Neftin bazar qiyməti: “30 dollardan aşağı düşərsə...”- Manata təhlükə var?

Bəzi ekspertlər yaxın aylarda, ən uzağı, yeni ildə manatın növbəti dəfə ucuzlaşmacağını proqnozlaşdırırlar. İddialara görə, manat üzən məzənnəyə keçə bilər. Belə olan halda isə manat dollar qarşısında öz real qiymətinə gəlib çatacaq.
Yəni dolların bahalaşması fonunda manat yenidən dəyər itirəcək. 
Bu barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Pərviz Heydərov vəziyyəti belə şərh edib:

“Manatın dəyərini ABŞ dollarına görə 1,70 AZN səviyyəsində saxlayan və saxlaya biləcək yeganə amil neftin dünya bazarlarındakı qiymət səviyyəsidir. Bu, indiyədək də belə idi, gələcəkdə də belə olacaq.  Bunu birdəfəlik anlamaq lazımdır.

Neftin 1 barelinin qiyməti, çox deyil, cəmi 2-3 ay davamlı olaraq 30 ABŞ dollarından aşağı səviyyədə qalarsa, manat 1 ABŞ dollarına görə 1,70 AZN həddə tab gətirməyəcək.

Əvvəla, bunu təmin etməyə cəhd göstərmək özü bir boş siyasət sayılır. İkincisi isə  buna dövlətin və hökumətin real olaraq imkanı yoxdur.  Yəni 2014-2016-cı illərdəki kimi hökumətimiz valyuta bazarında sabitliyi saxlamaq məqsədilə milyardlarla vəsait saxlamaq  gücündə deyil.

Əslində belə bir niyyət də yoxdur. Çünki əvvəlki illərdəki siyasət özlüyündə səhv idi və bunu hökumət sonra başa düşdü. Odur ki, həmin siyasət bir də heç vaxt təkrarlanmayacaq.

Amma narahat olmağa dəyməz - neftin dünya bazar qiyməti yaxın perespektivdə 30 ABŞ dollarından aşağı düşən deyil. Bu, heç bir neft ölkəsinə sərf etmir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu