Erməni vandalizmi: “Tarixi izlərimizi silmək istəyirlər” - Müharibə...!

“Təhsil müəssisələri və  memarlıq abidələrimiz məhv edilir”

“Bircə yolumuz var- hərbi gücdən istifadə edib düşməni dayandırmalıyıq”


“Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib”.

Bu məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi  9 sentyabr- Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə açıqlamasında bildirib. Həmçinin vurğulanıb ki, etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlılar, o cümlədən məktəblilər, tələbələr və müəllimlər Ermənistandakı doğma torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salınıblar.

On minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün düşmüş oğlan və qızlar, bu vəziyyətdən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqlarını həyata keçirməyə davam edirlər.



Düşmən vandallığının növbəti bariz nümunəsi barədə millət vəkili Elman Məmmədov “Sherg.az”a danışıb: 

“Bu, yeni statistika deyil. Ermənilər işğalın ilk günlərindən etibarən bizim tikililəri dağıdırlar. Nəinki təhsil müəssisələri, həmçinin memarlıq abidələrimiz də məhv edilir. Səbəb isə məlumdur - tarixi saxtalaşdırmaq, azərbaycanlıların Dağlıq Qarabağdakı izlərini itirmək. Odur ki, bu günədək bizə aid nə varsa talayır, başqa yerlərə daşıyırlar.

Otuz ildir bəyanatlar verir, məlumatları yayırıq. Lakin nəticəsi yoxdur. Düşmən işğalçılıq siyasətindən əl çəkmir. Deməli, bizim bircə yolumuz var- hərbi gücdən istifadə edib düşməni dayandırmalıyıq. Bundan sonra tarixi abidələrimiz də, məktəblərimiz də bərpa olunacaq”. 

 E.Məmmədov, həmçinin vurğulayıb ki, islam ölkələri bu haqsızlıqlara səssiz qalmamalıdır: 

“Ermənilərin işğalı barədə belə statistik məlumatlar ilk deyil. Biz daim beynəlxalq təşkilatlara, o cümlədən UNESKO-ya, ATƏT-ə, AŞ-a, BMT-yə müraciət etmişik, narahatlığımızı çatdırmışıq.

Eyni zamanda İslam İnkişaf Təşkilatının bütün tədbirlərində Prezidentimiz məsələni gündəmə gətirib. Düşmənlərimizin məscidlərimizdə donuz saxladıqları və beləliklə, dinimizi təhqir etdikləri məlumdur.

Amma özlərini müsəlman ölkəsi kimi təqdim edənlər düşməni dəstəkləyirlər. Dövlət başçımız İran İslam Respublikasının Azərbaycana təyin olunmuş yeni səfirini qəbul edərək bu məsələni növbəti dəfə gündəmə gətirdi. Gərək islam dövlətləri nəticə çıxarsınlar, həqiqəti anlasınlar”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu