Həkim də, baytar da TƏSDİQLƏDİ: “Heyvandan insana xəstəliklər keçir” - Evdə saxlamayın !

Adil Qeybulla: “İnsanlar bruselyoz, toksoplazma, parazitar infeksiyalar, qurdlar və s. infeksiyalara yoluxa bilər”

Pərviz Hacıyev:“Bəzi xəstəliklər var ki, insana keçir və ona görə də heyvan vaxtında peyvənd edilməlidir”


Evdə it və pişik saxlamaq artıq dəbə minib. Lakin heyvan sahibləri bir çox hallarda bilmir ki, heyvanlardan onlara çox təhlükəli infeksiyalar keçə bilər. Xüsusilə yaşlı insanlar və uşaqlar risk qrupuna aiddir. Bu insanların immun sistemi zəif olduğu üçün heyvanlardan onlara düşən infeksiyalar ciddi fəsadlar törədə bilər. Ona görə də evdə heyvan saxlanmasını qınayanlar və bunu düzgün hesab etməyənlər az deyil. 

Bəzi psixoloqların qənaətincə, isə evdə heyvan saxlamaq nəinki yetkin adamlara, həmçinin uşaqlara həm yaxşı, həm də pis təsir göstərə bilər. Mütəxəssislərin əksəriyyəti düşünür ki, heyvanlar uşaqları cinayətdən çəkindirir. Lakin əsas məsələ evdə heyvan saxlamağın sağlamlığa göstərdiyi təsirlərdir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a bildirdi ki, heyvandan insana heyvan mənşəli infeksiyalar keçə bilər. Həkim qeyd edib ki, insanlar bruselyoz, toksoplazma, parazitar infeksiyalar, qurdlar və s. infeksiyalara yoluxa bilər:

“Ona görə də, heyvanlarla təmas zamanı gigiyenik qaydalara riayət etmək lazımdır. Doğrudur, bəzi heyvanların ətindən, südündən də həmin xəstəliklər keçə bilir. Ümumiyyətlə, evdə heyvan saxlamaq məsləhət görülmür. Evdə saxlanılan heyvanlar mütləq mütəmadi olaraq baytar nəzarətində olmalıdır. Hər hansı infeksiya aşkarlanarsa, müalicə olunmalıdır. Amma bir həkim kimi evdə heyvan saxlamağı qəti şəkildə məsləhət görmürəm”.

Bakı Baytarlıq İdarəsinin aparıcı həkimi Pərviz Hacıyev vurğulayıb ki, evdə heyvan saxlamaq gigiyenik qaydalara uyğun olmalıdır:

“Vaxtında yemək verilməli, peyvəndə aparılmalıdır. Bu, yalnız it, pişiyə yox, evdə saxlanan bütün heyvanlara, o cümlədən quşlara aiddir. Ayda 1-2 dəfə veterinar müayinə olmalıdır. Çünki heyvanlar ətrafda yaşayanlara ziyan törətməməlidir.

Xaricdə olduğu kimi, bizdə də qaydalara diqqət edənlər var. Elə insanlar var ki, heyvanı alıb sevgi ilə saxlayır. Elələri də var ki, sadəcə, məqsədi heyvan saxlamaqdır. Yemək üçün də onlara fərqinə varmadan nə olsa, verirlər.

Bəzi xəstəliklər var ki, insana keçir və ona görə də heyvan vaxtında peyvənd edilməlidir. Heç olmasa, 2 aydan bir qurd dərmanı verilməlidir. Bizdə,  ümumiyyətlə, bu sahədə laqeydlik var. Çünki heyvan xəstələndikdən sonra həkim axtarırlar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu