Belarusda mürəkkəb dövr başlayır: “Lukaşenko üçün çox çətin olacaq”


Ukrayna Belarusdakı mövcud vəziyyətə görə bu ölkə ilə arasındakı siyasi səviyyədə bütün rəsmi təmasları dayandırdı. Bunu Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bildirib.O deyib:
“Ukraynanın rəsmi qurumları ilə Belarus arasındakı təmasları dayandırdıq. Xarici İşlər Nazirliyi hazırda rabitə kanalı olaraq qalır, bu, müzakirə olunan bir sıra müəyyən məsələlər üçün olduqca dar bir kanaldır”.

Kuleba iki ölkə arasındakı ticarət əlaqələrinin dayanmadığını, bununla belə Kiyevin siyasi təmaslarda müəyyən fasilə verdiyini deyib.
Kuleba Ukraynaya geri çağırılmış Belarusdakı səfirinin tezliklə geri dönə biləcəyini istisna etməyib. Onun sadəcə məsləhətləşmələr üçün Ukraynada qaldığını bildirib.



Ukraynanın Belarusa münasibəti barədə “Sherg.az”a danışan politoloq Elxan Şahinoğlu düşünür ki, bundan sonra Lukaşenko üçün mürəkkəb dövr başlayır: 

“Belarusdakı seçkiləri Qərb ölkələri ciddi tənqid etdi. Bəziləri hətta bu prezident seçkilərini tanımadı. İndi də sanksiyalar haqqında fikir mübadiləsi gedir.  Lukaşenko hakimiyyətini qorusa belə, ondan ötrü çox çətin olacaq.

İndiyədək Ukrayna ilə münasibətlər normal idi. Amma seçkilərdən sonra Ukrayna da Avropa ölkələrinin siyahısına qoşuldu. Hazırda Belarusu dəstəkləyən yeganə ölkə Rusiyadır.

Bəlkə də, bir neçə il sonra sanksiyalar da müəyyən yumşalmalar ola bilər. Çünki Lukaşenkonun 26 illik hakimiyyəti dövründə belə hallar olub. Amma bu dəfə ehtimal çox azdır. İlk növbədə ona görə ki, müxalifətin ardıcıl mitinqləri davam edir.

Lukaşenko faktiki olaraq prezident kimi tanınmır və qəbul edilmir. Bundan sonra həm ölkəsini idarə etmək, həm də Avropa, həmçinin qonşu dövlətlər, o cümlədən Ukrayna ilə münasibətləri tənzimləmək, loyallaşdırmaq Belarus üçün çox çətin olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu