Görüş yerini dəyişmək olmaz - Kənan Novruzov yazır 

 Nazirlər Kabineti yanında Operativ Qərargahın bir müddət əvvəl keçirdiyi növbəti brifinqini maraqla izləmişdim. Cavabını gözlədiyim suallar çox idi. Bunlardan ən başlıcası isə ali məktəbdə tədrisin hansı formada başlanması məqamıydı...Məlum oldu ki, distant üsuldan yararlanacağıq. Yəni mart ayından etibarən getmədiyimiz universitetlərimizə daha bir müddət-qeyri-müəyyən zamanadək həsrət qalacağıq...

 Əlbəttə, verilən qərar insanların sağlamlığına və təhlükəsizliyinə hesablanıb. Üstəgəl təhsil ekspertlərinin də dediyi kimi, burada kiminsə subyektiv fikri yox, ictimai rəy, o cümlədən uzun müddət aparılan müzakirələr nəzərə alınıb. Təhsil eksperti Nadir İsrafilov sözügedən qərarı belə dəyərləndirir: “Verilən qərarlar kiminsə subyektiv mövqeyi deyil. Əksinə, təkliflər paketi təhsildə şəffaflıq, demokratiklik prinsipini nəzərə alınaraq ümumi ictimai rəy əsasında hazırlanıb. Hələ avqustun əvvəlində Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə onlayn görüş keçirilib.



Həmçinin sonrakı vaxtlarda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, rektorlar, özəl məktəb rəhbərləri, regionlardakı tələbə, şagird və valideynlərlə müzakirələr aparılıb, onların fikirləri öyrənilib, dövlət qurumları ilə məsləhətləşilib, ÜST-ün tövsiyələri nəzərə alınıb. Yəni verilən qərar ortaq məxrəcdir. Hər halda real vəziyyəti nəzərə almalıyıq.

Qərarlarda hansısa neqativ hal axtarmağa ehtiyac yoxdur. Bilməliyik ki, bu, dövrün tələbidir”.  Deməli, qərarı müzakirəyə çıxarmalı, mübahisə etməli deyil, əksinə, anlayışla qarşılamalıyıq. 

 Amma nə qədər çalışıramsa da, təəssübümü gizlədə, ört-basdır edə bilmirəm. Dörd il buranın bakalavr təhsil pilləsində oxuyasan, demək olar, hər gün eyni simaları görəsən.

İlk vaxtlar çətin olar, yeni mühitə alışmaq vaxt tələb edər. Amma qıraqdan müşahidə edərlər səni. “Elin gözü tərəzidir” prinsipinə əsasən “ölçərlər” səni, sınayarlar. İnandılarsa, etimadlarını qazandınsa yaxına buraxarlar. Anlayarsan ki, düşdüyün mühit təkcə bir fakültə deyil, həm də mehriban ailədir. Və onu da başa düşərsən ki, sən onların təkcə tələbəsi yox, eləcə də, nəvələri, oğulları, kiçik qardaşlarısan. Xeyli xoş xatirələr yaşayarsan.

Ayrılıq vaxtı çatana yaxın, bu mühitə yenidən qayıtmaqdan ötrü magistraturaya sənəd vermək qərarına gələr və ciddi-cəhdlə çalışdıqdan sonra arzuna çatar, həmin adamlarla həmin yerdə daha iki il keçirmək şansını əldə edərsən. Lakin məlum olar ki, magistrant kimi ilk təhsil gününə kompüter arxasında başlayacaqsan, müəllimlərinlə kilometrlə məsafədən danışacaqsan. Baxsan, gözlə görünməyən, harda olduğu bilinməyən, fəqət bütün dünyanı sınağa çəkməyə bacaran bir virusa görə (heç adını da çəkmək istəmirəm). 

  Yeni tədris ilinə bir aydan az vaxt qalıb. Asan olmayacağını bilirəm. Nə müəllimlər, nə də tələbələr üçün....

 ...İndi olduğu kimi, sentyabrın 15-dən etibarən də hər gün universitetin yanından keçib işə gedəcəm. Dəqiq bilirəm ki, elə ilk tədris günü gözüm yola ən yaxın olan tədris binasının-iki saylı korpusun üçüncü mərtəbəsinə sataşacaq. İşıqlı fakültəmin dəhlizində işıqlar yanılı olacaq. Müəllimlər həmişəkitək öz işləri ilə məşğul olacaq. Kimisi cari tədris ilinin dərs cədvəli üzərində çalışacaq,  kimisi mühazirələrinə son düzəlişlərini edəcək, kimisi də texniki vasitələrlə yeni tədris ilinə başlayanları salamlayacaq, onlara uğurlar arzulayacaq...Amma fakültəmiz əvvəlki kimi “qaynamayacaq”. Auditoriyalar bom-boş olacaq...Dəhizdə, otaqlarda bir nəfər tələbə də tapılmayacaq...

 Buna  baxmayaraq, təsəllim da olmamış deyil. Var. Birincisi, dediyim kimi, biz ailəyik və belə çətinliklər qarşısında təslim olmuruq. Başqalarında necə olduğunu bilmirəm, lakin Jurnalistika fakültəsində müəllim-tələbə kollektivi ötən aylar ərzində (martdan bəri) olduğu kimi, bundan sonra da ünsiyyətlərini itirməyəcək, daim əlaqə saxlayacaq, danışacaq, görüşəcəklər. Bir koronavirus bizim münasibətlərimizə xələl gətirməz. Bacarmaz. 
 Həm də ki, mütəxəssislər indiki qərarın dəyişilə biləcəyini də istisna etmirlər.

Elə yuxarıda adını çəkdiyim ekspert Nadir İsrafilov bu barədə deyir: “... Söylənilənlər hələ sadəcə nəzərdə tutulmuş ssenaridir. Sentyabrın 1-də Təhsil Nazirliyi yanında İctimai Şura beynəlxalq ekspertlərlə onlayn görüş keçirəcək. Ola bilsin, indi verilən qərarlara müəyyən əlavə və düzəlişlər edilsin...”. Deməli, hər şey özümüzdən asılıdır. Nizam-intizamlı və həmrəy olsaq, karantin qaydalarına bir nəfər kimi hamılıqla əməl etsək, görüş yerini dəyişməmək də mümkündür- sentyabrın 15-də minlərlə müəllim və tələbə ali təhsil müəssisələrinə tələsə bilər. Unutmayaq ki, görüş yerini dəyişmək olmaz.

 P. S: Yazıma nə cür bir sərlövhə seçim deyə, xeyli düşündüm. Qəfi yadıma düşdü: hələ üçüncü kursda ikən bizə “Qəzetdə praktik iş” fənnini tədris edən Könül xanımın (Könül Niftəliyeva) məşhur filmlə eyni adlı- “Görüş yerini dəyişmək olmaz” sərlövhəli resportajını maraqla oxumuşduq. Odur ki, həm də simvolik olaraq bu sərlövhədən istifadə etməyi qərara aldım.Axı  BDU-nun tələbə və məzunları heç vaxt müəllimlərini unutmur, onlardan nümunə götürürlər.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu