşbəxt olmayacam. Evləndiyim qadınla anam xoşbəxt olacaq, qohumlar xoşbəxt olacaq, mən yox… 



Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu